Sənə mən siz deyərəmsə…

Fedai.az Baba Pünhanın şeirini təqdim edir

Sənə mən siz deyərəmsə, özümə bizmi deyim, 

O böyük Tanrıya sən, bəndəsinə sizmi deyim?  

Nə qədər ki, özümüzdən özümüz bixəbərik, 

Özümə mənsiz, əzizim, sənə sənsizmi deyim? 

Bilən heç kimliyini dəhrdə bir kim sayılar, 

Bunu dərk eyləməyən insana acizmi deyim?

Ayaq altında salar iz, deyilən söz havada, 

Biri vardır, biri yox, iksinə də izmi deyim? 

Qara gündən ağaran saqqala, Pünhan, görəsən, 

Ağaran üzmü deyim, ya gecə-gündüzmü deyim?…

Bu xəbəri paylaşın: