Zəfərdən Sülhə: Şəhidlərimizin ruhuna ən böyük hədiyyə

Vahid Abdurəhmanov,
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədrinin Birinci müavini

8 avqust 2025 — bu tarix yaddaşımıza təkcə bir sənədin imzalanması ilə deyil, minlərlə ürəyin illərlə həsrətini çəkdiyi bir duyğunun — sülhün nəfəsinin ölkəmizin üzərinə hopduğu gün kimi yazıldı. Vaşinqtonda imzalanan Azərbaycan — Ermənistan Birgə Bəyannaməsi, illərin yarasını sarıyan, gözlərə ümid işığı gətirən, xalqın qəlbindəki yükü yüngülləşdirən bir hadisədir.

Bu bəyannamə kağız üzərində sadə imza deyil — o, torpaqlarımızı qoruyan əsgərlərin, döyüş meydanlarında canından keçən şəhidlərin, qara günləri görmüş anaların dualarının gerçəkləşmiş səsidir. Onun hər sətirində qələbənin, milli qürurun və dövlət iradəsinin möhürü var.

Bu sənədin arxasında təkcə diplomatik masada aparılan danışıqlar yox, həm də illərin siyasi mübarizəsi, haqqın gücü və Müzəffər Ali Baş Komandanımız Prezident İlham Əliyev cənabalrının sınmaz iradəsi dayanır. O, bir daha sübut etdi ki, Azərbaycanın taleyində hansı səhifə açılacaqsa, o səhifəni yalnız Azərbaycan özü yazacaq. Biz heç kimdən sülh dilənmədik — sülhü şərəf və qətiyyətlə masaya gətirdik.

Müharibə meydanının tozunu udmuş, silahdaşlarını itirmiş bir veteran üçün “sülh” sadəcə diplomatik termin deyil. O, gecələr yuxusuna gələn səngər yoldaşının xatirəsidir, ön cəbhədə günəşin altında qurumuş dodaqlara çəkilən suyun dadıdır, kəndinə qayıdan uşağın gülüşüdür. Biz, veteranlar, bu gün imzalanan sənəddə məhz bu duyğuları görürük — qələbənin əbədiyyətə çevrilməsini, torpaqlarımızın toxunulmazlığının hüquqi təsdiqini.

Birgə Bəyannamə, gələcək nəsillərə açılan yolun başlanğıcıdır. Bu yolun üstündə artıq barıt iyi yox, buğda qoxusu olacaq. Dəmir yolları silah yox, məhsul daşıyacaq. Sərhədlər gərginlik deyil, əməkdaşlıq nöqtəsinə çevriləcək. Bu, təkcə bizim üçün deyil, bütün region üçün yeni sabahın qapısıdır.

Biz, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi olaraq, bu sənədi alqışlayır, onun hər sətirində həm qələbəmizi, həm də sabaha inamımızı görürük. Sülhü qorumaq, onu möhkəmləndirmək, gələcək nəsillərə miras qoymaq bizim həm borcumuz, həm də şəhidlərimiz qarşısında andımızdır.

Qoy bu bəyannamə xalqımızın yaddaşında yalnız bir sənəd kimi yox, Vətənə qovuşmuş arzuların, gerçəkləşmiş ümidlərin simvolu kimi yaşasın.

Bu xəbəri paylaşın: