Vətəni sevmək imandandır

“Üzunuz qara olsun! Həmişə düşmən hücumu qarşısında aciz olduğunuz üçün qəmli və kədərli olasınız! Düşmən sızə hücum edir, siz isə susursunuz, sizinlə müharibə edir, siz isə ayağa qalxmırsınız. Onlar Allah qarşısında bu qədər günah edirlər, sız isə bu günahlarla razılaşırsınız.” Bu sözləri Həzrəti Əli (ə) müharibəyə getməkdən boyun qaçıran iraqlılara xitabən deyib…

“Vətənin müdafiəsi və düşmənlə cihad etmək dini vəzifələrin çoxundan əhəmiyyətlidir” – deyilir müqəddəs kitabımız Qurani-Kərimdə. Haqqa tapınan, haqq uğrunda canından keçən dahi Hüseyn Cavidsə belə yazıb:

«Türk eliyik, silsiləmiz qəhrəman,
Müsəlmanıq, haqqa tapan müsəlman.
Bütləri Allah tanıyanlar, aman,
Məscidimin boynuna zəng asmasın.
“Amin!” desin hamı birdən igidlər,
“Allahu əkbər!” göydən şəhidlər.

Quranda yazılanların böyük bir hissəsi Vətəni sevib qorumaq, hifz etmək çağırışlarıdır. “Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etmək barəsində səndən izn istəsələr, o saat cihada çıxarlar. Allah müttəqiləri tanıyandır. Səndən cihada çıxmaqçün üzr istəyənlər ancaq Allaha və axirət gününə iman gətirməyənlər və ürəkləri şəkk-şübhəyə düşənlərdir.

Onlar öz şübhələrində tərəddüd edib durarlar…” (Nisa surəsi, 77). Quranın çox surəsi və ayəsi bizi Vətən uğrunda mübarizəyə, haqq savaşına səsləyir. “Onlar öz peyğəmbərlərinə bizə bir hökmdar göndər ki, onun köməyi ilə Allah yolunda zülmkarlarla vuruşaq – dedilər. O da onlara sizə vuruşmaq əmri olduqda bəlkə vuruşmadınız söylədi. Onlar cavabında dedilər: Allah yolunda nə üçün vuruşmayaq ki, yurdumuzdan çıxarıldıq övladlarımızdan ayrıldıq… Lakin onlara vuruşmaq vacib olduğu vaxt içərilərindən az bir qismi müstəsna olmaqla hamısı döyüşdən üz çevirdilər.” (“Bəqərə” surəsi, ayə 246) Cihad və düşmənlə müharibə etmək ağır və məsüliyyətli işlərdən biridir. İmanı və inamı zəif olan şəxslər bu müqəddəs vəzifədən boyun qaçırmaq, eləcə də bu günahlarına din çərçivəsində haqq qazandırmaq üçün müxtəlif bəhanələr gətirirlər.

Quranın “Ənfal” surəsində deyilir: “Allahın düşmənini və öz düşməninizi, onlardan başqa sizin tanımadığınız, lakin Allahın tanıdığı düşmənləri qorxutmaq üçün kafirlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları tədarük edin.”

Qurana əsasən müharibə məcburiyyət halında müraciət edilən və insani və əxlaqi sərhədlər çərçivəsində gerçəkləşdirilən arzuolunmaz və məcburi yoldur. İman gətirənlər hər hansı bir anlaşılmazlıq halında müharibənin məcburi olduğu vəziyyətə qədər gözləməli, yalnız qarşı tərəfdən hücum gəldiyi və müharibədən başqa alternativ olmadığı zaman savaşa girməlidir.

“Bəqərə” surəsində bu haqda belə deyilir: “Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddən kənara çıxmayın. Allah həddini aşanları sevməz!”.

Allah müsəlmanlara savaş iznini təzyiq və zülm gördükləri üçün vermişdir. Başqa sözlə, icazə verilən savaş sadəcə olaraq müdafiə məqsədli savaşdır. Başqa ayələrdə isə müsəlmanlara lüzümsuz qarşıdurma, gərginlik yaratmaqdan çəkinmələri üçün xəbərdarlıq edilmişdir.

Təkcə Məkkənin fəthində deyil, Məhəmməd Peyğəmbərin (s.) dövründə aparılan bütün savaş və fəthlərdə günahsız və müdafiəsiz insanların haqları ciddi şəkildə qorunub.

Peyğəmbərimiz möminlərə bununla bağlı bir neçə dəfə xəbərdarlıq etmiş, “Uşaqları , qadınları, yaşlı adamları öldürməyin. Ağacları yandırmayın və kəsməyin. Evləri də dağıtmayın!” demişdir.

Qurani-Kərimin “Bəqərə” surəsinin 216-cı ayəsində deyilir: “Kafirlərlə rastlaşsanız dönüb onlardan qaçmayın. Allahın düşmənlərinə qarşı vuruşmaq xoşunuza gəlmədiyi halda sizə vacib edildi. Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Onu Allah bilir, siz bilməzsiniz.”

“Ölümdən qorxmayan millətə ölüm yoxdur” deyib Həzrəti Əli əleyhəssalam. Cəsarəti, qeyrəti ilə ölümə qalib gələnlərə, əbədiyətə qovuşub əbədiyaşar xatirəsi ilə qəlblərə köçənlərə salam olsun!

Azərbaycanımızı azad, bütöv görmək arzumuza çatarıq, bu yolda silaha sarılıb cəbhəyə atılanlara ünvanlanan dualarımız qəbul olar inşaallah!

Rahib QƏRİB,
“Xalq qəzeti”

Bu xəbəri paylaşın: