Bu gün Azərbaycanın ilk döyüşçü jurnalisti, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Mətbuat xidmətinin rəhbəri, müharibə veteranı və qazi, mərhum Xaqani Ədəboğlu onun mövludu günü ilə əlaqədar ehtiramla yad edilib.
Vətən Müharibəsi dövründə həm qələm, həm də silah dostlarından ibarət AVMVİB kollektivi Ədəboğlunu doğum günü münasibətilə xatirəsini anmış, məzarını ziyarət etmişlər. Ziyarətçilər Xaqani Ədəboğlunun məzarı önünə gül-çiçək düzmüş, mərhumun ruhuna dualar oxumuşlar. Onu yaxından tanıyan dostları çıxış edərək öz nitqlərində Xaqani Ədəboğlunun zəngin ədəbi irsindən, eyni zamanda həm ön cəbhədə döyüşçü, həm də xalqın haqq səsini dünyaya çatdıran jurnalist olaraq öz ölkəsinə sadiq qalan bir qəhrəman kimi yad etmişlər.
Ziyarətə gələnlər onun əziz xatirəsini ehtiramla anaraq, Ədəboğlunun vətənpərvər ruhunun, türkçülük və turançılıq ideallarının daim xalqımıza ilham verdiyini vurğulamış, onun həm döyüş meydanında, həm də qələmi ilə göstərdiyi mübarizəsinin Azərbaycan xalqının yaddaşında əbədi yaşayacağını dilə gətirmişlər.
Allah rəhmət etsin!
AVMVİB Mətbuat xidməti