«Qarabağ taxıl» MMC taxıl əkib soya biçir və xalqı suya həsrət qoyur…

Beyləqan rayonunda əhali susuzluqdan əziyyət çəkir. Rayona gələn su normasına «Qarabağ Taxıl» MMC əl qoyub. Əhainin kənd təsərrüfatı ilə məşğul olan kəsimi haray çəkir.

Beyləqan rayonunda yüzlərlə insanın və xüsusən də məcburi köçkünlərin qazanc yeri olan torpağı İqtisadiyyat naziri olan Şahin Mustafayevin qərarıyla alıb, güya ölkədə taxılçılığı inkişaf etdirmək üçün «Səba broylerin» törəmə müəssisəsi olan «Qarabağ Taxıl» MMC adıyla 5 milyon manat kreditləşmə ilə «taxıl istehsal etmək üçün müəssisə» yaratdılar. Düzünü desək, taxıl əvəzinə dünyada kişi sonsuzluğu və qadınlarda məmə xərçəngi yaratmasına görə qadağan olunmuş soya əkməyə başladılar.

Bu geniş bir mövzudur və bu işin mütəxəssisi kimi Türkiyyədən gətirdikləri Vandan olan Sefo Vartanlı barədə geniş araşdırmaları təqdim edəcəyik. Dövlət rəhbərini bu sahədə necə aldatdıqlarını və maxinasiyaların mexanizmlərini təqdim edəcəyik.

Bu gün isə Beyləqanda məskunlaşan məcburi köçkünlər və yerli əhalinin narazılığını təqdim edirik. Əhali bu taxıl əkib soya biçənlərin əlindən suya həsrət qalıblar. Kimlərinə görə, MMC-ni Yezidlə, su qabağını kəsən əjdaha ilə müqayisə edirlər.

Xatırladaq ki, iyulun 23-də Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib: «Əkin sahələrinin suvarılması üçün qrafiklərin tətbiq edilməsi prosesi başlamışdır. Hesab edirəm ki, bu, çox əhatəli bir proses olmalıdır. Ölkə üzrə hər yerdə qrafiklər tətbiq edilməlidir və çox ciddi nəzarət olmalıdır. Bu məsələ həll olunarkən, əlbəttə ki, “Elektron kənd təsərrüfatı” informasiya sistemi ilə də uzlaşdırılmalıdır və fermerlər də buna cəlb edilməlidir. Çünki suların bölüşdürülməsi ədalətli olmalıdır. Yerlərdən gələn bəzi məktublar da göstərir ki, müəyyən hallarda bu ədalət prinsipi pozulur.

Kimin imkanı var, kimin təsiri var, kimin haradasa yüksək vəzifədə qohumu var, onun əkin sahəsinə su verilir, amma başqa fermer susuz qalır. Ona görə qrafiklər ədalətli olmalıdır və geniş ictimaiyyət bu işlərə cəlb edilməlidir. Əlbəttə ki, nəzarət mexanizmi olmalıdır. Mərkəzi və yerli icra orqanları birlikdə bu işlərlə məşğul olsunlar”.

Redaksiyamıza üz tutan şəxslər, əsasən veteranlardır. Bircə faktı xatırladım ki, bu şirkətdə müharibə veteranlarını, şəhid ailələrini heç sevməzlər. Bunu da faktlarla bir dəfə sübut etdik və bir daha edəcəyik.

Beyləqanda əhali susuzluqdan haray çəkir. Rayonun su normasına «Qarabağ Taxıl» MMC əl qoyub. Dövlətin milyonlar tökərək çəkdiyi kanala sahiblik edir. Dövlət rəhbərinin çağırışlarına məhəl qoymayan, adı belə yanlışlıq içində olan bu MMC barədə ciddi araşdırma aparılmasına ehtiyac var.

Fedai.az Araşdırma Qrupu

Bu xəbəri paylaşın: