AVMVİB sədri Ali Baş Komandanın Münhen panel müzakirədəki çıxışına münasibət bildirdi

AVMVİB sədri Füzuli Rzaquliyev, fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələrdə ölkə Prezidentinin mövqeyini tam dəstəklədiklərini bildirdi.

F. Rzaquliyev bildirdi ki, faktlarla düşmən tərəfin təmsilçisini darmadağın edən Ali Baş Komandan İlham Əliyev, siyasi cəhətdən tam yetkin siyasi bir mövqe ilə darmadağın edərək, beynəlxalq arenanın gözləri qarşısında öz konseptual tələblərini ortaya qoydu. Zaman-zaman dünyaya erməni yalanları sırındığına görə, deyə bilərəm ki, bu cür mövqe bir çox mərkəzlərin diqqətini həqiqətə və ədalətə tərəf çevirə bildi. Həmçinin, düşmən tərəfi Azərbaycan prezidentinin haqlı mövqeyi qarşısında şok keçirməkdədir, həm də ölkə daxilində bu çıxış ruh yüksəkliyinə səbəb olub.

F. Raquliyev, prezident İlham Əliyevin: «İlk növbədə, mən bir şərh vermək istərdim. Mən tamamilə əminəm ki, biz hər ikimiz buraya həqiqəti demək üçün gəlmişik. Mənim giriş nitqimdə dediklərim 100 faiz həqiqətdir. Hansılar ki, elə indi yoxlanıla bilər. Sadəcə, internetə daxil olub istinad etdiyim həmin sənədləri taparaq siz kimin həqiqəti deyib-demədiyini anlaya bilərsiniz»-deməsiylə qarşı tərəfin yalançı olmasını diplomatik bir üsulla sübut etdiyini misal göstərdi.

Картинки по запросу Münhen panel görüşü

AVMVİB sədri erməni böhtanlarına zərgər dəqiqliyi ilə verilən bir cavabı diqqətə çatdırdı: «Sadəcə, şərhlərimi bildirmək istəyirəm. Çünki bir daha qeyd edirəm, mən buraya həqiqəti söyləməyə gəlmişəm. Bir daha deyirəm. Mən “Arqumentı i Faktı”da nə yazıldığını bilmirəm. “Arqumentı i Faktı” çox sayda erməninin çalışdığı bir qəzet, müstəqil qəzetdir. Rusiyanın aparıcı mətbuat orqanlarına rəhbərlik edən ermənilərin sayı bizə Azərbaycanda məlumdur. Beləliklə, onlar istədiklərini yaza bilərlər. Ona görə də mən Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun rəsmi bəyanatına istinad edirəm. O deyib ki, heç vaxt belə deməyib. İndi isə baxın. Prezident, sabiq prezident, onun sözləri və bir ermənipərəst və ya erməni jurnalistin sözləri. Hansının dəyəri daha çoxdur? Bu, birincisi. Şaumyana gəlincə. Cənab baş nazir indicə qeyd etdi ki, Dağlıq Qarabağı Azərbaycana vermək qərarını Stalin verib. Bu, səhvdir. Bir daha Qafqaz Bürosunun qərarına baxın, 1921-ci il iyul, orada deyilir ki, Dağlıq Qarabağı Azərbaycanda saxlamaq, Azərbaycana vermək yox. Əgər o Stalini belə çox bəyənmirsə, qəribədir ki, niyə Şaumyanı belə çox bəyənir? Çünki Şaumyan bolşeviklərdən biri idi. O, günahsız azərbaycanlıları qətlə yetirmiş şəxs idi. Bugünkü Dağlıq Qarabağın qondarma paytaxtı onun adı ilə adlandırılıb. Sual olunur: əgər Dağlıq Qarabağ qədim Ermənistan ərazisidirsə, niyə paytaxtın adı qədim erməni adı ilə adlandırılmayıb. Çünki paytaxtın qədim adı Xankəndidir — Xanın kəndi. Stepanakert, çünki Şaumyanın adı Stepan idi, kert Ermənistanda şəhər deməkdir, elə deyilmi? Stepanakert həmin bolşevikin adı ilə adlandırılıb. Bu, bir daha onu sübut edir ki, həmin ərazilərdə heç bir erməni tarixi irsi yoxdur və mənim başladığım məqama gəldikdə bu tarixi məsələ münaqişənin necə həll olunmalı olduğunu başa düşmək üçün mühümdür».

Füzuli Rzaquliyev, ölkə rəhbərinin bu fikirlərini alqışladğnı bildirərək, ölkə daxilində ermənilərə xidmət edən kolonların mövcudluğuna da toxundu. Hər dəfə Dövlət Başçısı konkret mövqe ortaya qoyanda belə neqativ qüvvələrin təxribat xarakterli işlər gördüyünü xatırlatdı. Ona görə də siyasi baxımdan qaynar bir məqamda hər bir müharibə veteranını Ali Baş Komandanın yanında olmağa çağırdı. Tezliklə torpaqlarımızda antiterror əməliyyatların başlanacağına və son düşmən əsgərini ölkəmizin sərhədlərindən çıxarıb qovacağımıza inandığını bildirdi. Hər kəsi bu yolda həmrəy olmağa çağırdı.

Həmçinin AVMVİB sədri F. Rzaquliyev, bir daha bildirdi ki, ölkə başçısı hər kəs üçün keçərli olan qırmızı xətti bir daha bəyan etdi: «Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!»

AVMVİB sədri Füzuli Rzaquliyev dedi: «Aydın və dəqiq bir formatdır. Hər kəs öz işini bu istiqamətdə qurmağa başlamalıdır. “Qarabağ münaqişəsinin hərbi həlli yoxdur” — deyən Paşinyana

Azərbaycan prezidenti cavabında bildirib ki, “heç bir Qarabağ xalqı yoxdur. Qarabağ ordusu Ermənistan vətəndaşlarından ibarətdir və işğalçı ölkə var – Ermənistan. Biz Dağlıq Qarabağla danışmağa hazır deyilik. Onlar münaqişə tərəfi deyillər. Biz işğalçı ilə danışırıq – Ermənistanla. Bizim ərazi bütövlüyümüz bərpa olunacaq”.

İnanıram ki, biz bu ruhla qısa zaman kəsiyində doğma yurd yerlərimizi qəhrəman ordumuzla birgə o mənfur düşməndən təmizləməyə nail olacağıq. Hər bir müharibə veteranının qayəsi və istəyi budur. Biz əmrə hazırıq. Artıq vaxtdır!»

E. Səlim

Bu xəbəri paylaşın: