1912-ci il dinlərin elmi araşdırması sahəsində önəmli bir il hesab edilir. Emile Durkheim ”Formes élémentaires de la vie religieuse” kitabını nəşr etdi və Wilhelm Schmidt ”Ursprung der Gottesidee” əsərinin birinci cildini tamamladı, kitabın sərasər ərsəyə gəlməsi üçün hələ bir qırx il də tələb olunacaqdı. 1912-ci ildə Raffaele Pettazzoni ilk önəmli monoqrafı ”La religione primitiva in Sardegna” və Carl G. Jung ”Wandlungen und Symbol der Libido” kitabını işıq üzünə çıxardı. Sigmund Freud da ”Totem und Tabu” kitabındakı arqumentlərini bir daha nəzərdən keçirirdi və növbəti il kitabını çap edəcəkdi.
“Animizm”
Bu çalışmalarda dinlərin tarixi ilə bağlı dörd fərqli yanaşma izlənirdi: sosioloji, psixoloji, etnoloji və tarixi. Çox qəribədir ki, Pettazzoni’dən savayı bu alimlərin heç biri tarixçi deyildi. Buna baxmayaraq Freud, Jung, Durkheim və Schmidt iyirminci əsrin ruhunda dərin iz buraxmış şəxslər oldular. Onların din tarixləri, dinlərin formalaşması haqqındakı fikirləri insanların zehnlərini ciddi bir şəkildə məşğul etməyi bacardı. 1900 və 1912-ci illər arasında Almaniyada dinlərin mənşəyi haqqında ortaya çıxan teoriyalar biləvasitə və ya dolayı yolla Edward Burnett Tylor’in animizm teoriyasından asılı idi. Tylor 1871-ci ildə nəşr etdiyi ”Primitive Culture” kitabında ilkin dini inancın animizm olduğunu müdafiə edir və bu inanc bütün təbiət varlıqlarının ruhani mahiyyətə malik olduğunu nəzərdə tutur.
”Primitiv” insanların xətalı inancı
Təbii ki, iddiaya görə ”primitiv” insanların bu inancı xətalı idi, çünki onlar orqanizmlərin təbii proseslərini dərk edə bilmədikləri üçün buna inanırdılar və bu teoriyaya görə bütün dinlərin öz mənşəyini bu animizm inancından götürür. R.R. Marett 1900-cu ildə ”Preanimistic Religion” məqaləsini nəşr edərək bu teoriyanı rədd edirdi və ona görə animizmdən öncə də dini inanclar mövcud idi.
Ona görə dinin başlanğıcı qeyri rasional faktorlarla, əsasən də qorxu ilə bağlı idi. Təbiət hadisələrini izah etməkdə aciz olan insanlar onu fövqəltəbii qüvvələr ilə əlaqələndirirdilər. Marett’in bu fikri bir çox pozitivist dairədə şöhrət qazanmışdı. Willhelm Mannhardt, Max Müller və Andrew Lang kimilərin də müdafiə etdiyi teoriya naturizmin tərifinə daxildir. Bunlara görə izah edilə bilinməyən təbiət hadisələrindən formalaşmış inanclar dinlərin əsasını təşkil edirdi.
“Genetik Səfsətə”
Ateistlərin, deistlərin dindarlarla müzakirəsində istifadə etdikləri arqumentlər bu nəzəriyyələrdən çıxarılmış bəzi primitiv arqumentlərdir. Ateistlərin gətirdikləri ən zəif, ən uğursuz arqumentlərdən biri də dinin mənşəyini bu teoriyalarla izah edərək dini inancların xəta olduğunu sübut etməyə çalışmasıdır. Ciddi bir dindar filosofun qarşısında belə bir arqument səsləndirildikdə əlbəttə ki, o, bunun klassik bir səfsətə olduğunu söyləyəcək. Daha çox “genetik səfsətə” adı ilə tanınır, buna “mənşə səfsətəsi” adını da verə bilərik. Bu arqumentin boş bir arqument olduğunu bir neçə bənddə izah etmək olar:
• Hər şeydən əvvəl anlamaq lazımdır ki, bunlar sadəcə olaraq dini skeptiklərin, pozitivist ateistlərin irəli sürdükləri nəzəriyyələrdir, fakt deyillər. Biz dinlərin bu cür əmələ gəlməsi fikri ilə razı deyilik. Bizə görə insan övladının bu gün həyat, kainat haqqında verdiyi sualları erkən insanlar da veriblər. Zira həyatı dərk etmək hər zaman insanın ən müqəddəs arzusu olub.
