Müasir Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda fədakarlıq göstərmiş, həyatlarını dövlətə və xalqa xidmətə həsr etmiş vətən müharibəsi veteranları cəmiyyətin ən həssas və diqqətəlayiq təbəqələrindəndir. Onların mənəvi dayağı, sosial inteqrasiyası və təşkilatlanması üçün vacib rol oynayan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Nəsimi rayon şöbəsi bu gün təəssüf ki, özünün tam fəaliyyət imkanlarından məhrumdur.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Nəsimi rayon şöbəsinin sədri, ehtiyatda olan polkovnik Elmar Hüseynovun qəzetimizə verdiyi məlumata görə, şöbənin yerləşdiyi binanın sökülməsi nəticəsində təşkilat artıq altı ildir ki, daimi ofis məkanından istifadə edə bilmir. Təmir və bərpa işlərinin başlanması üçün bir neçə dəfə rəsmi qaydada Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinə müraciətlər edilsə də, hələlik məsələnin müsbət həlli istiqamətində konkret addımlar atılmayıb. Şöbə öz daxili imkanları hesabına binanı bərpa etməyə dəfələrlə təşəbbüs göstərsə də, bunun üçün də müvafiq icazələr verilməyib.
Elmar Hüseynov onu da əlavə etmişdir ki, hazırda şöbə öz fəaliyyətini müvəqqəti olaraq kiçik bir qarajda həyata keçirir.

Qeyd edək ki, ölkə rəhbərliyi, xüsusilə də Prezident, Ali Baş Komandan İlham Əliyev cənabları müharibə iştirakçılarının və qazilərin sosial müdafiəsinin gücləndirilməsinə xüsusi önəm verir. Bu istiqamətdə həyata keçirilən dövlət siyasəti veteranların həyat şəraitinin yaxşılaşdırılmasına, onların cəmiyyətə aktiv inteqrasiyasına xidmət edir.
Qeyd edək ki, AVMVİB-in Nəsimi rayon şöbəsi ötən illər ərzində Bakı şəhərində hərbi-vətənpərvərlik mövzusunda silsilə tədbirlərin təşkilində yaxından iştirak etmiş, yeniyetmə və gənclər arasında milli dəyərlərin, vətən sevgisinin aşılanması üçün ardıcıl iş aparmışdır. Şöbə eyni zamanda ordudan tərxis olunmuş qazilərimizin sosial məsələlərini gündəmdə saxlayır, onların cəmiyyətə inteqrasiyasına dəstək verir, sosial problemləri istiqamətində müvafiq qurumlar qarşısında məsələ qaldırıb müsbət həllinə nail olur. Lakin uzun illərdir ki, mövcud vəziyyətlə əlaqədar şöbə fəaliyyətini səyyar formada təşkil etməyə məcbur qalmışdır. Sözsüz ki, belə səyyar fəaliyyət həm imkan və resurs baxımından məhduddur, həm də qarşıya qoyulan məqsədlərə çatmaqda müəyyən çətinliklər yaradır. Ofis məkanının olmaması, AVMVİB Nəsimi rayon şöbəsinin Nizamnamə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasına da mənfi təsir göstərir. Amma bu çətin şəraitə baxmayaraq, son günlərdə şöbə tərəfindən 26 İyun — Silahlı Qüvvələr Günü münasibətilə müxtəlif tədbirlər keçirilmiş, Azərbaycanın Milli Qəhrəmanı Yuri Kovalyevlə bağlı maarifləndirici görüşlər təşkil olunmuşdur. Həmçinin gənclərin qəhrəmanlıq salnaməmizi daha yaxından tanıması istiqamətində təşəbbüslər də davam edir.
Əminik ki, bu cür ictimai önəm daşıyan fəaliyyətin daha sistemli və ardıcıl həyata keçirilməsi üçün AVMVİB-in Nəsimi rayon şöbəsinə daimi ofis məkanı ayrılması məsələsi tezliklə müsbət həllini tapacaqdır. Bu təkcə təşkilatın deyil, bütövlükdə cəmiyyətimizin, xüsusən də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından böyük əhəmiyyət daşıyır.
AVMVİB-in Mətbuat xidməti






