YOLUN MÜBARƏK, ƏDƏBOĞLU

(Böyük savaş adamı, Qarabağ qazisi, dəyərli yazar Xaqani Ədəboğlu Rzaqulubəyə)

Əllərin üşüyürmü,
üşüyürmü, Ədəboğlu,
şəhid barmaqlarının həsrətinə?
Ürəyin üşüyürmü,
üşüyürmü, Ədəboğlu,
savaşlarda itən gəncliyinin
xiffətinə?
Sən, ağ göyərçin kimi doğulmuşdun,
Qarabağın günəşi qucaqlayan
bir ocağında,.
Ömrünün çiçək vaxtında
keçdin içindən qışların ,
öpdün gözündən daşların,
atdın könlünü içinə
Vətən üçün savaşların.
Görürsənmi,
şəhid barmaqlarının qanı
illər sonra
çiçəklər, güllər bitirdi,
böyük bir zəfər bitirdi, Ədəboğlu.
O şəhid barmaqların
hünər işığında oğullar böyüdü,
igidlər doğuldu,
itmiş qürura qarışıb, qeyrət kimi
təzədən yoğruldu, Ədəboğlu.
O vaxt yazan əllərin
vuran əllərinə əsir düşdü,
xəyallarında yaşayan arzular
səninlə birgə döyüşdü,
Qarabağ dağlarında.
Sən duyğu adamıykən,
savaş adamı oldun,
Turan sevdalı bir savaş adamı.
Eh, Vətən adı gələndə
yağılara nifrəti ürəyi daş edərmiş ,
ürəyi daş, — adamı.
Böyük arzuların yolunda
sən sözünü demişdin,
içindəki düzünü demişdin,
savaşda heykəlləşən,
şəhid barmaqlarının diliylə.
İndi təzə savaşın içindəsən,
indi böyük istəklərin köçündəsən,
Vətən adına.
Ər döyüşünə ər gərək,
nər döyüşünə nər gərək,
böyük sevdaları yaşamağa
səndəki təpər gərək.
Şəhid barmaqlarının
yolu mübarək, Ədəboğlu!

 Elbariz Məmmədli

Bu xəbəri paylaşın: