Prezident İlham Əliyev fevral 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə ölkəmizin başçısı bir çox vacib məsələlərlə bağlı mühüm mesajlar səsləndirib. Sözsüs ki, bu gün Almaniya ilə Azərbaycan arasında münasibətlərin müsbət inkişaf dinamikası müşahidə edilir. Bu xüsusda Azərbaycan-Almaniya ikitərəfli münasibətləri iqtisadi əlaqələrin müstəvisində daha çox önə çıxır. Hazırkı dövrdə isə bəzi Qərb dövlətləri və təşkilatlarının Azərbaycana qarşı qərəzli və bitərəfli mövqeyinə baxmayaraq Almaniya proseslərə neytral yanaşma sərgiləyir. Rəsmi Berlin Avropanın digər ölkələrindən və xüsusilə də Fransadan fərqli olaraq proseslərə balanslı yanaşır, məhz bunun kontekstində də Azərbaycanla münasibətlərin qorunub saxlanılmasına böyük diqqət ayırır.
Bunu Fedai.az-a Milli Məclisin deputatı Aqil Məmmədov deyib.
O qeyd edib ki, cənab Prezident İlham Əliyev də Almaniya nümayəndə heyətini qəbul edərkən beynəlxalq hüquq normalarının Azərbaycanın tərəfində olduğunu bir daha xatırladıb: “Bu nöqteyi-nəzərdən Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təmin etməsinə qarşı olan yanaşmalar tamamilə əsassız və qərəzlidir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmayıb. Sözsüz ki, ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Əsas hədəf olaraq da anti-Azərbaycan siyasəti və bu istiqamətə yönəlmiş səlibçi bir “təfəkkür” formalaşdırılıb. Cənab Prezident Jozef Borrelin (Avropa Birliyinin xarici siyasət xidmətinin rəhbəri) Azərbaycanla bağlı qərəzli mövqeyinə toxunarkən də bu mövzudan bəhs edib. “Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Bu məlumat həqiqəti əks etdirmir. Azərbaycanın belə bir planları yoxdur. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlaşması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanır” – deyə cənab Prezident Azərbaycan ətrafında yaradılan qərəzli informasiyaların heç bir əsasa malik olmadığını bir daha vurğulayıb”.
Millət vəkili xatırladıb ki, Azərbaycanla Ermənistan arasındakı şərti sərhəddə 2023-cü ilin sentyabrındakı ciddi gərginlikdən sonra bu ilin fevralınadək olan dövrdə vəziyyət sakit olub: “Bu ilin fevral ayında erməni tərəfi təxribata əl atıb və buna da layiqli cavab verilib. Ermənistanın təxribatlarına və pozucu fəaliyyətlərinə baxmayaraq Azərbaycan sülh prosesinə sadiqdir. II Qarabağ müharibəsi başa çatdıqdan sonra da Azərbaycan sülh danışıqları təşəbbüsünü irəli sürüb. Reallıq isə odur ki, Azərbaycan əraziləri 30 il Ermənistanın işğalı altında qalıb. Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazilərinin 20 faizi işğal edilib. Ərazilərdə böyük dağıntılar, vandallıq, barabarlıq siyasəti həyata keçirilib. Məhz bu təcavüzkar siyasətin nəticəsi olaraq 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Ermənistan isə bu müddətdə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən humanitar normalara belə riayət etməyib. Bu faktlar ortada ola-ola Azərbaycana qarşı Avropa institutları tərəfindən növbəti dəfə ayrıseçkilik olunur. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra Avropa Şurası Parlament Assambleyası (AŞPA) ölkəmizin nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə əsassız, heç bir mahiyyətə söykənməyən “qərar” qəbul edib. Ölkəmizin başçısı da vurğulayıb ki, bu “qərar” Almaniya parlamentinin üzvünün təşəbbüsü ilə qəbul olunub və o şəxs kansler Olaf Şoltsun rəhbərlik etdiyi partiyanın üzvüdür”. Təbii ki, burada əsas məqsəd Azərbaycan haqqında bilərəkdən mənfi təəssürat yaratmaqdan ibarətdir”.
Aqil Məmmədov hesab edir ki, bütün bunlara baxmayaraq Azərbaycan öz haqqını sona kimi qorumağı bacaran güclü dövlətdir: “Cənab Prezident də bildirib ki, “Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik”. Azərbaycan davamlı inkişaf edən ölkədir. Ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir. Azərbaycan Ermənistanın 30 illik işğal faktının acı nəticələrini aradan qaldırmaqla məşğuldur. Cənab Prezident də qeyd edib ki, “1991-ci ildə Azərbaycan öz müstəqilliyini yenicə bərpa etdiyi vaxtda Ermənistanın ölkəmizə qarşı təcavüzü ilə üzləşdi və müstəqilliyin bərpasından 4 ay sonra ermənilər Xocalı soyqırımını törətdilər. Yüzlərlə şəhər və kəndimizi işğal etdilər, oraları dağıtdılar”. Çox təəsüf ki, bu 30 illik müddətdə özlərini beynəlxalq birlik adlandıran Fransa, ABŞ və Rusiya – ATƏT-in Minsk Qrupunun həmsədrləri kimi ədalətin bərpa olunması üçün heç bir addım atmadılar. Azərbaycan öz torpaqlarını azad etməyə başlayanda bu üç ölkə ölkəmizə təzyiqlər göstərməyə başlayıb. Artıq Rusiya proseslərin nədən ibarət olduğunun fərqindədidr. ABŞ və Fransanın eyni yanaşmanı sərgiləməsi gözlənilir. Bunun əksinə olacaq proseslər həmin ölkələr üçün heç nə vəd etmir. Cənubi Qafqazın aparıcı ölkəsi olan Azərbaycanla münasibətləri normallaşdırmaq bu kontekstdə əsas şərtdir”.