Ərdoğan Putinlə Qarabağı MÜZAKİRƏ ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Türkiyə liderinin dəftərxanası məlumat yayıb.

Bildirilib ki, dövlət başçıları Dağlıq Qarabağda yaranan vəziyyəti müzakirə ediblər.

Ərdoğan Ermənistan silahlı birləşmələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmasının zəruriliyini bildirib. O həmçinin qeyd edib ki, Azərbaycanın əks-hücum əməliyyatı onun öz ərazisi ilə məhdudlaşır.

Ərdoğan vurğulayıb ki, Ermənistan administrasiyasını sağlam düşüncə ilə danışıqlar masasına əyləşməyə inandırmaq lazımdır. Türkiyə liderinin sözlərinə görə, bu, münaqişəyə qəti qərarla son qoymaq və regionda vəziyyəti sabitləşdirmək üçün son dərəcə əhəmiyyətlidir.

Xatırladaq ki, bu gün Türkiyə və Rusiya arasında nəqliyyat sahəsində yeni müqavilə imzalanıb. Türkiyənin Moskvadakı səfirliyində keçirilən görüşdə imzalandığı bildirilib.

Görüşdə Türkiyənin Moskvadakı səfiri Mehmet Samsar, Rusiya Nəqliyyat nazirinin müavini Aleksey Semyonov və digər rəsmi şəxslər iştirak edib.

Samsar iki ölkə arasında 1988-ci ildə nəqliyyat sahəsinə dair müqaviləni əvəzləyən yeni razılaşmaya imza atıldığını, son illər Türkiyə və Rusiya arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib.

O, Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin tərəfindən müəyyən olunan 100 milyard dollarlıq ticarət həcminə çatmaq üçün səylərin davam etdiyinə diqqət çəkib: “Avtomobil Nəqliyyat Sazişi ilə ticarət fəaliyyətinin daha da güclənəcəyini düşünürük”. Semyonov ayrıca mərasimdən sonra jurnalistlərə verdiyi açıqlamada, Rusiya ilə Türkiyə arasında yük daşımalarının davamlı artdığını, bunun da önəmli hissəsinin quru yolla təmin edildiyini vurğulayıb.

İmzalanan müqavilənin strateji əhəmiyyətə malik olduğuna işarə edən Semyonov deyib: “Bugünkü razılaşma qarşılıqlı ticarətimizin artmasına dəstək olacaq”.

Bu xəbəri paylaşın: