Bu gün silahdaşlarımızdan birinin — Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Sumqayıt şəhər şöbəsinin sədri Mansurov Teymuraz Qebyullah oğlunun ad günüdür. Bu gün onun 51 yaşı tamam olur.
Mansurov Teymuraz Qebyullah oğlu 1975-ci ilin avqust ayının 1-də Qərbi Azərbaycanın Çəmbərək rayonunun Əmirxeyir kəndində dünyaya göz açıb. 1992-ci ildə Sumqayıt şəhər 28 saylı (hazırda Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adını daşıyır) tam orta məktəbi, 2000-ci ildə isə Sumqayıt Dövlət Universitetini bitirib. 1993-1994-cü illərdə Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Dəstəsinin tərkibində Azərbaycanın ərazi bütövlüyü uğrunda (Ağdam və Ağdərə rayonları istiqamətində) gedən döyüşlərdə iştirak edərək, ona həvalə edilmiş vəzifə və tapşırıqların öhtəsindən layiqincə gəlmişdir. Ağdam və Ağdərə rayonlarının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iki dəfə ağır yaralanan Teymuraz Mansurov I qrup müharibə əlilidir.
Teymuraz Mansurov hər iki müharibəni öz həyatında yaşamış müharibə veteranlarmızdandır.Onun müharibə əlilliyi 44 günlük Vətən müharibəsindən kənarda qalmasına mane olmadı. O, ilk gündən son günədək əsgərlərmizin yanında olub. Hərbi və ictimai vəzifələrin icrasına məsuliyyətlə yanaşdığına görə Azərbaycan Ordusunun Baş Qərargah rəisinin, korpus və hərbi hissə komandirlərinin, eləcə də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin müvafiq əmrləri əsasında dəfələrlə müxtəlif mükafatlarla təltif olunub.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, döyüş dostları və iş yoldaşları, həmçinin ailəsi və yaxınları Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Sumqayıt şəhər şöbəsinin sədri Mansurov Teymuraz Qebyullah oğlunu doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür arzulayır.
AVMVİB-in Mətbuat xidməti




