Mübariz Yer üzünə enmiş bir qəhrəman idi. Mübariz dünyanın artıq unutduğu əsil rəşadət və şücaətin bu gün tək ünvanıdı.
Mübariz məqam kimi ən uca, insan kimi ən ulu bir mərtəbənin sakinidi.
Mübariz cənubda və şimalda, şərqdə və qərbdə əzilməkdə olan bir xalqın oğluydu. Azərbaycanın oğluydu. Bu məmləkət Mübarizlər doğmalıdır. Bu millət bunca təhqiramiz işğallara, əzab və işgəncələrə qarşı bir Mübariz olmalıdır.
O bir ulusun kölgəsinə sığınacağı mümkün olan bir qəhrəmandır. Yolumuz onun yolu, andımız onun andı olmalıdır.
Ya Qarabağ, ya ölüm! Ya Qarabağ, ya da Qarabağ! Rusu da, farsı da və hər növ terrorçu imperialisti də bu əqidənin önündə bir heçdir. Mübaizə bənzəyin, Mübariz olun! O bizə Tanrının göndərdiyi bir lütf, bir ərmağandır.
Onun yolu hər birimizin yoludur. Sonunda şəhadət varsa da, qələbə var, zəfər var. Hər gün bu yolla yürüməliyik. Yol gedilməyəndə ot-alaq basar. Biz onun getdiyi yolu öz ayaq izlərimizlə döyənək etməliyik.
O yol şərəf yoludur. O yol millət yoludur. O yolla yürüməyə hazırsınızmı?
Şərəfli bir həyatın sonu şəhidlik, şərəfsizliklə sürülən həyatınsa sonu leş olmaqdır. Əldə silahla ölmək, diz üstə yaşamaqdan şərəflidir. Nə xoş şəhidlərin halına:
Sahibsiz vətənin batması haqdır,
Sən sahib olursan, bu vətən batmayacaqdır.
Düşmənin son əsgəri yox edilincə, ayaqda olmalıyıq. Yolumuz Mübariz yolu, özümüz Mübariz olmalıyıq!
O yol bizim yolumuzdur!
Pərviz