Qəlbi ordumuzla döyünənlər…

Sentyabrın 27-dən başlayaraq Ermənistan–Azərbaycan münaqişəsində hərbi toqquşmalar yenidən alovlandı. Bu dəfə də işğalçı tərəf növbəti təxribata əl ataraq, yaşayış məntəqələrimizi ağır artilleriyadan atəşə tutdu. Azərbaycan vəziyyətə uyğun adekvat tədbirlər gördü və düşmən mövqelərini susdurmaq üçün əks-hücum əməliyyatına başladı. 

Azərbaycan Ordusu tarix yazmaqdadır. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı nəticəsində döyüş hazırlığına görə dünyanın 50 ən aparıcı ordusu sırasında qərarlaşıb. Hərbi birləşmələrimiz ən müasir hərbi texnika ilə təchiz olunub. Bu isə balacadan kiçiyə hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Çünki hər bir güclü ölkənin ordusu dövlətin dayağı, xalqın güvənc yeridir. Ordumuzun qüdrətini son illərdəki hərbi əməliyyatlarda sübut edir. Belə ki, Ermənistan tərəfinin son zamanlarda istər mülki obyektlərə, istərsə də mülki vətəndaşlara qarşı törətdiyi mənfur təxribatların qarşısı hər zaman uğurlu əks-hücum əməliyyatları ilə alınmışdır.

 Xaıqımızın vətənpərvər kəsimi ordumuzla bir yerdə olmağa çalışır. Onun yanında olmağı öz əməlləri ilə sübut etməyə çalışır. Müxtəlif şəhər və rayonlarımızda yaşayan qeyrətli soydaşlarımız yorulmadan və öz imkanlarını əsirgəmədən əsgər və zabitlərimizə dayaq olmağa çalışmaqdadırlar. Hadisələrin ilk günündən Azərbaycan Vətən  Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini İslam Səfərov və AVMVİB Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov bu yoldadırlar. Son görüş zamanı onlara bu xeyirxah işlərin görülməsində daim dəstək olan Gəncə Nur Marketin sahibi Hacı Rövşən Məmmədovun ordumuza və döyüşən əsgərlərimizin ailələrinə göstərdiyi diqqət və qayğıdan ağızdolusu danışdılar və bildirdilər ki, ordumuza. şəhid ailələri və əsgər ailələrinə bu gün də Hacının sovqat payları var. Qəlbi vətənlə və orduyla döyünən Hacı Rövşən Məmmədova baş çəkdik. Döyüşçü əsgərlərimizin və şəhid ailələri üçün ərzaq sovqatı hazırlanırdı.

Gəncədə öz xeyirxah əməlləri ilə tanınan Rövşən Məmmədov bu işi öz qəlbinin hökmü ilə gördüyünü və reklam edilməməsini dönə-dönə xahiş etsə də biz xeyirxah əməllərin təbliğinə cəmiyyətdə ehtiyac duyulduğunu yaxşı bildiyimizə görə bu yazını yazdıq. Yəqin ki, Hacı qardaşımız buna görə bizləri bağışlayar. Çünki Həzrəti peyğəmbərimiz Məhəmməd (s) buyurmuşdu ki, əsil müsəlmanlar yaxşılıq etməkdə bir — biri ilə yarışmalıdırlar. 

Bizimlə söhbətdə Hacı Rövşən Məmmədov dedi: «Artıq xalqımız zəfər müjdəli günlər yaşayır. Azərbaycan Ordusunun vətənpərvər, cəsur və mərd oğulları tərəfindən cəbhədə bir-birinin ardınca uğurlar əldə edilir, düşmənlə təmas xəttində döyüş şücaəti, qətiyyəti göstərilir, xalqımızın illərdən bəri gözlədiyi Böyük Qələbə salnaməsinin ilk səhifələri yazılır. Hər bir vətəndaşımızda olan ruh yüksəkliyi, orduya inam, qələbəyə əminlik hissi sarsılmaz Azərbaycan Ordusunu yeni-yeni qələbələrə ruhlandırır. Hamı inanır, əmindir ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz tez bir zamanda yağı düşməni doğma torpaq­larımızdan qovacaq, bizə zəfər bayramı, qələbə sevinci yaşadacaq. Biz bu böyük əməllərə ehtiyac olduğu günlərdə kənarda qala bilmərik. İstər ordumuzun, istərsə də bu döyüşlərdə tarix yaradan əsgərlərimizin ailələrinin yanında olmalıyıq. Əsgər öz ailəsindən nigaran qalmamalıdır. Biz öz imkanlarımız daxilində bölgəmizdən olan döyüşçü əsgərlərimizin ailələrinin yanında olmağa çalışırıq. Bu mənəvi borcumuzdur. Vətən müharibəsində qələbə qazanmaq üçün əlimizdən gələni əsirgəməməliyik. Hər kəs ordumuzun və Ali Baş Komandanımızın yanında olmalıdır.»

AVMVİB Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov bildirdi ki, Hacı Rövşən Məmmədov təvazökarlıq edir. Deyim ki, hələ döyüşlərdən öncə də pandemiya ilə bağlı mömin qardaşımız şəhid ailələrinin və müharibə veteranlarının yanında olub. Bu gün düşmənə qarşı döyüşən ordumuzun yanında olmağa çalışmasının şahidləriyik. Gecəli-gündüzlü bu yolda yürüyən Rövşən Məmmədova veteranlarımız adından öz minnətdarlığımızı bildiririk. 

Həbib Hüseynov qeyd etdi ki, heç bir gücə, heç bir məntiqə əsaslanmayan bəyanatlar verən, cəbhə xəttində təxribatlar törədən, Azərbaycanın yaşayış məntəqələrini atəşə tutan, danışıqlar prosesini pozan Ermənistan və onun rəhbərliyi anlamalı idi ki, bir gün mütləq Azərbaycan xalqı­nın səbir kasası dolacaq və haqq-ədalət bərpa olunacaq. “Qarabağ Ermənistandır və nöqtə” deyərək yeni torpaqlar işğal etməyə hazırlaşdıqlarını açıqlayan Nikol Paşinyan və onun hakimiyyəti hazırda döyüş meydanından qaçaraq beynəlxalq ictimaiyyətdən yardım dilənir. Lakin artıq dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar da Nikol Paşinyanın və hakimiyyətinin yalanlarından beziblər. Bu gün haqlı olduğumuz müharibədə hər birimiz ayaqda olmalıyıq.

AVMVİB sədrinin müavini İslam Səfərov da hadisələrin ilk günündən Orduya Dəstək Qərargahının xəttiylə ordumuzun yanındadır. Qəlbi əsgər və zabitlərimizlə döyünən İslam Səfərov bir müharibə veteranı olaraq, həm maddi, həm də mənəvi dəstəyini ordumuzdan əsirgəməyib. Söhbət əsnasında bildirdi ki, bu xeyirxah işdə yardımçı olan hər kəsə öz minnətdarlığımı bildirirəm. Belə insanlardan biri, məhz Hacı Rövşən qardaşımızdır. Bir örnək kimi bu cür humanist addımları ilə yanaşı, həm özü, hətta 17 yaşlı oğlunun belə döyüşməyə can atmasını qeyd edə bilərəm. Hazırda 80 ailəyə sovqat hazırlanıb. Bu bir nümunədir. Bu bir milli kimlik örnəyimizdir. 

Azərbaycanın apardığı mübarizə cənab Prezidentimizin dediyi kimi, haqq mübarizəsidir, haqq davasıdır. Çünki işğala məruz qalan, bir milyondan artıq soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan, 20 faiz torpağı işğal altında olan, məhz xalqımızdır, Azərbaycandır. Biz hamımız birlikdə bu problemin əbədiyyən həll olunmasına nail olmağa çalışmalıyıq. Hər birimizi birləşdirən bir çağırışa hər kəs əməli işlə qoşulmalıdır. «Qarabağ Azərbaycandır!»

Biz bu yazıda Hacı Rövşən Məmmədovun bir xahişinə əməl etmədiyimizə görə üzr istəyirik. O, bizdən yazmamağı və şəkil paylaşmamağı xahiş etmişdi. Amma biz xeyirxah əməllərin təbliğini öz vəzifəmiz bilirik. Örnək olan insanlarımızın tanıdılması vacibdir.


Elnur Səlim

Bu xəbəri paylaşın: