İllərcə evsiz qoyduğu müharibə veteranın evini satlığa qoyan «zorən» köçkün

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Ucar rayon şöbəsinin sədri İlham Əmiraslan oğlu Həsənov üzləşdiyi problemlə bağlı redaksiyaya müraciət edib. Müharibə veteranının yazdığına görə, 1990-1994-cü illərdə Qarabağ uğrunda gedən bir çox döyüşlərdə rota komandiri kimi iştirak edib. 1992-ci ildə Ucar rayon mənzil komissiyasının qərarına əsasən H. Əliyev küçəsi ev 134, mənzil 4 ünvanında mənzillə təmin olunması barədə order verilib. İlham Həsənov Qarabağda döyüşlərdə olarkən onun mənzili Ağdam rayonundan məcburi köçkün düşmüş Ərəstun Əşrəf oğlu Abbasov tərəfindən zəbt edilmişdir.

Bu illər ərzində kirayələrdə yaşamış müharibə veteranı mənzil üzərində qanuni hüquqları olsa da dövlət tərəfindən məcburi köçkünlər üçün tikiləcək mənzilləri gözləyib. Nəhayət ki, köçkünlər üçün tikilən şəhərcikdə oğlunun soyadını Əşrəfzadə yazdıraraq 2 və 3 otaqlı mənzil alsa da, Ərəstun Əşrəf oğlu Abbasov müharibə veteranının zəbt olunmuş mənzilini boşaltmaq əvəzinə, illərcə bir ailəni evsiz qoyduqlarına görə üzrxahlıq etmək əvəzinə, mənzil sahibindən evi boşaltmaq müqabilində 20 min manat pul istəyib. Üstəlik «makler» kimi satmağa adam da axtarır və mənzili boşaltmaq istəmir.

Müharibə veteranı İlham Həsənov üzləşdiyi bu problemlə bağlı aidiyyatlı orqanlara müraciət etsə də, adət üzrə kimsə veteranın səsinə səs verməyib. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və onun yerli şöbəsinə etdiyi müraciətlərə cavab verilmir.

Buradan müharibə veteranlarına daim qayğıyla yanaşan Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə üz tuturuq. Ağdam rayonundan məcburi köçkün düşən Ərəstun Abbasov barədə lazımi tədbir görülməsini və belə şəxslərin köçkün adına yaraşmayan hərəkətlərinə son qoymanızı və müharibə veteranı İlham Həsənovun illərcə pozulmuş hüquqlarının bərpasına yardımçı olmanızı rica edirik!

Ümid edirik ki, mövzuya bir daha qayıtmayacağıq.

P.S. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq…

Elnur Səlim

Bu xəbəri paylaşın: