Cəbhə gündəliyi — I GÜN

27 sentyabr 2020-ci il


***Paşinyan Qarabağdakı ermənilərə: «Ermənistana qaçın»-deyib

Ermənistanın Baş naziri Nikol Paşinyan Azrbaycanın işğal olunmuş ərazilərdə məskunlaşmış ermənilərə müraciət edib. Trend-in verdiyi xəbərə görə, Paşinyan işğal olunmuş ərazilərdə yaşayan ermənilərə həmin əraziləri tərk edib, Ermənistan ərazisinə qaçmağı tövsiyə edib: «Azərbaycan ordusu bizim bütün səylərimizə baxmayaraq irəliləməyə davam edir».

***Nikolun Annası Xankəndinə gəlib

Bu haqda məlumatı o, Facebook səhifəsində elan edib.

«Mən Xankəndidəyəm, qardaşlarımızı dəstəkləməyə gəldim”- deyə Akopyan yazıb.

Xatırladaq ki, sentyabrın 27-də səhər saatlarında Azərbaycan ordusu bütün təmas xətti boyunca əks-hücuma keçib. Ermənistan və qondarma rejim hərbi vəziyyət və ümumi səfərbərlik elan edib.

***Separatçıların quldurbaşı: “Azərbaycan ordusu əsas yolları nəzarətə götürüb

”Qondarma «dqr prezidenti” Araik Arutyunyan Xankəndində qondarma «parlamentin” fövqəladə iclasında çıxışı zamanı Azərbaycan ordusunun Dağlıq Qarabağda əsas yolları nəzarətə götürdüyünü açıqlayıb.


«Mən həmvətənlərimizi təşvişə düşməməyə çağırıram, sadəcə olaraq hərəkəti məhdudlaşdırmaq və ən zəruri hallarda yola çıxmaq lazımdır. Çünki onlar artıq yolları hədəfə götürüblər”,- Arutyunyan bildirib.


Qondarma rejimin rəhbəri deyib ki, indiki halda panika ölümə bərabərdir və «nə orduda, nə əhalinin sağlam hissəsində panika yoxdur”. O, baş verənləri «ölüm-dirim müahribəsi” adlandırıb.


***Ermənilər yaşlı və qocaları da orduya çağırır


Ermənistan hakimiyyəti tətbiq olunan hərbi vəziyyət çərçivəsində 55 yaşa qədər olan zabitlərin, gizirlərin və ehtiyatda olan hərbi qulluqçuların səfərbərliyini elan edib.

Bu barədə “RİA Novosti” xəbər yayıb. Xatırladaq ki, Dağlıq Qarabağ bölgəsində münaqişənin kəskinləşməsi fonunda Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik elan olunub.

Agentlik həmçinin qondarma DQR-da 18 yaşdan yuxarı kişilərin səfərbərliyi barədə də məlumat verib.

***Putin Paşinyanın tələbini rədd etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezdenti Vladimir Putinə zəng edib.

Türkiyə mənbələri tərəflər arasında baş tutmuş telefon danışığının bəzi detalları barəsində məlumat əldə edib. Qeyd edilib ki, danışıq zamanı Paşinyan Putindən Kollektiv Təhlükəsizlik Təşkilatının yardımını tələb edib.

Rusiya Prezidenti isə döyüşlərin Ermənistan ərazisində getmədiyini əsas gətirərək yardım tələbini rədd edib.

***Murov dağı silsiləsindəki əhəmiyyətli yüksəklik azad olunub

Cəbhənin Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. 

Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir.

Döyüş əməliyyatları davam edir.

***Toplarımızın səsi Xankəndində eşidilir

Sosial şəbəkələrin Ermənistan seqmentində yayılan məlumatlara görə, Azərbaycan Ordusunun düşmənin hərbi hədəflərinə hesablanmış dəqiq artilleriya zərbələri Xankəndində də eşidilir.

Bu barədə Ermənistan KİV-ləri məlumat yayır. 

Artıq işğal altındakı ərazilərimizdəki erməni hərbi birliklərində təşviş başlayıb. Onlar müdafiənin dərinliklərində Azərbaycan Ordusunun dəqiq top atışları ilə erməni hədəflərini məhv etməsindən qorxuya düşdüklərini etiraf edirlər.

Azərbaycan Ordusunun artilleriya zərbələrinin Xankəndidə eşidildiyini Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan da təsdiqləyib.

***Ermənistanın S-300-ü məhv edildi

Azərbaycan ordusunun kamikadze-dronu Qarabağda Ermənistan ordusunun S-300 zenit-raket kompleksini məhv edib.

Bu barədə Virtualaz.org hərbi qaynaqlara istinadən məlumat yayıb. Bildirilir ki, beləliklə, işğal edilmiş ərazilərimiz üzərində hava məkanı Azərbaycan Hərbi Hava Qüvvələri üçün açıqdır. Bundan əvvəl bəlli idi ki, Ermənistan ordusu S-300 komplekslərinin bir divizionunu Qubadlı ərazisində, bilavasitə sərhədə yaxın yerləşdirmişdi.

Belə ki, ordumuz səhər saatlarında, hücumun əvvəllərində işğalçı qüvvələrin hava hücumundan birinci müdafiə eşalonunda dayanan “Osa” zenit-raket komplekslərinin əksəriyyətini məhv edib.

***Əməliyyatlar uzandıqca, beynəlxalq təşkilatlardan atəşkəsin elan edilməsi üçün təzyiqlər olacaq.

Bunu Türkiyədə fəaliyyət göstərən Rusiya Araşdırmaları İnstitutunun rəhbəri Saleh Yılmaz Qarabağdakı hərbi əməliyyatlarıa bağlı deyib.

