“Bu gün Vaşinqtonda Prezident İlham Əliyevin rəhbərliyi ilə diplomatiyamızın əldə etdiyi 8 Avqust zəfəri, Ordumuzun 2020-ci ildə qazandığı 8 Noyabr qələbəsinin məntiqi sonluğu, şanlı yekunudur”

Bunu mətbuata açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Prezident İlham Əliyevin 2020-ci ildə əldə etdiyi hərbi qələbəni cari ilin 8 avqust tarixindəki siyasi zəfərlə uğurla başa çatdırması qürurvericidir:

“2020-ci ildə başlayan və elə həmin ildə də başa çatan 44 günlük Vətən müharibəsi erməni faşizminin hərbi müstəvidəki varlığına ölümcül zərbə vurdu, işğaldakı torpaqlarımızın qısa zamanda azad edilməsi ilə nəticələndi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə edilən bu tarixi zəfər Cənubi Qafqazda yeni status-kvonun formalaşmasına, Azərbaycanın regional hərbi liderliyinin möhkəmlənməsinə səbəb oldu.

Bu gün Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması isə 8 Noyabr zəfərinin siyasi müstəvidə davamı və yekunu oldu. Azərbaycan 8 Avqust zəfəri ilə sübut etdi ki, o, hərbi müstəvidə əldə etdiyi qələbəni siyasi müstəvidə uğurla davam etdirmək və müvəffəqiyyətlə başa vurmaq qüdrətinə malikdir. Bu zəfər sübut etdi ki, ölkəmizin hərbi-iqtisadi potensialı kimi siyasi poensialı da olduqca böyükdür və rəsmi Bakı başlatdığı istənilən siyasi prosesi öz məntiqi sonluğuna çatdırmağı bacarır.

Bu qələbə həm də Prezident İlham Əliyevin, onun diplomatik dühasının və liderlik qabiliyyətinin nə qədər böyük və zəngin olduğunu, bütün dünyada sonsuz heyranlıq və ehtiramla qarşılandığını bir daha təsdiq etdi.

8 Avqust razılaşması Azərbaycanın diplomatik uğuru olmaqla yanaşı, həm də bütün regionda sülhün və təhlükəsizliyin təmini baxımından mühm əhəmiyyətə malikdir. Bu razılaşma bölgədə yeni gərginlik ehtimalını ortadan qaldırmaqla yanaşı, Cənubi Qafqaz regionunda gərginlik yaratmaq və bu gərginlik fonunda öz məkirli məqsədlərini həyata keçirməyə çalışan bütün qlobal güclər üçün də sarsıdıcı zərbə oldu.

Mən bütün veteranlar adından xalqımızı bu tarixi zəfərə görə təbrik edir, hər bir azərbaycanlını bundan sonra da dövlətimizin, Prezidentimizin ətrafında sxı birləşməyə çağırıram. İnanıram ki, 8 Avqust zəfəri bütün Cənubi Qafqazda sülhün və tərəqqinin inkişafına təkan verəcək, region xalqlarına əmin-amanlıq və səadət bəxş edəcək”.

Bu xəbəri paylaşın: