Yevlaxda şəhidlərin əziz xatirəsi anıldı

Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Yevlax rayon şöbəsinin üzvləri, şəhər ictimaiyyəti, şəhid ailələri və qazilər 27 sentyabr – Şəhidlərin Anım Günü münasibətilə Şəhidlər xiyabanında bir araya gəliblər.

Tədbir zamanı qəhrəman Vətən övladlarının müqəddəs xatirəsi böyük ehtiramla yad olunub. İştirakçılar şəhidlərin məzarları önünə tər qərənfillər düzüb, onların ruhuna dualar oxuyublar.

Çıxış edənlər bildiriblər ki, 27 sentyabr Azərbaycan tarixində yalnız hüzn günü deyil, həm də qəhrəmanlıq və şərəf günüdür. Məhz bu gün 2020-ci ildə xalqımız və Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın azadlığı uğrunda müqəddəs mübarizəyə qalxaraq parlaq Zəfər tarixi yazdı.

Yevlax ictimaiyyətinin nümayəndələri vurğulayıblar ki, şəhidlərin qanı ilə yazılan bu şanlı tarix heç vaxt unudulmayacaq, onların göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün vətənpərvərlik məktəbi olacaq.

AVMVİB-in Mətbuat xidməti

Whats-App-Image-2025-09-27-at-15-50-28
Bu xəbəri paylaşın: