Pandemiya dövründəki çətinliklərə baxmayaraq sosial layihələr uğurla davam etdirilir

Bildiyimiz kimi, bir çox dünya ölkələrində olduğu kimi Azərbaycanda da COVİD-19 təhlükəsi hələ də davam etməkdədir, lakin iyul ayının 16-dan etibarən son 3 həftə ərzində ciddi irəliləyişlərin əldə olunması birmənalı şəkildə vurğulanmalıdır.

Əlbəttə ki, bu irəliləyişlər hələ son deyil və ölkədə görülən qabaqlayıcı tədbirlər nəticəsində əldə olunan bu irəliləyişlər davam etdirilməlidir. Bu nəticəyə nail olmağımızın əsas səbəblərindən biri təşkilati məsələlərin lazımi səviyyədə görülməsi idi və bununla bağlı öz çıxışında cənab prezident İlham Əliyev qeyd etmişdir: “Xəstəxana fondumuzu qısa müddət ərzində xəstəliklə əlaqədar vəziyyətə uyğunlaşdıra bildik və bu məsələdə həkimlərimizin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir.

Bildiyiniz kimi, bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Onu da bildirməliyəm ki, bu 46 xəstəxananın 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Əgər biz vaxtında bu addımları atmasaydıq, bu gün çox böyük problemlərlə, faciəvi vəziyyətlə üz-üzə qala bilərdik”.


Azərbaycan COVİD-19 testlərinin keçirilməsi ilə əlaqədar uğurlu addımlar atmışdır və bunun nəticəsində bu gün Azərbaycan dünyanın ən qabaqcıl ölkələrindən biridir. Bu müddət ərzində laboratiyaların sayının 5 dəfə artırılması və yeni laboratoriyaların açılması yaxın müddətdə daha çox testlərin keçirilməsinə imkan verir. Prezident Ilham Əliyev öz çıxışında qeyd edir: “Biz bütövlükdə laboratoriyaların sayını 45-ə çatdırmalıyıq. Bu yaxınlarda ölkəmizə yeni təcili tibbi yardım maşınları gətirilmişdir. Yüz maşının gətirilməsi nəzərdə tutulur, onlardan 40-ı artıq Bakıdadır. Bu maşınlar bütün bölgələrə göndərilir və göndəriləcək. Əlbəttə ki, xəstə vətəndaşlarımıza lazımi tibbi xidmətin, təcili tibbi yardımın göstərilməsi üçün bu maşınların da çox böyük əhəmiyyəti vardır”.

Virusun ölkəmizdə geniş şəkildə yayıldığı bir dövrdə mövcud xəstəxanaların sayının kifayət qədər olmasına baxmayaraq, yeni modul tipli 9 xəstəxana istifadəyə verilmişdir. Bu modul tipli xəstəxanalardan 4-ü iyul ayının 29-da Qobustan, İsmayıllı, Qəbələ və Şəki şəhərlərində prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilmişdir. Prezident İlham Əliyevin də bildirdiyi kimi, yaxın gələcəkdə modul tipli xəstəxanaların sayı bütövlükdə 16-ya çatdırılacaq və beləliklə, bizim təkcə bu xəstəxanalarda 3200 koronavirus xəstəsi müalicə ala biləcək. Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verildi və 1300 çarpayılıq digər xəstəxana isə bu ayın sonuna qədər istifadəyə veriləcək. Bu da əlavə 2100 çarpayı deməkdir. Biz iki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsi, yəni, uyğunlaşdırma məsələlərini həll etmək üçün qısa müddət ərzində hazır vəziyyətə gətirdik. Artıq bu komplekslərin hər birində lazım olarsa 300-ə yaxın xəstə müalicə ala bilər. Hələ ki buna ehtiyac yoxdur, ancaq əgər ehtiyac yaransa, biz, əlbəttə, bu imkanlardan da istifadə edə bilərik.

Son 3 həftə ərzində COVİD-19 virusuna yoluxanların sayının nəzərəçarpacaq şəkildə azalması müşahidə olunur. Eyni zamanda həkimlərin sayının artırılması ilə bağlı danışıqların aparılması nəticəsində Türkiyə, Rusiya, Kuba, İtaliya və Çindən həkim briqadaları ölkəmizdə fəaliyyətə başlamışdırlar və bu gün ümumilikdə 215 nəfərdən ibarət tibbi heyət həkimlərimizlə bərabər fəaliyyət göstərir.

Hal-hazırkı dövrdə iqtisadi və sosial məsələlərin həlli ilə bağlı da Prezident İlham Əliyev öz çıxışında vurğulamışdır ki, biz təqribən 5 milyona yaxın insanı geniş sosial paketlə əhatə etdik. Dövlət sektorunda çalışan 900 min insanın böyük əksəriyyəti faktiki olaraq işləmir, ancaq dövlət tərəfindən əməkhaqqı alır. 760 min insana lazımi maliyyə dəstəyi göstərildi və onların iş yerləri qorundu. Əks təqdirdə, 760 min insan işsiz qala bilərdi. Çünki onların çalışdıqları sektorlar pandemiya nəticəsində ən böyük zərər görmüş sektorlardır. Təbii ki, sahibkarlar, işəgötürənlər indi gəlir əldə etmirlər və beləliklə, yüz minlərlə insan işsiz qala bilərdi. Yenə də dövlət operativ tədbirlər nəticəsində dərhal bu məsələyə müdaxilə etdi.

