Vətən müharibəsi davam edir. Ordumuz Vətənimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş meydanında qəhrəmanlıqla, böyük şücaətlə, böyük qələbəmizə çatmaq əzmi ilə irəliləyir. Bu döyüşlərdə, bu, tarixə yazılacaq Vətən müharibəsində hamımız yumruq kimi birləşmişik və ordumuza düşməni son mənzilinə qədər qovub məhv etmək yolunda arxa, dayaq olmağa can atırıq. Respublika Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı qismən səfərbərlik elan edib.
Bu o deməkdir ki, biz bu yoldan, bu haqq mübarizəmizdən son nəfərimiz qalana kimi çəkilən deyilik. Bu yolda qarşımıza çıxan hər bir maneəni dəf etməyə, ermənilərin qurduğu sədləri dağıdıb keçməyə hazırıq və qadirik. Və Azərbaycan Ordusu Qarabağın azadlığı uğrunda mübarizə yolumuzda qarşımıza çıxan bütün maneələri rəşadətlə dəf edir. Biz arxadakılar, ordumuza arxa dayaq olanlar bu məqamda döyüşçü ruhumuzla, bütün varlığımızla ordumuzla bir sırada nəfəs alırıq. Ordumuza arxa, dayaq olmağa, dayanmadan, usanmadan, bütün fərqli maraqlarımızı kənara qoyub işğalçı qüvvələri məhv etmək yolunda zabit və əsgərlərimizə həyan olmağa çalışırıq. Bu savaşda müəllimin də öz yeri var, həkimin də, mühəndisin də, jurnalistin də, sıravi vətəndaşlarımızın da… Hamımız bir cəbhədə birləşmişik. Çünki hamımızın arzuladığı bir məqam, müqəddəs, mübarək bir arzu var — Qarabağın azadlığı, Azərbaycanımızın bütövlüyü və toxunulmazlığı. “Düşmən dəyirmanına su tökən”lər də azlıq təşkil edir. Artıq Ermənistan hakimiyyəti də, onun ordusu da, mətbuatı da çaşqın vəziyyətdədir. Düşmən tərəfdən yayılan uydurma xəbərləri artıq dünya mətbuatı da yalanlayır və Ali Baş Komandanımız da bəyan etdiyi kimi bu məlumatların “feyk nyus” olduğunu bildirir.
Hamımız bu gün ordumuzla, onun qələbə soraqlı fəaliyyəti ilə qurur duyur, əsgər və zabitlərimizin qələbə əzmini artırmaq üçün əlimizdən gələni edirik. Kimimiz qələmi ilə, kimimiz bir isti sözü ilə, kimimiz də silahı ilə. Ordumuzun qələbə soraqlı xəbərini bütün Azərbaycana yaymağa tələsirik. Azərbaycan Ordusu isə düşmən üzərində tam və qəti qələbə ilə döyüş meydanında son sözünü demək yolundadır. Bu günlər əsgər və zabitlərimiz son damla qanına qədər işğalçı düşmənlə mübarizə aparmaq, döyüşüb qələbə çalmaq istəyi ilə cəbhədən-cəbhəyə adlayır, döyüşdən-döyüşə atılır.
Müdafiə Nazirliyimizin mütəmadi olaraq döyüş əməliyyatlarının gedişi və nəticələri haqda yaydığı qələbə soraqlı məlumatlarda illərlə xəyanət və riyakarlığının şahidi olduğumuz işğalçı Ermənistana ordumuz tərəfindən verilən dərslərin şahidi oluruq. Oktyabrın ilk günündə qəhrəman döyüşçülərimiz Ermənistanın 1-ci ümumqoşun ordusunun 10-cu dağatıcı diviziyasının Tonaşendə yerləşən 7-ci dağatıcı alayının 2-ci taborunun dayaq məntəqəsini darmadağın edib. Ağır itkilərə məruz qalan bu bölməyə köməyə gələn ehtiyat qüvvələr də ordumuzun müvafiq bölmələri tərəfindən aşkar olunaraq sərrast atəş zərbəsi ilə məhv edilib. Eyni zamanda, Azərbaycan Ordusunun bölmələri tərəfindən Tonaşendə düşmənin iki tankı da məhv edilib. Bir müddət əvvəlsə, Ermənistan silahlı qüvvələri ordumuzun müdafiə mövqelərinə “Toçka-U” taktiki raket kompleksini tətbiq edib. Düşmənə məxsus hərbi texnikanın köhnə və keyfiyyətsiz olması səbəbindən atılan raketlərdən üçü partlamayıb.
Bu da düşmən tərəfin bərbad təchizatından xəbər verir. Cəbhənin müxtəlif istiqamətlərində düşmənin 1 ədəd “Uraqan” reaktiv yaylım atəş sistemi, 1 ədəd “OSA” zenit-raket kompleksi, 3 ədəd BM-21 “Qrad” reaktiv yaylım atəş sistemi, 1 ədəd piyadaların döyüş maşını və 2 ədəd D-20 haubitsa-topu məhv edilib. Sentyabrın 30-da Azərbaycan Ordusunun bölmələri tərəfindən “OSA-AKM” zenit-raket kompleksinin döyüş maşını, 1 ədəd BM-21 “Uraqan Z”reaktiv yaylım atəş sistemi, 4 ədəd BM-21 “Qrad” qurğusu, 4 ədəd “D-20” haubitsa-topu, 16 ədəd tankı, 1 ədəd piyadanın döyüş maşını və şəxsi heyət daşıyan 2 ədəd yük maşını məhv edilib və sıradan çıxarılıb. Ağdərə (Madagiz) istiqamətində gedən döyüşlər zamanı Ermənistan ordusunun darmadağın edilən 6-cı dağ atıcı alayına köməyə gələn 193-cü əlahiddə həmlə taboru darmadağın edilib və bu hərbi hissənin döyüş bayrağı və sənədləri ələ keçirilib.
Oktyabrın 2-də yayılan məlumatlarda isə ordumuzun Ağdərə istiqamətində Madagiz ətrafındakı hakim yüksəklikləri azad etdiyi, Cəbrayıl-Füzuli istiqamətində düşmənin müqavimətini qıraraq onu geri çəkilməyə məcbur etdiyi, düşmənin 5 zirehli və avtomobil texnikasının, 3 hərbi infrastruktur obyektinin və xeyli sayda canlı qüvvəsinin məhv edildiyi bildirilir. Müdafiə Nazirliyimizin yaydığı videogörüntülərdə düşmənin yüzlərlə canlı qüvvəsinin sərrast atışlarla necə məhv edildiyinin şahidi oluruq. Kəşfiyyatçılarımız tərəfindən əldə edilən məlumata əsasən, Ermənistandan işğal olunmuş ərazilərimizə gətirilən erməni könüllüləri döyüşlərin gərginliyi və itkilərinin çox olmasından qorxaraq müxtəlif bəhanələrlə döyüşdən imtina edirlər. Döyüşlərdə əldə etdiyimiz uğurlar və müxtəlif istiqamətlərdə hakim mövqelərin azad olunması Azərbaycan Ordusunun şəxsi heyətinin yüksək döyüş ruhunu və qələbə əzmini daha da artırır. Ordumuz BÖYÜK QƏLƏBƏMİZİN bir addımlığındadır. Yolun işıqlı, mübarizən uğurlu, olsun, Azərbaycan əsgəri! Qələbə soraqlı günün uzaqda deyil, Azərbaycan!

Rahib QƏRİB,
“Xalq qəzeti”