Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) fəal üzvlərindən, Vətənin igid oğlu mərhum Kamil Şirinovun doğum günüdür. Biz bu gün onun xatirəsini ehtiramla yad edirik. Onun ömrü yarımçıq qalsa da, həyat yolu bütöv bir qəhrəmanlıq dastanına bənzəyir.
Kamil Sabir oğlu Şirinov 1964-cü ilin avqustun 11-də İmişli rayonunda zəhmətkeş bir ailədə dünyaya göz açıb. O, uşaqlıqdan çalışqanlığı, dürüstlüyü və vətənpərvərliyi ilə seçilirdi. 1981-ci ildə İmişli rayonunun 5 saylı orta məktəbini, 1992-ci ildə isə Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universitetini) bitirib. 1982-1984-cü illərdə Sovet Ordusunda həqiqi hərbi xidmət keçib.
Vətənin ağır günlərində, 1991-ci ildə, o, tərəddüd etmədən könüllü olaraq silaha sarılıb. İlk Şıx batalyonunun tərkibində Şuşa, Füzuli, Tərtər, Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Ona həvalə olunan hər bir tapşırığı şərəf və vicdanla yerinə yetirib, döyüş yoldaşları arasında etibar qazanıb.
Atəşkəsdən sonra da Kamil Şirinov mübarizəsini davam etdirib. 1994-cü ildə AVMVİB-in yaradıcılarından biri kimi təşkilatın inkişafında mühüm rol oynayıb. 27 il ərzində təşkilatın Nəzarət-Təftiş Komissiyasının sədri, sədrin birinci müavini kimi yüzlərlə müharibə veteranının və qazinin hüquqlarının müdafiəsi uğrunda yorulmadan çalışıb. O, həm də Xırdalan Şəhər Bələdiyyəsinin üzvü, hüquq komissiyasının sədri, 4 saylı orta məktəbin hərbi rəhbəri kimi gənclərə vətənpərvərlik ruhu aşılayıb.
İkinci qrup müharibə əlili olan Kamil Şirinov dövlətin, ordunun, ictimai birliklərin və müxtəlif qurumların mükafatlarına layiq görülüb. Onun döş nişanları, xatirə medalları və təşəkkür fərmanları, aldığı qiymətli hədiyyələr yalnız gördüyü işlərin kiçik bir hissəsinin rəsmi təsdiqi idi. Əsl mükafatı isə xalqın qəlbində qazandığı hörmət idi.
2021-ci ilin 3 avqustunda Kamil Şirinov haqq dünyasına qovuşdu. Onun itkisi AVMVİB sıralarında böyük boşluq yaratdı. Torpağın üzü soyuq olsa da, igidlərin xatirəsi daim isti qalır. Çünki Kamil Şirinov kimi insanlar ölmür – onlar yaşadıqları kimi, əqidələri və əməlləri ilə əbədiyyətə qovuşurlar.
Bu gün onun doğum günündə, silahdaşları, dostları, onu tanıyan hər kəs bir daha xatırlayır: Kamil Şirinov həm döyüş meydanında, həm də həyatın mübarizə yollarında mərd, ədalətli, sözübütöv bir insan idi. Onun ömrü gələcək nəsillərə örnəkdir.
AVMVİB rəhbərliyi Kamil Şirinovun əziz xatirəsini həmişə uca tutur. Onlar onun Vətənə sədaqətini, döyüş meydanlarında göstərdiyi igidliyi, müharibədən sonrakı illərdə qazilər və şəhid ailələri üçün sərf etdiyi yorulmaz əməyini yüksək qiymətləndirir. Kamil Şirinovun həyat yolu, həm silahdaşları, həm də onu tanıyan hər kəs üçün mərdlik, əqidə və vətənpərvərlik nümunəsidir. Belə insanların xatirəsinin yaşadılması yalnız keçmişə ehtiram deyil, həm də gənc nəslin vətən sevgisi ilə böyüməsinə töhfədir. Bu səbəbdən də onun adı təşkilatın tarixində xüsusi yer tutur, fəaliyyəti isə gələcək nəsillərə örnək kimi təqdim olunur.

Ruhu şad, məkanı cənnət olsun!





Ruhu şad, məkanı cənnət olsun!





