Azərbaycan poeziyasının tanınmış qələm sahibi, nəğməkar şairə Nəsibə İsrafilqızı Qarabağ mübarizəsinin simvoluna çevrilmiş «Qarabağın Tutusu» kimi tarixə düşən Rüxsarə Cumayeva Bayraməli qızına ithaf olunan yeni şeirini oxucularımızın diqqətinə çatdırır. Bu poetik nümunə təkcə bir insanın həyat yoluna deyil, bütövlükdə bir xalqın mübarizə ruhuna ehtiramın ifadəsi kimi dəyərləndirilir.
Qeyd edək ki, «Qarabağın Tutusu» şanlı adı ilə tarixə düşən Rüxsarə Cumayeva 18 iyun 1965-ci ildə Zaqatala rayonunun Bəhmətli kəndində dünyaya göz açıb. Orta təhsilini Bəhmətli kənd məktəbində başa vurduqdan sonra Bakıdakı Azərbaycan Neft Kimya İnstitutunda ali təhsil almışdır. Lakin meydan hərəkatı ilə bağlı yaranan ictimai-siyasi proseslər onu tələbəlik həyatını yarımçıq qoyaraq mübarizəyə qoşulmağa sövq etmişdir. 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuş, 1995-ci ildə universiteti bitirmişdir. Tələbəlik illərində fəal ictimai mövqe sərgiləyən Rüxsarə Cumayeva 1988-ci ildən etibarən «Topxana» mitinqlərində fəal iştirak etmiş, 1990-cı il yanvar hadisələri zamanı isə «Qanlı 20 Yanvar» gecəsində küçələrdə xalqla birlikdə olmuş, faciənin dünya ictimaiyyətinə çatdırılmasına yönələn aksiyalara dəstək vermişdir. Vətənə bağlılığı və prinsipial mövqeyi ilə seçilən Cumayeva 1991–1994-cü illərdə döyüş bölgələrinə — Ağdam, Ağdərə, Cəbrayıl, Goranboy, Füzuli, Kəlbəcər və digər istiqamətlərə səfərlər etmiş, müharibənin ən qaynar nöqtələrində informasiya və təbliğat fəaliyyəti göstərmişdir. Uzun illər media sahəsində çalışaraq, jurnalist, redaktor və ictimai fəal kimi müxtəlif təşəbbüslərlə çıxış etmişdir. Müxtəlif illərdə müxtəlif bölgələrdə fəaliyyət göstərən Cumayeva 2022-ci ildə İsayeva Ləman, Zəkiyyə xanım, Xanımkəndli jurnalist Sevinc xanım və başqalarının təşəbbüsü ilə Ağdam şəhərində “Ekofəaliyyət aksiyasında” iştirak etmişdir. Hazırda Bakı şəhərində yaşayan Rüxsarə Cumayeva vətənpərvər ictimai mövqeyini qoruyub saxlayır, elmi, publisistik və bədii fəaliyyətini davam etdirir.
«QARABAĞIN TUTUSU»
GÖZƏL ANA, GÜL QADIN
DAİMİ SEVİN, GÜL QADIN
SƏN QƏHRƏMAN İGİDSƏN,
TARİX YAZDIN, BİL QADIN.
Yorulmadan, durmadan,
Min bir cəfa eylədin.
Xalqın, millətin üçün
Canı fəda eylədin.
Yuxusuz gecələrin
Neçə arzunu boğdu,
Günəşin şəfəqləri
Ana qəlbində doğdu.
Ey cəbhənin ər qızı ,
Tarixə düşdü adın .
Sən aslan doğulmuş ,
İgid , hünərili qadın!
Sənə olan sevgimdən
Yenə çağladım, coşdum.
Xalqın qəhrəman qızı,
Adına nəğmə qoşdum.
Qarabağın Tutusu –
Mərdlik, qeyrət səndədir.
Hər qədəmi gül açıb,
İmzan vətənindədi.
Nəsibə İsrafilqızı
18.06.2025


