AVMVİB Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmovun verdiyi məlumata görə, Suraxanı rayonunda yaşayan müharibə veteranları və yerli əhali Prezidentin çağrışına səs verərək Səfərbərlik və hərbi Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsinə müraciətlər edirlər.
Eldar Rüstəmov bildirdi ki, Ermənistan hərbi bölmələrinin sərhəddə yerləşən Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücum etməsi təcavüzdür və növbəti təxribatdır. Rəşadətli Azərbaycan Ordusu təxribatın qarşısını böyük cəsarətlə almış və onların layiqli cavabını verərək geri otuzdurmuşdur. Bu döyüşlərdə şəhid olmuş hərbçilərimizə Allahdan rəhmət diləyirəm.
Hadisələrə daim həssas yanaşan xalqımız daim olduğu kimi Ali Baş Komandanın və ordumuzun yanında olduğunu bir daha göstərdi. Bizim kimi minlərlə keçmiş döyüşçülər Ali Baş Komandan cənab İlham Əliyevə müraciət edərək, hər bir veriləcək əmrə və düşmənə qarşı aparılacaq əməliyyatlarda təcrübəmizlə iştirak etməyə, hər bir addımda öz dəstəyimizi göstərərək Vətənimizin keşiyində durmağa hazır olduğumuzu bildirmək istəyirik.
Prezident İlham Əliyevin və Birinci Vitse Prezident Mehriban Əliyevanın Bakının Xətai rayonunda şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasimində pandemiya dövründə şəxsən iştirak etməsini biz müharibə iştirakçıları alqışlayır və bunu Dövlət Başçımızın bizlərə olan diqqət və qayğısi kimi qəbul edirik. Tədbirdə çıxış zamanı dediyi bu sözləri isə əsil bir Komandanın çağrışı kimi qəbul edirik:
«İkincisi, qoy Ermənistanın qorxaq rəhbərliyi yadına salsın ki, qaçıb yardım almaq istədiyi KTMT-nı necə təhqir etmişdi, heç bir başqa ölkə ilə razılaşma aparmadan onun baş katibini həbs eləmişdi. Belarus nümayəndəsinin KTMT-ya yeni baş katib təyin olunmasının əleyhinə çıxmışdı. Bir il ona imkan vermədi ki, işə başlasın. Bəs nə oldu, o vaxt KTMT pis idi, sən onu təhqir edirdin, indi qaçıb onun ətəyindən yapışırsan. Gəl bizimlə təkbətək vuruş, təkbətək, baxaq görək bunun axırı nə olacaq.»
AVMVİB Suraxanı rayon şöbəsinin sədri Eldar Rüstəmov, cənab Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın tezliklə azad olunacağına bir daha əmin olduğunu bildirdi.