27 sentyabr – Şəhidlərin Anım Günü ilə əlaqədar Binəqədi rayonunda “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsin Binəqədi rayon Sukanal idarəsi tərəfindən tədbir keçirilmişdir. Tədbirdə Vətən uğrunda canından keçən igid oğul və qızlarımızın müqəddəs xatirəsini yad etmək məqsədi daşıyan mərasimdə dövlət qurumlarının nümayəndələri, müharibə veteranları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbir dövlət himnimizin səsləndirilməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış və onların ruhuna dualar oxunmuşdur.
Tədbirdə Binəqədi rayon Sukanal idarəsinin rəisi Dəyanət Ənvər oğlu Seyidəliyev, idarənin rəis müavini Tural İlyas oğlu Quliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov çıxış edərək şəhidlərin Vətən qarşısındakı misilsiz xidmətlərindən, onların fədakarlığından və qəhrəmanlıq tariximizin yazılmasındakı rolundan bəhs ediblər.
Çıxış edənlər qeyd ediblər ki, 27 sentyabr Azərbaycan xalqı üçün yalnız kədər və hüzn günü deyil, eyni zamanda qəhrəmanlıq və qürur günüdür. Məhz bu tarixdə müasir Azərbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətənimizin azadlığı və suverenliyi uğrunda tarixi Zəfər yürüşünə başlayıb. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, xalqımızın birliyinin, əzm və iradəsinin təntənəsinə çevrildi.
Mərasimdə vurğulanıb ki, şəhidlərimizin qanı bahasına qazanılmış bu böyük qələbə təkcə bir döyüşün nəticəsi deyil, əsrlər boyu azadlıq uğrunda aparılan mübarizənin zirvəsidir. Onların göstərdikləri qəhrəmanlıq, göstərdikləri igidlik gələcək nəsillərə örnək, vətənpərvərlik məktəbidir.
AVMVİB-in Mətbuat xidməti




