Şəhidlərimizi kimlər hədəfə alıb?

Necəsən, deyə sormayın halımı, ölkəm kimiyəm, bir yanım qan, bir yanım göz yaşları…

Nə baş verir?

Şəhid abidələrinə rəng atılır. Təsadüf. Şəhid adları kütləvi şəkildə verildiyi ünvanlardan götürülür. Təsadüf. Şəhidlər abidəsindən mərmər lövhə oğurlanır. Təsadüf. Şəhidlər abidəsini söküb yerini rayon icra başçısı qaynına «hədiyyə» verir. Təsadüf. Su idarələri Şəhid bulaqlarının suyunu, işıq idarələri işığını kəsirlər, məşəlin qazını kəsirlər ki, bəs şəhidlər «pul ödəyə bilməzlər». Bu terrorların mərkəzi sayılan erməni kilsələri deyil ki, pulsuz qaz verək? Bunlar da təsadüf. Və çoxlu təsadüflər…

Sizcə bütün bunlar təsadüfdürmü?

Sosial şəbəkədə bu Vətənin çörəyini yeyib harınlayanların şəhidlərin qanı qurumamış qədirbilən xalqımızın öz vəsaitləri hesabına düzəltdikləri plakatları sökdürənlər barədə kadrlara rast gəlincə təəccüblənmədim.

Necə deyərlər, rəsmən ölkəmizdə şərəfsizlik universitetləri yoxdur, amma bunca nadan və şərəfsizlərin haradan məzun olmaları çox maraqlıdır.

Hələ 2017-ci ildə «Şəhid adlarının əbədiləşdirilməsi barədə» Nazirlər Kabinetinin qərarının müddəaları 1999-2016-cı il ərzində hissələrlə tam dəyişdirilib. Yalnız 2 dəfə «Azərbaycanın Milli Qəhrəmanı» adı alan şəhidə abidə qoyula və adına ünvan verilə bilər. Bu barədə geniş araşdırma yazısı yazdım və aidiyyatlı qurumlara müraciət elədim. Amma o qurumlar bir yana, heç şəhid adıyla yaradılan bəzi işbaz ictimai birliklər də reaksiya vermədilər. Yalnız Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi döyüşdə şəhid olan qardaşlarının müdafiəsinə qoşuldu.

Amma qarşı tərəf olmadığından bu mübarizələr Don Kixotluqdan qeyri heç nəyə bənzəmədi. Kimi bu ölkədəki 3-cü qüvvədən danışır, kimi 5-ci kolondan, kimi də öncə anası ermənilərdən, indi də nənəsi ermənilərdən danışır. Adamdan soruşmaq lazımdır ki, adi bir qulluğa götürəndə itinin, pişiyinin xaricdə qohum cinsinin olduğunu soruşanlar, niyə bunlardan xaricdə dayılarının olub-olmamalarını soruşmayıblar? Əgər soruşublarsa da, o mövcud bölməyə nə yazıblar?..

Nə yaxşı ki, bu sosial şəbəkələr varmış. Heç olmasa daxili düşmənlərimizi buradan xalqa tanıda bilirik. Yetişməkdə olan vətənpərvər gəncliyimiz daha zirək və daha inadlı olmaları ilə qürur duyuram. Tovuz rayonunda Qaraqaya yüksəkliyi uğrunda şəhid olmuşların əziz xatirəsini uca tutan Azərbaycan insanı, öz olmayan büdcəsi hesabına hazırladıqları plakatları, «büdcə gəmriciləri» sökdürür. Deyək ki, məmur xaindir, bəs o plakatı sökən, niyə bir şərəfsizin əmrini yerinə yetirir? Bu qan və gen məsələsidir. Meydanı boş görəndə yığışmaq məsələsidir.

O yerlər uğrunda 12 şəhid verdik. 24 göz qapandı günəş işığına. 12 ana və 12 ata qəlbindəki hıçqıraqla «Ana» dedikləri torpağa, «Balam» dedilər. Bunu anlamayan zavallılarla bir məmləkətdə yaşamaqdan iyrənirəm. Bu adamlara xain demək, çox mülayim səslənir. Boşuna deməyiblər ki, Satan sağ olduqca, Vətən sağ olmaz! Vətənimizi şəhid verməməsi üçün, hər kəs öz tanıdığı satqını önə çıxarmalıdır!

Facebookda paylaşılmış videoları və əməkdaşımız Əli Nəsib Zərdabinin min bir əziyyətlə əldə etdiyi düşmənin işğalçı əsgərlərinə ucaltdıqları abidələri sizlərin diqqətinə çatdırıram. Qiyməti özünüz verin və düşünün. Kimdir günahkar? O sizin yanınızdadır. Sizlər onları yaxşı tanıyırsınız və sadəcə qulaq dincliyinə görə susursunuz. Bu məqamda susmaq xainlikdir. Düşmənlə düşmən kimi mübarizə aparmamaq satqınlıqdır.

Şəhidlər ölməz deyirik. Şəhid unudularsa, ölər. Vətən bölünməz deyirik. Amma sahib çıxmasaq Vətən bölünər.

Şair M.A. Ərsoy demiş:

Sahibsiz Vətənin batması haqdır,
Sən sahib olarsan, bu Vətən batmayacaqdır!

P.S. Videonu sosial şəbəkədə yayanlar Bəxtiyar Əliyev adlı jurnalistin adını çəkirlər. Bu adamın nə ilə məşğul olduğunu bilənlərin və adı çəkilən şəxsin məsələyə münasibətlərini yayınlamaq istərdik…

Qələmlə «çəngəli» dəyişik salan «parnik jurnalistləri» bu sənəti yerlərə vurmaqda davam edirlər.

P.P.S. Düşmənin gəbərmiş işğalçı terrorçularına bizim torpaqlarda ucaltdıqları abidələri sizlərə təqdim edirik.

Xaqani Ədəboğlu
AVMVİB Mətbuat Xidmətinin rəhbəri

Bu xəbəri paylaşın: