
Füzuli Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri
Azərbaycan xalqı əsrlər boyu imperialist təfəkkürlü rus şovinistlərinin və fars rejimlərinin basqısı, qətliamları və ədalətsiz münasibətləri ilə üzləşmişdir. Bu tarixi faciələr yalnız bir millətin deyil, bütün insanlığın yaddaşında qalmalı, gələcək nəsillərə ötürülməlidir. Bütün bəlalarımızın kökü rus şovinistlərinin törətdikləri soyqırımlara və tarixi ədalətsizliklərə dayanır.
Unudulmayan dəhşətlər
1813 və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan torpaqları bölüşdürülərək xalqımızın suveren hüquqları tapdanmışdır. Daha sonra çar Rusiyası və Sovet hakimiyyətləri dövründə xalqımıza qarşı sistemli repressiyalar həyata keçirilmiş, Qərbi Azərbaycan torpaqları ermənilərə verilmişdir.
Azərbaycan xalqının yaddaşında silinməz izlər buraxan 31 mart soyqırımı, 20 Yanvar faciəsi və Xocalı qətliamında da rus şovinistlərinin rolu aydın görünür. Xocalıda Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə törədilən soyqırım bir millətə qarşı planlaşdırılmış vəhşilik aktıdır. Kəlbəcərin işğalında Pskov diviziyasının iştirakını da unutmaq olmaz. Bütün bu faciələr bizim qan yaddaşımızda dərin iz buraxmışdır və unudulmamalıdır.
Xalqımıza qarşı qanlı cinayətlər və ədalətsizliklər
Bugün də bu düşüncə sisteminin qalıqları müxtəlif formalarda təzahür edir. Azərbaycanın hava məkanında baş verən təyyarə qəzası və onun nəticəsində vətəndaşlarımızın həyatını itirməsinə qarşı biganə münasibət insanlığa qarşı cinayətdən başqa bir şey deyil. Artıq hər kəsə məlumdur ki, bizim təyyarə Rusiya hava məkanında bilərəkdən vurulub və bu qanlı, insanlığıa sığmayan əmri verənlər də tarix qarşısında cavab verməlidirlər. Bu cür hadisələr bir daha göstərir ki, tarixdən dərs çıxarmaq və haqq-ədaləti bərpa etmək üçün mübarizə davam etdirilməlidir.
Nobel Sülh Komitəsinə çağırış: Qorbaçov sülh mükafatına layiq deyil!
Bu gün Azərbaycanın vətəndaş cəmiyyətinin təmsilçiləri, ictimai fəallar, 20 Yanvar şəhidlərinin ailə üzvləri və veteranları tarixi ədalətin bərpası üçün qətiyyətli addım ataraq Nobel Sülh Komitəsinin rəhbərliyinə müraciət etmişlər. Onlar Mixail Qorbaçovun Nobel Sülh Mükafatı laureatı adını hələ də daşımasını bu mükafatın tarixində ən böyük ədalətsizliyi adlandırmış və mükafatın ondan alınmasını tələb etmişlər. 20 Yanvar faciəsinin əsas günahkarlarından biri kimi Qorbaçovun adının sülh ideyası ilə yanaşı çəkilməsi həm Azərbaycan xalqına, həm də ümumi insanlıq vicdanına həqarətdir.
Amma təəssüf ki, ölkəmizdə Rusiyanın “beşinci kolon” adlanan qruplaşmalarının bu ədalətli çağırışa qarşı çıxması yalnız tarixə deyil, həm də xalqımızın qan yaddaşına xəyanətdir. Bəs hanı tarixi ədalət? Hanı vicdan?
Tarix unudulmamalıdır
Azərbaycan xalqı tarix boyu ədalətsizliklərə qarşı mübarizə aparıb və bu mübarizə davam edir. Qan yaddaşımızı qorumaq, tarixi həqiqətləri gələcək nəsillərə çatdırmaq və beynəlxalq ictimaiyyəti ədalətli mövqe tutmağa çağırmaq hər birimizin borcudur. Nobel Sülh Komitəsinə müraciət bu istiqamətdə atılmış mühüm addımdır və beynəlxalq ictimaiyyətin bu çağırışa səssiz qalmaması bu gün vacibdir. Tarixi ədalətin bərpası təkcə bizim deyil, bütün insanlığın ümumi borcudur. Gələcək nəsillər tarixi ədalət uğrunda mübarizəmizi unutmamalıdır!