Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyində (AVMVİB) yeni kadr təyinatı həyata keçirilib. AVMVİB sədrinin qərarı ilə Əliyev Talıb Məmməd oğlu təşkilat sədrinin ideoloji məsələlər üzrə müavini vəzifəsinə təyin edilib.
Bununla əlaqədar keçirilən təqdimat mərasimində AVMVİB-in sədri Füzuli Rzaquliyev, sədrin birinci müavini Vahid Abdurəhmanov, eləcə də təşkilatın digər rəhbər şəxsləri iştirak ediblər.
Tədbirdə çıxış edən Füzuli Rzaquliyev Talıb Əliyevi yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb və təşkilatın ideoloji fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əminliyini ifadə edib.
Çıxış edən Talıb Əliyev isə ona göstərilən yüksək etimada görə AVMVİB rəhbərliyinə, xüsusilə təşkilatın sədri Füzuli Rzaquliyevə minnətdarlığını bildirib. O, bu etimadı doğrultmaq üçün bütün bilik və təcrübəsini səfərbər edəcəyini, Azərbaycan dövlətçiliyinin, milli-mənəvi dəyərlərin və vətənpərvərlik ideologiyasının təbliği istiqamətində fəaliyyətini məsuliyyətlə davam etdirəcəyini vurğulayıb.
AVMVİB-in Mətbuat xidməti
