Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) son günlər bəzi Rusiya rəsmilərinin və media qurumlarının Xankəndidə qanunsuz inşa edilmiş İvan Ayvazovski heykəlinin sökülməsi ilə bağlı səsləndirdiyi əsassız ittihamlara münasibət bildirib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev «Fədai» qəzetinə verdiyi açıqlamasında qeyd edib ki, Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş ərazilərində dövlətimizin razılığı olmadan, xüsusən də işğal dövründə ucaldılmış abidələrin sökülməsi tamamilə qanuni, əsaslı və zəruri addımdır. Bu mövzunun “abidə müharibəsi” kimi qələmə verilməsi, açıq-aşkar qərəzli mövqenin təzahürüdür və gerçək tarixi faktların məqsədli şəkildə saxtalaşdırılması cəhdidir.
AVMVİB sədri əlavə etmişdir ki, Xankəndidəki abidə qanunsuz ucaldılıb, sökülməsi hüququmuzdur. Azərbaycanın müxtəlif bölgələrində, eləcə də paytaxt Bakıda rus mədəniyyətinin tanınmış nümayəndələrinin çoxsaylı abidələri ucaldılıb, rusdilli məktəblər və media qurumları fəaliyyət göstərir. Bütün bunlar Azərbaycan dövlətinin və xalqının rus xalqına və onun mədəniyyətinə hər zaman dərin hörmət bəslədiyini göstərir. Belə bir ölkəni “abidə müharibəsi” aparmaqda ittiham etmək əsassız və ədalətsiz yanaşmadır.
AVMVİB sədri xüsusi ilə vurğulamışdır ki, Xankəndidə sökülən İvan Ayvazovski heykəli işğal dövründə Rusiya sülhməramlılarının iştirakı ilə qanunsuz olaraq tikilib və Azərbaycanın dövlət suverenliyinə qarşı atılmış açıq addım olub. Bu səbəbdən həmin abidənin aradan qaldırılması həm suveren hüquqların təminatı, həm də beynəlxalq hüquq normalarına uyğun addımdır.
AVMVİB sədri Füzuli Rzaquliyev onu da diqqətə çatdırmışdır ki, Ermənistanın işğalı dövründə Azərbaycanın maddi-mədəni irsinə qarşı törədilən vəhşiliklər — o cümlədən İkinci Dünya müharibəsi qəhrəmanlarına həsr edilmiş memorialların və yüzlərlə tarixi abidənin dağıdılması, həmçinin Azərbaycanın ədəbiyyat və mədəniyyət xadimlərinin heykəllərinin, həmçinin dini-tarixi abidələrin, məscidlərimizin vandalizmə məruz qalması beynəlxalq hüququn, bəşəri dəyərlərin və humanitar prinsiplərin açıq şəkildə pozulması idi. Bu ədalətsizliklər qarşısında susan, ictimai və diplomatik platformalarda mövqe bildirməyən dairələrin bu gün qanunsuz ucaldılmış bir heykəlin sökülməsini bəhanə edərək Azərbaycana qarşı ittiham irəli sürməsi təkcə riyakarlıq deyil, həm də ikili standartların təzahürüdür. Bu yanaşma nə regionda sülhə, nə də ölkələrarası münasibətlərə xidmət etmir.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi bəyan edir ki, heç bir qərəzli açıqlama və təxribat cəhdi Azərbaycan xalqının müstəqilliyə və suverenliyə sarsılmaz bağlılığını zəiflədə bilməz. Dövlətimizin ərazi bütövlüyü və qanunları hər kəs üçün əsas prinsipdir və bu prinsiplərə zidd olaraq inşa edilən hər hansı qanunsuz abidənin sökülməsi Azərbaycanın suveren hüququnun təzahürüdür.
AVMVİB-in Mətbuat xidməti