Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) mətbuat xidmətinin rəhbəri, istedadlı qələm sahibi, Azərbaycanın ilk döyüşçü jurnalisti, II qrup müharibə əlili Xaqani Ədəboğlunun bu gün doğum günüdür.
Onu ilk olaraq qızı Turan xanım təbrik edərək redaksiyaya aşağıdakı məzmunda təbrik mətni göndərmişlər:
Bir əli Vətən, bir əli Tarix Atam! Ad günün mübarək!
Sənin qızın olmaq bir ayrıca qürur mənbəyimdir. Canım atam, varlığınla həmişə fəxr etmişəm. Sənin varlığın qəlbimi həmişə istilədibdir. Çox xoşbəxtəm ki, məhz sənin qızınam. Övladın atadan örnək ala biləcəyi qədər, çox şeyi örnək almışıq səndən. Sən bizə uşaqlığımızdan Vətən sevgisini, soykökünə məhəbbəti, İnsan sevgisini, elinə-obasına, dövlətimizə sevgini və dövlətçiliyimizə, ata-babalarımızın ənənəsinə sədaqəti, qul və yetim haqqına girməməyi və ən əsası «Turan» sevdasını, Türkçülük sevgisini aşılamısan! Varlığın bizə sonsuz hədiyyədir! Allah həyat kitabının yeni səhifəsində, Qarabağda xoş, gözəl və mənalı günlər nəsib etsin sənə, ey əziz Atam!
Yaxşı ki varsan!
Mən və qardaşlarım Türkay və Atilla səninlə fəxr etmişik və həmişə də fəxr edəcəyik!
Qeyd edək ki, Xaqani Ədəboğlu Ağdarə rayonunda anadan olub. Şuşa Mədəni Maarif texnikumunu bitirdikdən sonra məktəb direktoru işləyib.
Xaqani Ədəboğlu təhsilini davam etdirərək Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Hələ BDU-da əyani oxuyarkən «Gənclik» jurnalına işə dəvət olunub (1990), sonra 1991-ci ilin oktyabrında cəbhyə yollanıb.
İstedadlı qələm sahibi Xaqani Ədəboğlu 4 kitabın və yüzlərlə elmi və publisistik məqalələrin müəllifidir. X. Ədəboğlu əsasən türkçülük və azərbaycançılıq mövzusunu elmi-tarixi aspektdə araşdırır.
P.S. Turan xanımın təbrikinə Fedai.az saytının kollektivi də qoşulur. Nə gözəl gündə dünyaya gəlmisiniz ustad! Doğum gününüz Şuşanın azad olunması ilə üst-üstə düşür. 100 yaşayın!