Əlbəttə ki, bu məqsədlər üçün böyük maliyyə resursları xərclənibdir. 600 min işsiz insan, o cümlədən qeyri-formal məşğulluqda fəaliyyət göstərən və müvəqqəti olaraq öz işini itirən, aztəminatlı təbəqəyə aid olan vətəndaşlarımız dövlət tərəfindən qayğı ilə əhatə olunubdur. Onlara artıq bir neçə ay ərzində 190 manat müavinət verilir. Hesab edirəm ki, bu sosial dəstək bundan sonra da davam etdirilməlidir. Hazırda Azərbaycanın 13 şəhər və rayonunda sərt karantin rejimi tətbiq edilir. Həmin rayonların bu kateqoriyaya aid insanları bu dəstəklə bundan sonra da əhatə olunmalıdır.

Mövcud pandemiya şəraitində keçirdiyimiz ağır günlərin olmasına və neftin aşağı düşməsinin gəlirlərimizə mənfi təsir etməsinə baxmayaraq nəzərdə tutulmuş və icrasına başlanan heç bir sosial layihənin ixtisar olunmamış və ya icrası dayandırılmamışdır. Həmçinin hal-hazırkı dövrdə məcburi köçkün ailələri diqqətdən kənarda qalmamış , yeni və tam təchizatlı mənzillərlə təmin olunmuşdur. Prezident İlham Əliyev də öz çıxışında qeyd etmişdir : “Bu il rekord sayda məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunacaq. Bu il bu imkandan 7 mindən çox köçkün ailəsi faydalanacaq. Bu il rekord sayda — 1500 şəhid ailəsi, Qarabağ müharibəsi əlili mənzillərlə təmin ediləcəkdir. Ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaq. Yəni, bütövlükdə ən azı 9 minə yaxın ailə bu il dövlət tərəfindən mənzillərlə təmin ediləcəkdir. Bütün bu mənzillər keyfiyyətli mənzillərdir, demək olar ki, onların hamısı yeni tikilmiş binalarda yerləşir. Beləliklə, əgər biz bir ailənin üzvlərini orta hesabla beş nəfər götürsək, deməli, bir il ərzində ölkəmizdə 45 min insan dövlət tərəfindən pulsuz, keyfiyyətli mənzillərlə təmin edilir. Mən tam əminliklə deyə bilərəm ki, adambaşına düşən saya görə bu, dünyada ən yüksək nailiyyətdir”.

Bununla yanaşı, hal-hazırda hökm sürən pandemiya şəratitində ölkədəki iqtisadi və sosial sabitliyin heç bir beynəlxalq maliyyə qurumundan dəstək almadan yalnızca dövlətin öz maliyyə resurslarından istifadə etməsi ilə qorunub saxlanılması xüsusilə qeyd olunmalıdır. Həmçinin biznesə dəstək məsələlərinin müzakirələrindən sonra verilən qərarlara əsasən nəzərdə tutulmuş layihələr, sahibkarlara güzəştli şərtlərlə kreditlərin, subsidiyaların verilməsi, kənd təsərrüfatının stimullaşdırılması kimi addımlar iqtisadi sahədə əldə olunacaq irəliləyişləri göstərir.

Qeyd olunmalıdır ki, pandemiya şəraitindən öncə dövlət büdcəsinin təsdiq olunmasına baxmayaraq, mövcud vəziyyətin gəlirlərimizə təsiri — azalan gəlir və artan xərclər əməkhaqqı fondunda azalma və ya əmək müqaviləsi ilə işləyən insanların sayının azalması kimi halların baş verməsinə şərait yaratmadı. Bununla yanaşı olaraq, ölkə üçün lazım olan infrastruktr layihələrinin icrası, ölkəmizin hərbi potensialının möhkəmlənməsi üçün də əlavə vəsaitin təşkil edilməsi təmin olunacaqdır.

Hal-hazırda ölkədə movcud pandemiya ilə bağlı elan edilmiş karantin rejiminin yumşaldılması prosesi deməyə əsas verir ki, biz də vətəndaş olaraq öhdəliklərimizi yerinə yetirməklə bu virusdan tamamilə azad ola bilərik. Unutmamaq lazımdır ki, bu virusun vaksini hələ də tapılmayıb və buna görə də xəstəliyin geniş vüsət almasına yol verməmək naminə vətəndaş olaraq həmrəy şəkildə fəalliyyət göstərməli və karantin rejiminin tələblərinə riayət etməklə ölkəmizi bu bəladan xilas etməliyik!

Aytəkin Hacılı
Xəzər rayon gənci

Bu xəbəri paylaşın: