Goranboy rayonunun şimal-qərbində, Murovdağ silsiləsinin ətəklərində yerləşən və strateji əhəmiyyətə malik olan Ağcakənd kəndinin erməni separatçılarından azad olunmasının ildönümü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, AVMVİB sədrinin I müavini Vahid Abdurəhmanov, AVMVİB-in Nərimanov şöbəsinin sədri Qurban Osmanov, AVMVİB-in Gəncə şəhər şöbəsinin sədri Bəyanət Qasımov iştirak etmişlər.
AVMVİB Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədov, Goranboy batalyonunun komandiri olmuş Rasim Əkbərovun təşkilatçılığı ilə baş tutan tədbirə həmin döyüşlərdə iştirak etmiş əsgər və zabitlər, həmçinin bu hadisələrin canlı şahidi və iştirakşısı olmuş veteranlar da qatılmışlar.
Tədbir iştirakçıları əvvəlcə şəhidlərin ruhlarına dualar oxumuşdur. Sonra tədbir qonaqlar üçün təşkil olunmuş və zəfər əhval-ruhiyyəsi ilə dolu ziyafət salonunda davam etmişdir.
AVMVİB sədri Füzuli Rzaquliyev çıxış edərək əfsanəvi Goranboy batalyonunun keçdiyi şərəfli döyüş yolundan danışmış, bu döyüşlərin Azərbaycan tarixində necə böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Onun sözlərinə görə, Ağcakəndin azad olunması təkcə bir kəndin azadlığı deyil, həm də xalqımızın gücünün və iradəsinin təzahürü olmuşdur. «Bu gün biz həmin döyüşlərin iştirakçıları ilə bir yerdəyik, bu, bizim üçün çox dəyərli bir andır. Onların igidliyi, fədakarlığı sayəsində bu torpaqlar azad olundu və biz bu gün, hər bir azərbaycanlı kimi başımız dik yaşamağa davam edirik,» – deyə Füzuli Rzaquliyev bildirmişdir.
AVMVİB sədrinin I müavini Vahid Abdurəhmanov isə çıxışında Ağcakəndin azad olunmasının əhəmiyyətinə diqqət çəkərək, döyüşlərin nə qədər çətin və ağır şəraitdə keçdiyini, lakin nəticə etibarilə bunun böyük uğurla nəticələndiyini qeyd etmişdir. O, Şuşa və Laçın şəhərlərinin ermənilər tərəfindən işğal edilməsindən sonra həyata keçirilməsindən sonra həyata keçirilən bu əməliyyatın xalqımızda böyük ruh yüksəkliyi yaratdığını vurğulamışdır. «Bu, yalnız hərbi uğur deyil, həm də Azərbaycan xalqının qüdrətinin təcəssümüdür,» – deyə Vahid Abdurəhmanov əlavə etmişdir.
Qurban Osmanov və Bəyanət Qasımov çıxışlarında bu döyüşün həm hərbi, həm də mənəvi baxımdan böyük əhəmiyyət daşıdığını qeyd ediblər. Onlar, xüsusilə, bu torpaqların azad edilməsi uğrunda canlarını fəda edən şəhidlərin xatirəsinin heç vaxt unudulmayacağını, onların mübarizəsinin Azərbaycan xalqının gələcəyinə yol açdığını vurğulamışlar.
Elmar Məmmədov və Rasim Əkbərov isə öz nitqlərində Ağcakəndin azad olunmasında iştirak edən bütün döyüşçülərin və kəndin sakinlərinin əzmkarlığını yüksək qiymətləndirərək, bu kəndin strateji əhəmiyyətini və müharibənin gedişatında oynadığı rolu xatırlamışlar. Rasim Əkbərov bildirmişdir ki, Ağcakəndin azad olunması yalnız bu kəndin deyil, bütövlükdə bölgənin azadlığına gedən yolda atılmış mühüm bir addım olmuşdur. «Bu, sadəcə bir döyüş deyil, xalqımızın qələbə əzminin göstəricisidir,» – deyə o qeyd etmişdir.
Tədbir sonunda iştirakçılar xatirə şəkli çəkdirərək, bu mühüm anı yaddaşlarında əbədiləşdirmişlər.
AVMVİB-in Mətbuat xidməti


