General-mayor Namiq İslamzadə Hərbi Hava Qüvvələrinə komandan təyin edilib.
Fedai.az yeni komandanın dosyesini təqdim edir:
Namiq İslamzadə 7 may 1974-cü ildə Bərdə rayonunun Yeni Daşkənd kəndində anadan olub. 1981-88-ci illərdə Bakı şəhəri Hövsan qəsəbəsindəki 76 nömrəli orta məktəbində, 1988-91-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi liseydə oxuyub. 1991-ci ildə Minsk Ali Hərbi Siyasi Ümumqoşun Məktəbinə qəbul olub, 1992-ci ilin aprel ayına qədər həmin məktəbdə təhsil alıb. SSRİ dağıldıqdan sonra Azərbaycana qayıdıb, 1992-ci ilin sentyabr ayına qədər Bakı Ali Hərbi Birləşmiş Komandanlıq məktəbində təhsil alıb. 1992-ci ilin sentyabr ayında təhsilini davam etdirmək üçün Türkiyə Respublikasının Ali Hərbi Təyyarəçilik Məktəbinə göndərilib və 1996-cı ildə həmin məktəbdən təyyarəçi ixtisası üzrə məzun olub.
Namiq İslamzadə 2016-cı ildən Azərbaycan Silahlı Qüvvələrinin Kürdəmir rayonunda yerləşən «N» saylı hərbi hissəsində xidmət edib.
Polkovnik Namiq İslamzadəyə Azərbaycan Prezidenti İlham Əliyevin 7 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, «general-mayor» ali hərbi rütbəsi verilib.
2019-21-ci illərdə Azərbaycan Hərbi Hava Qüvvələri komandanın aviasiya üzrə müavini — aviasiya rəisi vəzifəsində xidmət edib və 2021-ci ilin sentyabr ayında Hərbi Hava Qüvvələri komandanının müavini — hava döyüş komandiri vəzifəsinə təyin olunub.
2024-cü il may ayının 18-dən etibarən Azərbaycan Hərbi Hava Qüvvələrinin komandanı təyin olunub.
İngilis və rus dillərini bilir.
Namiq İslamzadə Azərbaycan Prezidenti İlham Əliyevin 24 iyun 2005-ci il tarixli 860 nömrəli Sərəncamına əsasən, «Hərbi xidmətlərə görə» medalı ilə, 25 iyun 2008-ci il tarixli 2905 nömrəli Sərəncamına əsasən, «Azərbaycan Bayrağı» ordeni ilə, 25 iyun 2020-ci il tarixli 2127 nömrəli Sərəncamına əsasən, «Vətən uğrunda» medalı ilə təltif edilib.
9 dekabr 2020-ci ildə İslamzadə Namiq Sərəfruz oğluna «Vətən Müharibəsi Qəhrəmanı» adı verilib.
«Füzulinin azad olunmasına görə», «Xocavəndin azad olunmasına görə» medalı ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə Heydər Əliyevin 100 illiyi (1923-2023)» yubiley medalı ilə təltif edilib.