“Azərbaycanın həyata keçirdiyi əməliyyatlar qanunauyğundur. Rusiya və ya başqa bir ölkənin Azərbaycan torpaqlarına müdaxiləsi bölgəyə NATO və ABŞ-ı gətirər”, — S.Yılmaz bildirib.***Ərdoğan erməni xalqına SƏSLƏNDİ

***Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan erməni xalqına müraciət edib

Publika.az xəbər verir ki, o erməni xalqını fəlakətə aparan Paşinyan hökumətinə etiraz etməyə səsləyib. Müraciət ölkə başçısının rəsmi “Twitter” səhifəsində yer alıb. “Biz erməni xalqını öz gələcəyini hazırlı hakimiyyətdən və onu marionet kimi istifadə etmək istəyənlərdən qorumağa səsləyirəm”- deyə müraciətdə deyilir.

Ərdoğan dünya birliyinə də səsləyərək işğalla mübarizədə Azərbaycanın haqq işinə dəstək verməyə çağırıb.

***İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

Dövlət başçısı iclasda çıxış edib.

***Düşmənə təklif: «TƏSLİM OLUN»

Ermənistan silahlı qüvvələrinin Ağdərə yaşayış məntəqəsində yerləşən qarnizonunun tam məhv edilməməsi və döyüş itkilərinin sayının artmaması məqsədilə Azərbaycanın Hərbi Komandanlığı tərəfindən bu istiqamətdə yerləşən erməni komandanlığına müqavimət göstərməmək, silahı yerə qoyaraq təslim olmaq barədə təklif edilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

«Azərbaycan Ordusunun komandanlığı onu da bildirir ki, hərbi əsirlər və mülki girovlarla davranış Cenevrə Konvensiyasının tələbləri və beynəlxalq hüququn digər normalarına uyğun həyata keçiriləcək.

Müqavimət göstəriləcəyi təqdirdə hər bir silahlı şəxs tərəfimizdən zərərsizləşdiriləcək» deyə, məlumatda qeyd olunub.

***Ermənilərin top atəşi nəticəsində bir ailənin 5 üzvü həlak olub

Ermənistan silahlı birləşmələrinin dinc Azərnaycan əhalisini hədəfə alması səbəbindən növbəti dəfə toplarla atəş nəticəsində Naftalan rayonu, Qaşaltı kənd sakini Qurbanov Elbrus İsa oğlu və onun 4 ailə üzvü həlak olmuşlar.

Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1-ci (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 120.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə), 100.2 (təcavüzkar müharibəni aparma) və digər maddələri ilə cinayət işi başlanmışdır.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


*** Quldurbaşı Araik Talışın əllərindən getdiyini açıqladı


«Talış kəndi və cənub istiqamətində ərazi itkiləri var (Füzuli və Cəbrayıl rayonlarının 7 kəndinin azad edilməsi nəzərdə tutulur ki, bu da Azərbaycan Müdafiə Nazirliyi tərəfindən bəyan edilib – red.).

Virtualaz.org bildirir ki, bunu «Qarabağ separatçılarının lideri, qondarma » DQR prezidenti » Araik Arutyunyan bugünkü brifinq zamanı deyib.

«Bu günə qədər olmayan tammiqyaslı müharibə gedir. O, bütün təmas xətti boyunca — Ömərdən (söhbət Azərbaycan Ordusunun azad etdiyi Ömər-Murovdağ strateji yüksəkliyindən gedir-red.)  Araza qədər davam edir ”, — deyə A. Arutyunyan vurğulayıb.

***İstanbulda Qarabağa dəstək yürüşü keçirilib

Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.


Şəhər sakinləri Azərbaycan və türkiyə bayraqları ilə bəzədilmiş avtomobilləri ilə mərkəzi küçələrin birində yürüş ediblər. Yürüş zamanı qardaşlıq şüarları səsləndirilib.

***Pakistandan Azərbaycana BÖYÜK DƏSTƏK

Pakistan Dağlıq Qarabağ bölgəsində təhlükəsizlik vəziyyətinin pisləşməsindən çox narahatdır.

Bu barədə Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilib.

«Ermənistan qüvvələri tərəfindən Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərinin mülki əhalisini intensiv atəşə tutulması qınanılır. Bu, bütün bölgənin sabitliyini və təhlükəsizliyini poza bilər. Vəziyyətin daha da gərginləşməməsi üçün Ermənistan hərbi əməliyyatı dayandırmalıdır. Pakistan qardaş Azərbaycan xalqının yanındadır və Azərbaycanın özünümüdafiə hüququnu dəstəkləyir. Biz Azərbaycanın mövqeyini dəstəkləyirik, bu mövqe BMT Təhlükəsizlik Şurasının yekdilliklə qəbul edilmiş qətnamələrinə tamamilə uyğundur», — deyə Pakistan XİN-in bəyanatında vurğulanır.

***ABŞ Ermənistan və Azərbaycanı Qarabağda dərhal atəşkəsə çağırdı

ABŞ Dövlət Departamenti Ermənistan və Azərbaycanı dərhal atəşkəsə və münaqişə tərəflərinin ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlara qayıtmasına çağırıb. 

Trend-in məlumatına görə bu barədə Dövlət Departamentinin açıqlamasında deyilir: «ABŞ İrəvanı və Bakını ciddi ritorikadan və Dağlıq Qarabağdakı vəziyyəti gərginləşdirə biləcək hərəkətlərdən imtina etməyə çağırır». Vaşinqton münaqişə tərəflərini ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlara qayıtmağa çağırıb.

Bu xəbəri paylaşın: