Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mərkəzi Aran Regional nümayəndəliyinin Ağdaş bölməsi və Ağdaş Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Günü ilə bağlı tədbir baş tutmuşdur. Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Ağdaş rayon şöbəsi geniş tərkibdə iştirak etmişdir. Tədbir çərçivəsində AVMVİB-in Ağdaş Rayon Şöbəsinin sədri İlham Beydullayev, həmçinin Qərbi Azərbaycan İcmasının Ağdaş Rayon bölməsinin səlahiyyətli nümayəndəsi, müharibə veteranı Əhməd Əhmədov və digər qonaqlar iştirak etmişdir.
Qeyd edək ki, sözügedən tədbir “Gənclərin Milli İdeoloji İnkişaf Proqramı” çərçivəsində təşkil olunmuş və əsas məqsədi gənc nəslin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi, Azərbaycanın müasir dövlətçiliyinin əsaslarının daha dərindən təbliği olmuşdur.
Tədbir zamanı çıxış edənlər 15 İyun – Milli Qurtuluş Gününün müstəqil Azərbaycanın tarixində tutduğu yerə geniş şəkildə toxunmuşlar. Bildirilmişdir ki, 1993-cü ilin iyununda ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışı ölkəmizin parçalanmaq, dövlətçiliyini itirmək təhlükəsindən xilas olması ilə nəticələndi. Bu tarixi dönüş nöqtəsi Azərbaycanın dövlət müstəqilliyinin qorunmasına, hüquqi-siyasi sabitliyin bərqərar olmasına və sonrakı sürətli inkişaf mərhələsinin başlanmasına yol açdı.
Müharibə veteranı Əhməd Əhmədov çıxışında gənclərə müraciətlə qeyd edib ki, bugünkü sabitlik, inkişaf və təhlükəsizlik şəraitində yaşamağımız məhz o dövrlərdə atılmış strateji qərarların nəticəsidir. O, həmçinin qeyd edib ki, gənclərimiz bu sabitliyin qədrini bilməli, tarixdən nəticə çıxararaq milli ideologiyamıza, dövlətçiliyimizə sadiq olmalıdırlar.
AVMVİB Ağdaş rayon şöbəsinin sədri İlham Beydullayev isə çıxışında Azərbaycan gənclərinin müasir dövrdə ölkənin inkişafında oynadığı mühüm rolu vurğulayaraq, onların milli ideologiya ilə formalaşdırılmasının, dövlətçilik ruhunda tərbiyə olunmasının prioritet məsələ olduğunu bildirmişdir. O, təşkilatın bu istiqamətdə gördüyü işlər, keçirilən tədbirlər və sosial layihələr barədə məlumat vermiş, gəncləri aktiv ictimai iştirakçılığa dəvət etmişdir.
AVMVİB Ağdaş rayon şöbəsi bu kimi maarifləndirici və ideoloji tədbirlərdə mütəmadi olaraq iştirak edir. Bu tədbirin də əsas əhəmiyyəti gənclər arasında milli düşüncənin formalaşdırılması, tarixə və dövlətə bağlılığın artırılması, eyni zamanda Azərbaycanın müasir siyasi kursunun mahiyyətinin izah edilməsi olmuşdur. 15 İyun Milli Qurtuluş Günü münasibətilə keçirilən bu tədbir bir daha sübut etdi ki, xalq-iqtidar birliyi, tarixi yaddaş və ideoloji bərkimə bugünkü Azərbaycan gəncliyinin əsas inkişaf dayaqlarındandır.
AVMVİB-in Mətbuat xidməti




