AVMVİB Ali Baş Komandana müraciət ünvanlayıb

Bu gün Vətənimiz uğrunda döyüşlərdə qəhrəmanlıqla iştirak etmiş, 67000 nəfərdən çox müharibə veteranını öz ətrafında birləşdirən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ali Baş Komandana müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

«Cənab Ali Baş Komandan!

Sizə bir məmləkətin və millətin zəfər tarixlərinin altında imzası olan liderimizə və Ali Baş Komandanımıza kimi müraciət etmək hər birimizdə iftixar hissi oyadır. Biz sizinlə fəxr edirik, cənab Ali Baş Komandan! 

Bu gün həqiqətən də tarix yazılır. Bu böyük günləri illərcə gözləyən bir xalqın arzu və istəklərini reallaşdırmaq yolunda apardığınız ardıcıl, mübariz mücadilədə hər birimiz yanınızdayıq. Öndə Vətənə sipər olan güclü ordu, onun taktiki və strateji əməliyyatları Sizin yorumaz və qətiyyətli əməyiniz sayəsində mümkün olub. İstər daxili 5-ci kolon mənsublarının, istərsə xarici düşmənlərin önündə daim bir sərkərdə kimi duruşunuz, istərsə də Qarabağla bağlı dəyişməz mövqeyiniz daim veteranlar tərəfindən dəstəkləndi və bu davam edəcəkdir. Minilliklərlə yaşı olan qoca Azərbaycanın şücaətli və qorxmaz əsgərlərindən ibarət şanlı ordusu özünün qədim torpaqlarını işğaldan azad etmək üçün səbrlə gözlədiyi gün nəhayət ki, yetişdi. Ermənistan silahlı qüvvələrinin növbəti təxribatları onların özlərinə qazdığı quyu olacaq. Ermənistanın təcavüzkarlıq və işğalçılıq məqsədilə təxribatçı hərəkətlərini davam etdirməklə fundamental insan hüquqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozaraq regionda daha da təhlükəli vəziyyət yaratması Azərbaycan Respublikasına haqq verir ki, bu terrorçu hərbi rejimi birdəfəlik susduraraq regiona sülh və əmin-amanlıq gətirsin. Bu gün regionda BMT Qətnamələrinin, beynəlxalq qanunların tək qarantı və onların həyata keçirilməsini icra edən tək siyasətçi Sizsiniz.

Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!

Sizin qətiyyətli mövqeyinizi dəstəkləyirik və hər bir Azərbaycan vətəndaşını uşaqdan-böyüyə kimi Ali Baş Komandanımızın, Silahlı Qüvvələrimizin ətrafında daha sıx birləşməyə çağırırıq. 

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyininin (AVMVİB) üzvləri və rəhbərliyi Komandanımızın döyüş əmrinə həmişə müntəzir olduğumuzu bir daha bildirir və bu gün canlı qüvvə tapmayan düşmənə «Bir ölər, min dirilərik!»-deyə bəyan edirik.


Hamımız əsgərik, Komandanımız isə cənab İlham Əliyevdir!


Qarabağ Azərbaycandır!


AVMVİB sədri: Füzuli Rzaquliyev

Bu xəbəri paylaşın: