Xüsusi müxbir: Telman Əliyev

AVMVİB Şirvan şəhər şöbəsinin sədri Babək Ədilov, Mətbuat Günü münasibətiylə jurnalistləri, xüsusən də Fedai.az və Veteran.az saytının könüllülərini təbrik edərək, Azərbaycan jurnalistikasında tanınmış Telman Əliyevi rəhmətlə anıb. Ailəlikcə yaxın olduğu və ömrünü bu sənətə həsr etmiş Telman Əliyev jurnalist kimi örnək bir ömür yaşayıb.

AVMVİB Şirvan şəhər şöbəsinin sədri Babək Ədilovun təqdim etdiyi bir fotonu və mərhum jurnalistin işlədiyi «Kommunist», indiki «Xalq» qəzetində ona həsr olunmuş 2009-cu ildə dərc olunan «Xüsusu müxbir» məqaləsini təqdim edirik:

XÜSUSİ MÜXBİR

Azərbaycan mətbuatında öz imzası və şəxsiyyəti ilə seçilən peşəkar jurnalistlərdən biri olan Telman Əliyevin 70 yaşı tamam olur. Elə bəri başdan deyək ki, Telman müəllimi jurnalistikada bəxti gətirən çox az həmkarlarımızdan hesab etmək olar. O hələ tələbə ikən anadilli mətbuatımızın şəriksiz lideri olan və bu il 90 illik yubileyi qeyd edilən “Xalq qəzeti” (o vaxt “Kommunist” adlanırdı) ilə əməkdaşlığa başlamışdır. İstedadı və işgüzarlığı ilə redaksiya rəhbərliyinin etimadını qazanmış, bunun nəticəsi kimi universiteti bitirdikdən sonra burada işə götürülmüşdür. O vaxtdan 45 il keçir. Deməli, 90 yaşlı “Xalq qəzeti” keçdiyi şərəfli yolun tən yarısını Telman Əliyevlə birgə qət etmişdir.

Hətta öz imzaları ilə kifayət qədər tanınmış, təcrübəli jurnalistlər üçün də əlçatmaz qalan belə mötəbər kollektivə asanlıqla düşməsinin təfərrüatını açıqlamasını xahiş etdikdə Telman müəllim özünə xas təvazökarlıqla bildirdi:

— Sadəcə, bəxtim gətirdi. Hər şey bir təsadüfdən oldu. “Kommunist” qəzetinin şöbə müdiri, redaksiya heyətinin üzvü, rəhmətlik Nəriman Zeynalov o vaxtlar universitetdə jurnalistikadan dərs deyirdi. Onun qeyri-adi pedaqoji metodu vardı, praktik məşğələlərə daha çox yer ayırırdı. Nəriman müəllim bir dəfə dərs zamanı bizə dedi:

— Kitab-dəftəri qoyun bir kənara, partanın üstündə bir qoşa vərəq və bir də qələm qalsın. Tam sərbəstsiniz, kim hansı mövzunu istəyir, seçib yaza bilər. Bir saat vaxtınız var. İmzanızı yazmayın, sadəcə, bir işarə qoyun ki, sonra öz yazınızı tanıya biləsiniz. Bu, sizin təxəyyülünüzə, qabiliyyətinizə bir baxış olacaq. Haydı, başlayın…

Sözün doğrusu, nədən başlayacağımı, hansı mövzunu yazacağımı kəsdirə bilmirdim. Arabir gözucu yaxınlıqda əyləşənlərə baxırdım. Hamı vur-çatlasın döşəyirdi, bir çoxu hətta ikinci vərəqə keçmişdi. Müəllim cərgələrin arası ilə gəzərək kimin necə yazmasına nəzarət edirdi. Mənim yanımdan keçəndə qarşımdakı boş vərəqə baxıb gülümsündü, amma bir söz demədi. Mən isə auditoriyanın pəncərəsindən küçəyə boylanır, hansı mövzudan başlamağı götür-qoy edirdim. Səhər tezdən başlanan payız çiskini getdikcə güclənirdi. Küçədən təkəm-seyrək gedib-gələnlər islanmamaq üçün tələsirdilər. Bayaqdan ağacın çətiri altında yağışdan daldalanan qız tez-tez saatına baxırdı. Bu vaxt bir oğlan qaçaraq ona yanaşdı və əlindəki çiçək dəstəsini qıza uzatdı. Qız əsəbi şəkildə nəsə deyib oradan uzaqlaşdı. Oğlan isə inamsız addımlarla yavaş-yavaş onun dalınca getməyə başladı…

Gördüyüm bu mənzərə məni elə tutdu ki, istər-istəməz özümü həmin gəncin yerində hiss etdim. Və bir də gördüm ki, bu hisslər vərəq üzərində sətirlərə çevrilir:

“Çiçək tapa bilmədim,

Görüşünə gecikdim.

Bağışla, sevgilim, məni bağışla,

Səni qoydum yağışda,

Bağışla…”

Həyatımda birinci dəfə idi ki, fikirlərimi nəzmə çəkirdim. Özüm də yaxşı bilirdim ki, bədii cəhətdən qüsurludur, qafiyələr yerində deyil. Amma, heç nəyi yazmamaqdansa, duyğumu təqdim etməyi qərara aldım…

Növbəti dərsi Nəriman müəllim həmin yazıların təhlilinə həsr etdi. Üstdəki vərəqi götürüb oxumağa başladı. Mənim yazım idi. Soruşdu ki, müəllifi kimdi? Utana-utana ayağa qalxdım. Fikirləşdim ki, yəqin, məni biabır edəcək. O isə:

— Xoşum gəldi, əsl mənzərə yaratmısan, — dedi…

Həmin hadisədən sonra Nəriman müəllim Telman Əliyevi “Kommunist” qəzeti ilə əməkdaşlığa dəvət edir. Dərsdən sonra o, redaksiyaya gedir və şöbələrin işinə kömək edir, bəzən də tapşırıqlar alıb, materiallar hazırlayır. Bir dəfə nahar fasiləsi zamanı daxili telefon səslənir. Şöbədə heç kəs olmadığı üçün Telman dəstəyi götürür. Zəng edən redaktor İsrafil Nəzərov olur. Tapşırır ki, şöbənin əməkdaşları nahardan qayıdan kimi, yanıma gəlsinlər. Sonra isə əlavə edir ki, sən də gələrsən.

Nahardan sonra redaktor onlara bildirir ki, SSRİ-nin ikinci kosmonavtı German Titov kosmosa uçmuşdur. Göstəriş var ki, əmək kollektivləri bununla əlaqədar mərasimlər keçirsinlər və mətbuat da onu geniş işıqlandırsın. Sabaha xüsusi nömrə buraxırıq. Hərəniz bir təşkilata, müəssisəyə gedin, materiallar axşamadək hazır olmalıdır…

Kalinin adına Bakı cihazqayırma zavodundan reportaj hazırlamaq Telman Əliyevə həvalə olunur. Bilavasitə redaktordan ilk dəfə belə məsul tapşırıq almaq tələbə-jurnalisti fərəhləndirsə də, məsuliyyətin ağırlığını yaxşı dərk edir. Adətən, belə tapşırıqlar ştatdankənar müxbirlərə həvalə olunmurdu. Deməli, redaktor ona inanır. Görəsən, bu inamı doğrulda biləcəkmi? Bu narahatlıqla o, müəssisədə keçirilən tədbirdə iştirak edir və reportaj hazırlayaraq hamıdan tez redaktora təqdim edir. Ertəsi günü həmin reportajı “Kommunist” qəzetinin səhifəsində görəndə gözlərinə inanmır. Sevincdən uçmağa qanadı olmur. Beləcə, gənc jurnalistin respublikanın baş qəzetində işə götürülməsi üçün gözəl şans yaranır. Telman Əliyev 1964-cü il avqustun 1-dən etibarən “Kommunist” qəzeti redaksiyasında 90 manatlıq maaşla ədəbi işçi vəzifəsinə qəbul edilir.

Yeddi ilədək şöbədə işlədikdən sonra o, qəzetin Mil — Muğan zonası üzrə xüsusi müxbiri təyin olunur. On dörd il həmin bölgədə işləyir, sonra Naxçıvan Muxtar Respubilkasına, daha sonra ardıcıl olaraq Lənkəran — Astara, Şirvan, Şəki — Zaqatala və Quba — Xaçmaz bölgələrinə xüsusi müxbir göndərilir. Bütövlükdə, respubilkanın əksər bölgələrində 30 ildən çox xüsusi müxbir işləyən Telman Əliyev artıq şəkkizinci ildir ki, redaksiyanın sosial problemlər şöbəsinin əməkdaşı vəzifəsində çalışır. Bununla belə, hamı onu redaksiyanın xüsusi müxbiri kimi tanıyır.

“Xüsusi müxbir” vəzifəsindən söz düşmüşkən, keçən əsrin 70-ci illərində Azərbaycan Dövlət Universitetində müəllimimiz, professor Qulu Xəlilovdan eşitdiyimiz bir söhbəti xatırladım: Xalq yazıçısı Əli Vəliyevdən soruşurlarki, Əli müəllim, nə əcəb bir yaxşı vəzifəyə getmirsiz? Cavab verir ki, döşümə yatan iki yaxşı vəzifə var — biri Ali Sovetin sədridi ki, onu Süleyman (xalq şairi Süleyman Rüstəm — Q.P.) özəlləşdirib. O biri isə “Kommunist”in xüsusi müxbiridir ki, o da mənlik deyil. Əvvəla, yaş o yaş deyil, digər tərəfdən isə yeddi ildən çox — 42-nin mayından 49-un oktyabrınadək həmin qəzetin redaktoru olmuşam, məni düzgün başa düşməzlər.

Əli müəllimin sözünə diqqət yetirək: Görkəmli yazıçı hər hansı bir qəzetin (o vaxtlar yerlərdə “Bakinski raboçi”nin, “Sovet kəndi”nin, mərkəzi qəzetlərin də xüsusi müxbirləri vardı), yaxud teleradionun xüsusi müxbiri yox, məhz “Kommunist” qəzetinin xüsusi müxbiri vəzifəsini vurğulayıb.

Doğrudan da, bu qəzetin xüsusi müxbirləri böyük nüfuz sahibi idilər. Hər jurnalisti xüsusi müxbir göndərməzdilər, yüz ölçüb — bir biçərdilər. “Kommunist”in xüsusi müxbiri vəzifəsinə təyinat üçün Azərbaycan KP MK-nın bürosunun razılığı olmalı idi. Hər xüsusi müxbir bir zonaya — təqribən 7-8 rayona təhkim olunurdu. O, gecə-gündüz çalışır, rahatlıq nə olduğunu bilmir, qəzetə operativ və obyektiv materiallar hazırlayıb təqdim edirdi. Daim insanların arasında olur, onların dərd-sərini, arzu və təkliflərini öyrənir, vaxtaşırı qəzetdə problem materiallarla çıxış edirdi.

Lakin insanlar müxtəlif xarakterli olduğu üçün hərə öz vəzifəsini bir cür icra edirdi. Elə xüsusi müxbirlər vardı ki, təhkim olunduqları bölgədə xof və qorxu yaratmaq hesabına işlərini qururdular. Elələri vardı ki, hər şeyə biganə yanaşır, yalnız öz mənafeyini düşünürdülər. Belələri gec-tez tanınır, geri çağrılırdı. Elələri də vardı ki, haqqı, ədaləti həmişə gözləyir, obyektiv mövqedən çıxış edirdilər. Belələri həm bölgələrdə, həm də işlədikləri kollektivdə hörmət-izzət sahibi olurdular. Telman müəllim sonuncu kateqoriyadan olan müxbirlərdən idi:

— Başqa cür işləməyə mənim mənəvi haqqım da yox idi. Əvvəla, mən çox mötəbər bir kollektivi təmsil edirdim və bununla həmişə fəxr etmişəm. Ümumiyyətlə, bütün fəaliyyətim boyu qəzetimizin adına zərrə qədər də ləkə gətirəcək hərəkətə yol verməmişəm. Digər tərəfdən, mənim xüsusi müxbirlik fəaliyyətimin çox hissəsi ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrünə təsadüf etmişdir. Keçən əsrin 70-80-ci illəri respublikada, sözün həqiqi mənasında, güclü inkişaf, quruculuq, mənəvi-psixoloji sağlamlaşma dövrü idi.