Davam edirik
• Hətta bu fikirlərin doğru olduqlarını qəbul etsək belə yenə də bu, dini inancların xəta olduğunu isbat etməz. Bunun klassik bir misalı budur ki, bəzi təbii ədvaların sehrli qüvvələrə sahib olması inancından çıxış edilərək onların insan sağlamlığına xeyrli olduğuna inanıblar. Bu gün biz həmin dəvaların təsir etmə mexanizmini daha yaxşı anlayırı. Lakin qədim insanların vardıqları nəticənin doğru olduğunu təsdiqləyirik. Yəni onların sehir inancını inkar edirik, lakin onların təsir etmə qüvvəsini inkar etmirik.
• Üstəlik bu nöqtədə naturalistik izah ilə teistik izah arasında bir ziddiyyət yoxdur. John Lennox’un sualı bu məqamda yerinə düşür: ”Sobanın üstündə su nə üçün qaynayır?” soruşduqda bir kimsə belə bir cavab verə bilər: “Sobada formalaşan atomların/molekulların hərəkəti formasındakı enerji metal ilə təmas vasitəsi ilə suya keçir və suyun molekullarını xaotik hərəkata keçir, beləliklə də su qaynayır və buxarlanır.” Belə bir izah naturalistik bir izahdır. Bir digər kimsənin bu suala cavabı – “çünki kiminsə könlü çay içmək istəyib” – şəklində olarsa bunun da xəta olduğunu deyə bilməyəcəyik, əksinə bu da tamamilə doğru bir cavab olacaq. Bu iki izah bir-birini rədd etmir, əksinə bir-birini tamamlayır.
“Mənşə səfsətəsinin” bir başqa forması
“Pakistanda doğulsaydın müsəlman, Vatikanda doğulsaydın katolik olacaqdın”
Bu “mənşə səfsətəsinin” bir başqa forması isə insanların fərqli coğrafiyalarda doğulmaqları ilə sahib olduqların inancı əlaqələndirməkdir. Adətən Richard Dawkins kimi bəsit düşüncəli ateistlər ”Pakistanda doğulsaydın müsəlman, Vatikanda doğulsaydın katolik olacaqdın” cümləsi ilə bir arqument səsləndirirlər. Bu da “genetik səfsətənin” bir misalıdır. Əgər bir kimsə müsəlman ölkəsində doğulduğu üçün müsəlman olursa bu heç də müsəlmanlığın xəta olduğunu sübut etməz. Əgər kimsə 1930-larda Danimarkada kvant fizikasını öyrənsəydi çox ehtimal ki, Niels Bohr’un “Kopenhagen” izahını müdafiə edəcəkdi.
Biz bu gün bu izahlardan hansının doğru olduğunu deyə bilmirik, lakin qəbul edirik ki, tələbələrin bu izahları qəbul etməsində yaşadıqları coğrafiyanın, oxuduqları universitetlərin və izlədikləri mentorların böyük rolu vardır. Klassik Yunanıstanda doğulan biri çox ehtimal ki, kainatın başlanğıcsız olduğuna, əzəli olduğuna inanacaqdı və eyni zamanda Kənan torpaqlarında doğulan biri isə Kainatın bir başlanğıcının olduğuna inanacaqdı. Bu gün biz bilirik ki, müasir kosmologiya kainatın bir başlanğıcının olduğunu sübut edir. Ona görə də bir ərazidə doğulmanın hansısa bir inanc sisteminə bağlı olma şansını artırması həmin inanc sisteminin xətalı olmasını sübut etməz. Bunun əksinə inanmaq “məntiqi bir xətadır”, bir başqa sözlə səfsətədir.