Qarabağın özünə məxsus füsunkarlığı ilə seçilən Cəbrayıl rayonunu təqdim edirik. Cəbrayıl rayonu Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl rayonu ilə Bakı arasında olan məsafə 338 kilometrdir.
Cəbrayıl 08. 08. 1930-cu ildə inzibati rayon statusu almışdır. Ərazisi 1. 05 min km2, əhalisi 74,5 min (01. 04. 2013) nəfərdir. Rayon 1 şəhər (Cəbrayıl), 4 qəsəbə (Xələfli, Xudafərin, Qumlaq, Mahmudlu) və 92 kənddən ibarət idi. Kəndləri bunlardır – Xubyarlı, Xudaverdili, İmambağı, Qurbantəpə, Şahvələdli, Yarəhmədli, Balyand, Xələfli, Qaracallı, Yuxarı Mərcanlı, Böyük Mərcanlı, Cocuq Mərcanlı, Çərəkən, Əfəndilər, Papı, Dağ Tumas, Çələbilər, Qarağac, Sofulu, Hacılı, Hüseynalılar, Kavdar, Mirək, Tulus, Horovlu, Çapand, Safarşa, Hovuslu, İsaqlı, Qalacıq, Doşulu, Mahmudlu, Yuxarı Maralyan, Qazanzəmi, Çullu, Dağ Maşanlı, Əsgərxanlı, Söyüdlü, Qumlaq, Dərzili, Məstalıbəyli, Quycaq, Nüzgar, Şəybəy, Maşanlı, Alıkeyxalı, Mehdili, Çaxırlı, Minbaşılı, Ağtəpə, Daş Veysəlli, Sədi, Sarıcallı, Əmirvarlı, Məzrə, Yuxarı Məzrə, Sirik, Aşağı Sirik, Molla Həsənli, Xanağabulaq, Şahvəlli, Göyərçin Veysəlli, Hacı İsaqlı, Qoşabulaq, Qovşudlu, Niyazqulular, Tinli, Şükürbəyli, Dəjəl, Fuğanlı, Həsənqaydı, Şıxalıağalı, Qışlaq, Karxulu, Tatar, Aşağı Maralyan, Şıxlar, Cəfərabad, Kürdlər, Daşkəsən, Yuxarı Nüsüs, Süleymanlı, Niftalılar, Yanarxac, Quşçular, Keçəl Məmmədli, Qərər, Soltanlı, Aşıq Məlikli, Nüsüs.

Cəbrayıl rayonunun adı rayonun mərkəzi olan Cəbrayıl kəndinin adından götürülmüşdür. Cəbrayıl kəndinin əsasını qoymuş Cəbrayıl ata VIII əsrdə yaşamış Sultan Əhməd adlı bir hökmdarın yaxın adamlarından biri olmuş və Ziyarət dağından Araz çayına qədər ərazilər Cəbrayıl ataya və onun övladlarına məxsus olub.
Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. Əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı. Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayon Tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki fəaliyyət göstərirdi.





