Birgə Bəyannamə İlham Əliyevin siyasi iradəsinin növbəti parlaq təzahürüdür

Füzuli Rzaquliyev,
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri

8 avqust 2025-ci il tarixi təkcə Azərbaycan diplomatiyasının deyil, ümumilikdə regionun gələcəyinin mühüm dönüş nöqtəsi kimi yadda qalacaq. Vaşinqtonda imzalanan Azərbaycan-Ermənistan Birgə Bəyannaməsi, əslində, illərdir davam edən gərginliklərin, qarşıdurmaların və münaqişələrin arxada qalması istiqamətində atılan ən mühüm addımlardan biridir.

Bu sənəd təkcə kağız üzərində bir mətn deyil — bu, Prezidentimiz İlham Əliyev cənablarının uzaqgörən siyasətinin, qətiyyətli mövqeyinin və müstəqil dövlətçilik kursunun parlaq təzahürüdür. İllərdir davam edən diplomatik mübarizənin, hərbi-siyasi qələbələrin və iqtisadi gücün məntiqi nəticəsi məhz bu tarixi an oldu.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət artıq uzun müddətdir ki, balanslı, prinsipial və nəticəyönümlü kurs kimi özünü təsdiqləyib. Vaşinqtonda imzalanan Birgə Bəyannamə də məhz bu kursun məntiqi davamıdır.
Düşmənçilik və ədavət üzərində qurulmuş siyasət artıq keçmişdə qalır. İndi qarşıda dayanan əsas vəzifə sülhün möhkəmlənməsi, iqtisadi əməkdaşlığın genişlənməsi, bölgədə sabitliyin təmin edilməsidir.

Bu bəyannamə ilə Azərbaycan bir daha nümayiş etdirdi ki, milli maraqlar heç vaxt güzəştə getmir. Sənədin məzmunu göstərir ki, İlham Əliyevin iradəsi təkcə dövlətin təhlükəsizliyini deyil, həm də regionun inkişaf perspektivlərini təmin edən bir strategiyaya söykənir.
Ən əsası isə, bu prosesdə Azərbaycan heç bir xarici təzyiqin, yaxud birtərəfli tələbin əsiri olmayıb. Əksinə, oyun qaydalarını müəyyən edən tərəf məhz Azərbaycan dövləti və onun lideridir.

Birgə Bəyannamə təkcə bugünkü siyasi gündəmi müəyyən etmir, eyni zamanda gələcək onilliklər üçün regional əməkdaşlığın yol xəritəsini cızır. Bu, iqtisadi layihələrin genişlənməsi, nəqliyyat-kommunikasiya xətlərinin bərpası, mədəni əlaqələrin inkişafı və insanların sərbəst ünsiyyəti üçün yeni imkanlar yaradır.

Prezident İlham Əliyev bir daha sübut etdi ki, əsl lider təkcə çətin dövrlərdə xalqına qalibiyyət bəxş edən şəxs deyil, həm də qələbəni uzunmüddətli sülhə çevirə bilən siyasi iradə sahibidir.

Biz — 93 minlik üzvi olan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi — yaxşı bilirik ki, sülhün dəyəri yalnız savaşın ağrı-acılarını görmüş insanlar üçün deyil, bütün xalq üçün ölçüyəgəlməzdir. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər, indi diplomatik müstəvidə daha da möhkəmlənir. Biz Ali Baş Komandanımız İlham Əliyev cənablarının sülh prosesi ilə bağlı siyasətini tam dəstəkləyirik. Bu gün imzalanan sənəd həm də şəhidlərimizin qanı bahasına qazandığımız torpaqlarda əbədi sülhün bərqərar olacağı deməkdir.

Biz, veteranlar, bu tarixi sənədi alqışlayır, onu dövlətimizin və xalqımızın gələcəyi naminə atılmış qətiyyətli addım kimi qiymətləndiririk.
Sülh, əmin-amanlıq və tərəqqi — məhz Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə Azərbaycanı gözləyən gələcək budur.

Bu xəbəri paylaşın: