Vətən müharibəsi xarici mətbuatın gözüylə

 ****Misir. “Garbnews” informasiya portalı

Misirin “Garbnews” informasiya portalı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünün rəsmi Tvitter hesabında rəşadətli Ordumuzun daha 16 kəndi azad etməsi barədə paylaşımını yayıb.

Ölkəmizin Misirdəki səfirliyinin dəstəyi ilə Azərtac-a istinadla yayılan xəbərdə bildirilir ki, Prezident İlham Əliyev müzəffər Azərbaycan Ordusunun Füzulinin Yuxarı Veysəlli, Yuxarı Seyidəhmədli, Qorqan, Üçüncü Mahmudlu, Qacar, Divanalılar, Cəbrayılın Yuxarı Məzrə, Yanarhac, Qubadlının Qəzyan, Balasoltanlı, Mərdanlı, Zəngilanın Beşdəli, Xocalının Qarabulaq, Moşxmaat, Xocavəndin Ataqut, Tsakuri kəndlərini işğaldan azad etdiyini bəyan edib.

****Fransa. Le Monde nəşri

Fransanın nüfuzlu Le Monde nəşri Şuşa uğrunda döyüşlərdə «erməni qüvvələrinin darmadağın olduğunu və Azərbaycan qüvvələrinin tarixi şəhərə çatdığını» yazır.

Azərbaycan Ordusunun üstünlüyü barədə yazan qəzet «Şuşanı müdafiə edən qüvvələrin pərən-pərən» olduğunu qeyd edir.

Məqalədə deyilir ki, «qanlı halda və yorğun olan onlarla yaralı» hərbi təcili yardım maşınlarının arxasında vadidəki Xankəndi (Stepanakert) hospitalına çatdırılır. Məqaləyə əsasən, dağlardan aşağı enən erməni hərbçiləri “əldən düşüb” və yenidən döyüşə qayıdıb-qayıtmayacaqlarını bilmirlər. Qəzetə əsasən Şuşadakı vəziyyət həlledici həddə çatıb. «Xankəndidəki hakimiyyət bunu inkar etsə də, cümə günü, 6 noyabrda Şuşa uğrunda döyüşlərin Azərbaycan qüvvələrinin xeyrinə çevrildiyi görünür», Le Monde qeyd edib.(BBC)

****Ermənistan. «Qraparaq»

Əgər döyüşlər Şuşa yaxınlığında gedirsə, o zaman mən erməni ordusu üçün hansısa perspektiv görmürəm.

Bunu «Qraparak” qəzetinə müsahibəsində rusiyalı hərbi ekspert Aleksandr Xramçixin deyib. O, erməni ordusunun Azərbaycan Silahlı Qüvvələri qarşısında gücsüz olduğunu bildirib. Xramçixin artıq ermənilərin müharibəni uduzduğunu deyib: «Üstəlik, bütün ərazilər, Qarabağın özü itirilib. Qarabağın artıq İranla sərhədi yoxdur”.

****Rusiya. «Avia Pro” saytı

Rusiya hərbi yük təyyarələri Ermənistana gəlməyə başlayıb.

Bu barədə «Avia Pro” xəbər verir. Bildirilir ki, bir sıra mənbələrə görə, Rusiyanın hərbi yük təyyarəsi «İl-76” Mozdokdan Erebuni hərbi hava bazasına enib. Yükün nədən ibarət olduğu naməlum olaraq qalır, ancaq hava gəmisinin ictimaiyyətə açıq izləmə mənbələri tərəfindən izlənmədiyi bildirilir.

Uçuş transponderlər söndürülmüş vəziyyətdə həyata keçirilsə də, «Zapiski Oxotnika” «Telegram” kanalı tərəfindən ekipaj üzvlərinin danışıqlarının yayılması mümkün olub. Söhbət Mozdokdan havaya qalxaraq Xəzər dənizinə doğru irəliləyən və daha sonra İran ərazisindən keçərək Ermənistanın hava məkanına daxil olan 78847 nömrəli «İl-76” təyyarəsindən gedir.

«Təsdiqlənməmiş məlumata görə, «İL-76” 78847 Rusiya Aerokosmik Qüvvələri Mozdokdan Erebuni hava bazasına daxil olub”, — deyə «Telegram” kanalında bildirilir. Daha əvvəl 78847 nömrəli «İl-76”nın Suriyaya bir neçə uçuş həyata keçirdiyi məlumdur, lakin onun son uçuşları barədə məlumat əldə etmək hələ mümkün olmayıb. Erebuni hərbi aviabazasına gələn təyyarənin göyərtəsində hansı yükün ola biləcəyi məlum deyil.

****Almaniya. “nex24.news” portalı

Almaniyanın “nex24.news” portalında Asif Məsimovun müəllifi olduğu “Azərbaycan: 1500 dini icma” sərlövhəli məqalə dərc edilib.

Axar.az xəbər verir ki, məqalədə Azərbaycandakı multikulturalizm və dini tolerantlıq ənənələri barədə məlumat verilir.

Həmçinin ölkəmizdəki multikulturalizm və dini tolerantlıq ənənələri ilə bağlı alman dilində video təqdim olunub.

****Rusiya.Yugsn.ru saytı

Dağlıq Qarabağdakı hərbi əməliyyatlar göstərir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın münaqişənin başlanğıcından atdığı bütün addımlar tələsik idi və şöhrət naminə olub. Bu barədə Yugsn.ru saytında yayımlanan məqalədə deyilir.

Qeyd olunur ki, indi bu, xüsusi heyət və könüllülərin böyük itkiləri, texnika və cəbhədəki uğursuzluqlarla yanaşı, kəşfiyyatın işində də özünü göstərir. Bundan əlavə, Ermənistanın hazırkı hökumətinin döyüş meydanında bir strategiyasının olmadığı açıq şəkildə görünür. Burada yalnız Zaqafqaziya ölkəsində bioloji laboratoriyalar yerləşdirən, QHT-lərə sponsorluq edən, LGBT və digər bu kimi fəaliyyətləri təbliğ edən Qərb tərəfdaşları hesabına zəngin olmaq arzusu olub.

Nəticədə, demokratiyanı və ABŞ kuratorlarını çox sevən Paşinyan dövründə bir partlayış baş verib.İndi Prezident İlham Əliyev sülh naminə hərbi əməliyyatları dayandırmağa hazırdır. “Müharibə nə qədər tez başa çatsa, bir o qədər yaxşıdır. Dəfələrlə demişəm və bir daha təkrar edə bilərəm ki, Ermənistanın baş naziri qalan əraziləri azad etmək öhdəliyini götürsə, elə bu gün dayanmağa hazırıq”, — İlham Əliyev bildirib.

Ancaq Nikol Paşinyan barışığa razı deyil. Rusiya Prezidenti Vladimir Putinlə görüşmək və KTMT çərçivəsində bəzi müttəfiqlik öhdəliklərinə istinad edərək kömək istəyir. Lakin baş nazir Ermənistan ərazisinə hücum edildiyi təqdirdə Rusiyanın kömək edə biləcəyini unudur. Nikol Paşinyan cəbhədəki məğlubiyyətlərə səbəb olan daxili problemləri görmür. Yayılmış koronavirus pandemiyası səbəbindən ölkəsində fəlakətli vəziyyət daha da inkişaf edir. Deməli, üç milyonluq əhalisi olan Ermənistanda yüz mindən çox yoluxma halı var. Beynəlxalq konfliktlər üzrə ekspert Yevgeni Mixaylov qeyd edir ki, əgər Ermənistanda çevriliş baş verərsə, o zaman Baş nazir Paşinyanın qaçacağı yeri yoxdur, erməni xalqı onu harada olsa, yaxalayacaq.

****BBC Azərbaycanca

«Ruh sınmayıbsa, heç bir itki, heç bir geri çəkilmə hələ məğlubiyyət deyil. Şuşa ətrafında döyüşlər davam edir. Lazımsız müzakirələri dayandırın», — Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Facebook saytında yazıb.

Artsrun Hovhannisyan hansı müzakirələrdən danışdığını dəqiqləşdirməyib.

Şuşa ətrafında döyüşlər bir neçə gündür davam edir. Lakin bu günə qədər erməni hərbçiləri əmin ediblər ki, Şuşa təslim olunmayıb və onlar Azərbaycan ordusunun ön dəstələrini bloklayır və sıradan çıxarırlar. Bundan əvvəl, tanınmamış “DQR parlamentinin sədri” əhalini “təşvişə düşməməyə” səsləyib. Lakin Artur Tovmasyan da, nəyi nəzərdə tutduğunu aydınlaşdrımayıb.

****Rusiya. «İzvestiya»

Xankəndidə qalan bütün mülki əhali, xüsusən də qadınlar və uşaqlar təxliyə olunur. Bu barədə “İzvestiya”nın hadisə yerindən olan müxbiri məlumat verib.

 “İzvestiya” nəşrinin müxbiri hərbi dairələrdəki mənbəyə istinadən xəbər verir ki, artıq Şuşa şəhəri Azərbaycan tərəfinə təslim edilib.

Hazırladı: AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: