Bu gün Aşuradır…

Bu gün Məhərrəm ayının 10-cu günü olan Aşuradır.

Aşura günündə ənənəvi keçirilən qanvermə aksiyaları bu il pandemiya səbəbindən məscidlərdə deyil, Milli Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının paytaxtda və bölgələrdəki filiallarında təşkil olunacaq.

Aksiya xüsusi karantin rejiminin qaydalarına ciddi əməl etməklə, donorların sağlamlığı yoxlanıldıqdan sonra reallaşacaq.

Qeyd edək ki, avqustun 21-dən başlayan Məhərrəm ayı oktyabrın 19-da başa çatacaq.

Aşura günü ilə bağlı Araz Şəhrilinin “Səfəvilər: paralellər, ehtimallar, həqiqətlər…”  əsərində bu hadisəylə bağlı maraqlı bir faktı diqqətinizə çatdırmaq yerinə düşərdi: «İmam Hüseynlə birlikdə Kərbəlada şəhid olmuş Əsləm ibn Əmr məhz türkdilli deyləmilərdən olmuşdur. Ona Əsləm ibn Əmr Türki də deyirmişlər. Əvvəl İmam Həsənə, sonra isə İmam Hüseynə xidmət etmiş Əsləm çox mahir ox atan, nizə və qılınc vuran olmaqla yanaşı, həm də yüksək ədəbə və əxlaqa malik bir şəxs idi. Türkdilli olduğu üçün ərəb dilində ləhcə ilə danışırmış. Kərbəla günü düşmənin qarşısına çıxıb onları əvvəlcə türk dilində hədələmiş, sonra isə ərəb dilində aşağıdakı rəcəzi oxuyaraq döyüşə girib şəhid olmuşdur.

Nizə zərbələrimdən dəryalar coşar,

Atdığım oxlardan göylər qaralar,

Qılıncım əlimdə parlayan kimi,

Kibrli paxılın (şeytanın) qəlbi yarılar.

Şeyx Abbas Qumi yazır ki, “İmam Hüseyn Əsləm ibn Əmr Türkinin cənazəsinə yaxınlaşıb onun yanında əyləşdi. Sonra isə əyilib üzünü şəhidin üzünə dayadı və bununla da igid türk (və ya deyləmi) döyüşçüsünə məhəbbətini bildirdi. Halbuki O, (İmam Hüseyn) öz silahdaşlarının heç birinə belə ehtiram göstərməmişdi”.

Bu xəbəri paylaşın: