AVMVİB-in 18 avqust 2025-ci il tarixli bəyanatı

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə (AVMVİB) daxil olmuş çoxsaylı müraciətlər əsasında bildiririk ki, avqust ayında Bakıda, Şəhidlər Xiyabanında bir ərəb turistin şəhidlərimizin əziz xatirəsinə qarşı hörmətsiz və ədəbsiz hərəkətlərə yol verməsi Azərbaycan xalqını, xüsusilə müharibə veteranlarını dərindən hiddətləndirmişdir.

Qeyd edilməlidir ki, bu, ilk belə hal deyil. Ötən illərdə də bəzi xarici turistlər tərəfindən müqəddəs Şəhidlər Xiyabanında hörmətsizlik hallarına yol verilmiş, şəhidlərin ruhuna və məzarlarına qarşı məsuliyyətsiz davranışlar nümayiş etdirilmişdir. Bu kimi hadisələr xalqımızın mənəvi dəyərlərinə, Vətən uğrunda canından keçmiş qəhrəman oğullarımızın müqəddəs xatirəsinə qarşı açıq təhqirdir.

Azərbaycan dövləti və xalqı üçün Şəhidlər Xiyabanı müqəddəs məkandır. Burada uyuyan igidlərin hər biri müstəqilliyimizin, dövlətçiliyimizin və milli qürurumuzun rəmzidir. Onların əziz xatirəsinə qarşı ən kiçik hörmətsizlik belə qəbuledilməzdir və cəmiyyətimizdə haqlı olaraq dərin hiddət doğurur.

AVMVİB olaraq bildiririk ki, belə halların qarşısının alınması üçün məsul qurumlar tərəfindən daha ciddi nəzarət tədbirləri görülməli, həmçinin ölkəmizə gələn turistlərə Azərbaycan xalqının müqəddəs məkanları və milli dəyərləri barədə məlumatlandırma işləri gücləndirilməlidir.

Biz, müharibə veteranları, dövlətimizin və xalqımızın yanında olaraq bəyan edirik ki, Şəhidlərimizin xatirəsinə qarşı hər hansı hörmətsizliyə heç vaxt dözməyəcəyik. Bu hadisə ilə bağlı hüquqi qiymətin verilməsini, günahkar şəxslərin isə qanun qarşısında cavab verməsini tələb edirik.

Füzuli Rzaquliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri

AVMVİB-in Mətbuat xidməti

Bu xəbəri paylaşın: