44 günlük Vətən Müharibəsində düşmən üzərində əldə olunmuş tarixi Qələbənin dördüncü ildönümü münasibətilə Şəkidə silsilə tədbirlər keçirilib.
Şəki şəhər Heydər Əliyev Mərkəzində Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmyş tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Milli Məclisin deputatı Vüqar İskəndərov, şəhər icra hakimiyyətinin məsul şəxsləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, ictimaiyyətin nümayəndələri əvvəlcə Şəhidlərin Xatirə Kompleksinin yerləşdiyi məzarlığı ziyarət edib, şəhid məzarları önünə gül dəstələri qoyub, qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla yad ediblər.
Sonra Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunmuşdur. Şəki şəhər Heydər Əliyev Mərkəzində keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbirdə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, şəhid anası Əntiqə Nağıyeva, Vətən müharibəsi qazisi Taleh Urfansoy, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin təşkilatı məsələlər üzrə sədr müavini Vahid Abdurəhmanov çıxış etmişlər. Şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə göstərdiyi həssas və qayğıkeş münasibətə görə Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.
Tədbirin bədii hissəsində «Urfansoy Film» komandasının istehsalı olan «Könüllülər komandiri» bədii-sənədli filmi təqdim olunmuşdur. Azərbaycan Gənclər Fondunun, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının, Fövqəladə Hallar Nazirliyinin, Şəki Şəhər İcra Hakimiyyətinin, yerli iş adamlarının, millət vəkili Vüqar İsgəndərovun dəstəyi ilə lentə alınmış bu film Vətən müharibəsində könüllü iştirak etmiş və qəhramancasına şəhid olmuş Toğrul Nağıyevə ithaf olunmuşdur. Zəfər Gününə həsr edilən silsilə tədbirlər şəhərin mərkəzindəki parkda bayram konserti ilə davam etmişdir. Zəfər Günü münasibəti ilə Şəkidə keçirilən silsilə tədbirlər atəşfəşanlıqla başa çatmışdır.
AVMVİB Mətbuat xidməti