
Füzulu Rzaquliyev,
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri
Tarix hər bir xalqın yaddaşıdır. Bu yaddaşda elə günlər var ki, zaman keçdikcə əhəmiyyəti daha da artır, dəyəri daha da böyüyür. 15 iyun – Milli Qurtuluş Günü Azərbaycan tarixində elə bir dönüş nöqtəsidir ki, bu günün mənası sadəcə bir təqvim qeydindən ibarət deyil – bu, bir xalqın yenidən dirçəlişinin, dövlətçiliyinin xilası və sabaha olan inamının təcəssümüdür.
1993-cü ilin yayında Azərbaycan Respublikasının müstəqilliyi təzə-təzə nəfəs alırdı. Lakin bu müstəqillik siyasi xaos, vətəndaş qarşıdurması, iqtisadi iflic və torpaqlarımızın ard-arda işğalı fonunda boğulmaq üzrə idi. Xalqın son ümidi – ömrünü Azərbaycan dövlətçiliyinə həsr etmiş, dövlət quruculuğunun bünövrəsini qoymuş bir şəxsə – Heydər Əliyevə yönəldi. O zaman xalq öz Liderini səhnəyə çağırdı. Tarixə qızıl hərflərlə yazılmış həmin çağırış – 15 iyun 1993-cü il – bu gün Milli Qurtuluş Günü kimi qeyd edilir.
Biz – Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi olaraq bu tarixi günü xüsusi dəyərləndiririk. Çünki bu qurtuluş yalnız siyasi sabitliyin deyil, həm də güclü ordu quruculuğunun, milli həmrəyliyin, şəhidlərin qanı bahasına qorunan torpaqlarımızın qisasının alınacağı günlərin başlanğıcı idi. Məhz Heydər Əliyevin rəhbərliyi ilə ölkədə nizami ordu formalaşmağa başladı. O ordu ki, bu gün onun rəşadətli varisləri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfəri bizə yaşatdı.
Qurtuluş Günü təkcə keçmişin yox, həm də gələcəyin günüdür. Çünki bu gün bizə göstərdi ki, xalqla dövlət bir olduqda, müstəqillik əbədidir. Bu gün biz şəhidlərimizin ruhu qarşısında baş əyərək, onları Qurtuluşun əbədi qoruyucuları kimi yad edirik.
Biz, AVMVİB olaraq, gənc nəslə bu tarixi doğru çatdırmaq, onların milli ruhda böyüməsini təmin etmək üçün bütün səylərimizi səfərbər etmişik. Qurtuluş ideyası – müstəqil, güclü, ədalətli və milli maraqlara əsaslanan dövlətçilik yoludur. Bu yolun işığında biz bu gün də birik, sabah da bir olacağıq.
Qurtuluş Günü münasibətilə bütün xalqımızı səmimi qəlbdən təbrik edirəm. Arzu edirəm ki, Ulu Öndər Heydər Əliyevin yaratdığı güclü Azərbaycan dövləti daim yüksəlsin, xalqımız rifah və əmin-amanlıq içində yaşasın. Biz birlikdə daha güclüyük – çünki Qurtuluşdan gələn güc bizimlədir.