O vaxt mən Mil — Muğan zonasında işləyirdim. Heydər Əliyevin regionlara ənənə şəklini almış səfərləri, orada keçirdiyi istehsalat müşavirələri, yerli əhali ilə görüşləri böyük canlanma və təbəddülat yaradırdı. Mil — Muğan zonası onun ən çox səfər etdiyi bölgələrdən idi. Ulu öndər həmin illərdə təkcə Sabirabad rayonunda 15 dəfə olmuşdu. Onların hamısında iştirak etmək şərəfi mənə də nəsib olub. Heydər Əliyevlə ilk dəfə görüşəndə məni “Kommunist”in xüsusi müxbiri kimi təqdim etmişdilər. Növbəti dəfə ümummilli lider mənimlə köhnə tanış kimi görüşüb, işlərimin necə getməsi ilə maraqlandı. Həmin görüşlərdən birini əks etdirən fotoşəkli indi əziz xatirə kimi saxlayıram…

Telman müəllim təmiz əqidəli, prinsipial və cəsarətli jurnalistdir. Keçən əsrin 90-cı illərinin əvvəllərində, respublikamızda baş alıb gedən anarxiya, xaos dövründə qəzetimizin Lənkəran — Astara zonası üzrə xüsusi müxbiri Rəşid Rüstəmov qətlə yetirildi. Azərbaycanda böyük əks-səda doğurmuş cinayət hadisəsinin üstünün açılması yubadılırdı. O vaxt “Xalq qəzeti”nin baş redaktoru işləyən mərhum Tofiq Rüstəmov Telman müəllimi yanına çağırıb dedi:

— Məndə olan məlumata görə, Lənkəran Şəhər Partiya Komitəsinin birinci katibi sənin tələbə yoldaşın, prokuror Çapay Qəhrəmanov, hakim Həbib Əliyev sənin dostlarındır. Məsləhətdir ki, səni göndərək cənub zonasına, cinayətin açılmasına, qatilin tapılmasına çalışasan. Telman Əliyev razılıq verdi. O, peşəkarlığından, dostluq əlaqələrindən istifadə edərək qatilin tapılmasına nail oldu. Lakin Lənkərandan yazdığı tənqidi materiallardan sonra onun özü də hədə-qorxuya hədəf oldu. Kabinetinə zəng edib ona dedilər ki, nə qədər gec deyil Lənkərandan çıxıb getməyin məsləhətdir. Əks-halda səni də həmkarın Rəşid Rümtəmovun aqibəti gözləyir. Telman müəllimin isə cavabı belə oldu: Mən bura işləməyə gəlmişəm, heç hara getmək fikrim yoxdur.

Bundan sonra onun Lənkərandakı evinə iki dəfə basqın edildi. Jurnalist peşəkaprlığı burada da onun dadına çatdı. Zəng edən şəxsin səsini yadda saxlamışdı. Son vaxtlar tənqidi materiallar verdiyi müəssisə və təşkilat rəhbərlərinə zəng edib danışdı. Onlardan birinin səsi tanış gəldi. Bu barədə lazımi orqanlara məlumat verdi və həmin şəxs ifşa olundu.

Telman Əliyev vətənpərvər jurnalistdir. Bunun təsdiqi olaraq qəzetimizin parlament müxbiri kimi onun 1990-cı ilin sentyabr-dekabr aylarında Moskvadan, SSRİ Ali Sovetinin sessiyasından göndərdiyi materiallardan, habelə Lənkəranda yaşayaraq Əlikram Hümbətovun separatizmini ifşa edən tənqidi yazılarından açıq-aydın görmək olar.

Telman müəllim dostluqda sədaqətli, haqq-sayı, duz-çörəyi itirməyən, mənəviyyat sahibi, nümunəvi ailə başçısıdır. “Xalq qəzeti”nin kollektivi öz ağsaqqal həmkarını 70 illik yubileyi münasibətilə təbrik edir, ona neçə belə ömür zirvələrini fəth etməyi arzulayır.

Qüdrət PİRİYEV

Xalq qəzeti.- 2009.- 30 sentyabr.- S. 6.

Bu xəbəri paylaşın:
  •  
  •  
  •  
  • 1
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •