Mayın 29-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natavan zalında Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ döyüşlərinin rəşadətli qəhrəmanı Yuriy Kovalyovun anadan olmasının 60 illiyi münasibətilə təntənəli yubiley mərasimi keçirildi. Bu unudulmaz gün şəhidimizin döyüş yoluna, əsl vətəndaşlıq nümunəsinə, Azərbaycan multikulturalizminin canlı təcəssümünə ehtiramın parlaq ifadəsi oldu.
Tədbirə ölkənin tanınmış ədəbiyyat və ictimaiyyət nümayəndələri, Milli Məclisin deputatları, şəhid ailələri, ziyalılar və media mənsubları toplaşmışdı. Azərbaycan Yazıçılar Birliyi sədrinin birinci müavini, Xalq yazıçısı Çingiz Abdullayev, Milli Məclisin deputatı Mixail Zabelin, Azərbaycan Rus İcmasının sədr müavini Vitaliy Kovalyov, şəhidin qızı Regina Kovalyova, mərd döyüşçü Dmitriy Solntsevin ailə üzvləri, şair Tapdıq Əlibəyli, Serqey Danilov, yazıçı və şairlər tədbirdə iştirak etdilər. Şair Tapdıq Əlibəyli Yuriy Kovalyova həsr etdiyi şeri görüş iştirakçıları alqışlarla qarşıladılar.
Tədbiri şəhidin qardaşı Vitaliy Kovalyov açaraq qonaqları salamladı, Yuriy Kovalyovun keçdiyi şərəfli həyat və döyüş yolunu qürurla təqdim etdi. Ardınca çıxış edənlər – polkovnik-leytenant İlham Rüstəmov və AVMVİB sədrinin beynəlxalq məsələlər üzrə müavini, Nəsimi rayon şöbəsinin sədri, polkovnik Elmar Hüseynov qəhrəmanın cəbhədəki igidliyindən, vətənə olan tükənməz sədaqətindən danışdılar. Onların xatirələri sanki zamanın səssiz arxivindən gələn səslər kimi zalda duyğulu anlar yaşatdı.
Yubiley tədbiri ədəbi dəyərlə də yadda qaldı. Şair Fikrət Kazımın şəhidlərin əziz xatirəsinə ithaf etdiyi, Vətən Müharibəsində əldə edilən tarixi Qələbənin 5 illiyinə həsr olunmuş poeziya toplusu – “Qələbə nəğmələri” adlı yeni şeirlər kitabının təqdimatı keçirildi. Kitabda Yuriy Kovalyov kimi azərbaycanlıların igidliyindən bəhs edən misralar auditoriyanı dərindən sarsıtdı.
Xalq yazıçısı Çingiz Abdullayev çıxışında vurğuladı ki, Yuriy Kovalyov kimi igidlərin xatirəsini əbədiləşdirmək, onların qəhrəmanlığını yeni nəsillərə çatdırmaq hər birimizin vətəndaşlıq borcudur:
Millət vəkili Mixail Zabelin isə Yuriy Kovalyovun obrazını bütöv bir xalqın ortaq qəhrəmanlıq simvolu kimi xarakterizə edərək “O, təkcə bir rus əsilli vətəndaş deyildi – o, azərbaycanlılardan seçilməyən, Vətənin hər qarışı uğrunda mübarizəyə qalxan, bu torpağı öz evi bilən bir vətəndaş idi» — deyə bildirdi.
Yubiley mərasimi şəhidlərimizin ruhuna dualarla və dərin ehtiramla başa çatdı. Bu tədbir bir daha göstərdi ki, millətindən, dinindən asılı olmayaraq Azərbaycanın azadlığı və suverenliyi uğrunda can verən hər bir şəhid xalqımızın əbədi yaddaşındadır. Vətən onları heç vaxt unutmayacaq!
AVMVİB-in Mətbuat xidməti








