Bəs sizin Qələbə dediyiniz nədir?

Xaqani Ədəboğlu

…Hilal uğrunda batan Günəşlərimizə Allah rəhmət eləsin!

Azərbaycan əsgəri Ali Baş Komandanın rəhbərliyi ilə Tarix yazdı. Bu Tarixi «oxumadan və bilmədən» bu gün qiymət verməyə çalışan klaviatura qəhrəmanları və mışka «xüsusi təyinatlıları» zəfərimizin miqyasını kiçiltməyə girişiblər. Bir ölkədə nə qədər hər şeyşünas olarmış? Bunca hərbi eksperti olan ölkə dünyada yoxdur. Hələ politoloxları demirəm. Bu erməninin nə qədər əlaltısı varmış, içimizdə. Xalqın Rusiyaya qarşı antipatiyası qəbulediləndir. Çünki Rusiya Qarabağdakı hərbi cinayətlərdə ermənilərlə ortaqdır.

Ordumuz olmadığı dönəmlərdə azərbaycanlılara qarşı törədilmiş bütün soyqırımı, yaşayış məntəqələrinin işğalı və tarimar edilməsinin hərbi günahkarlarından biri də Rusiyadır. Bu baxımdan xalqın əndişəsi başadüşüləndir və bunu Ali Baş Komandan bizlərdən də yaxşı bilir. Qondarma terrorçu rejimin qondarma  «Qarabağ müdafiə ordusunun sayı 18-25 min əsgər və zabit, ehtiyat — 20-30 min nəfərdən ibarət olduğunu nəzərə alsaq rus sülhməramlılarının daha sərf edən olmasını görərik.


Doğrudur, dümən bu qüvvələrin tam 50-55%-ni cəbhədə itirdi. Buna bxmayaraq Ermənistan bir çox ölkələrdən muzdlu terrorçuların bölgəyə axınını təşkil edərək bu itkilərin yerini doldurmağa can atırdı. Bu da müharibənin uzanmasına, diversiyalara və qadağan silahların terrorçuların əlinə keçməsinə səbəb ola bilərdi. Jurnalistikanın zəifliyi və səriştəsizliyi, «hərbi ekspertlərin» müharibəni bilməmələri səbəbində ictimaiyyət arasında elə rəy yaranmışdı ki, şanlı ordumuz bölgədə «qaçan» düşməni qovalamaqla məşğuldur. Amma qəhrəman ordumuz, hər vadi, hər təpə və hər bir mövqe uğrunda əfsanəvi qəhrəmanlıq nümunəsi göstərdi. Müharibədə ən pinti və qadağan üsullara əl atan mənfur bir düşmənin məhv edilməsinin hər bir səhnəsi bu adsız qəhrəmanlarımızın canı və qanı hesabına əldə edilib. ABŞ, Fransa və Rusiyanın 27 ilə edə bilmədiyini bu şanlı ordu cəmi 44 günə etdi. Bu gün ATƏT Minsk Qrupu kimi gərəksiz bir qrumu oyundan kənar qoymaq üçün bundan gözəl siyasi gediş edə bilərdinizmi? Qoca arvadıyla Makron gedib ermənipərəstliyini etməyə davam etsin. İgidin haqqını yemək olmaz. Bunu unutmayın.


Bölgəyə yeridilən sülhməramlı rusları ictimaiyyətə az qala Rusiya bazası kimi təqdim edənlərə bildirmək istərdim ki, sülhməramlıların əsas vəzifəsi döyüşən tərəfləri barışdırmaqdır. Bu məqsədlə aşağıdakıları etməlidirlər:

— münaqişə tərəflərinin sazişə riayət etməsini izləmək;

— silahlı toqquşmaların qarşısını almaq;

— xarici qüvvələr tərəfindən münaqişə iştirakçılarına silah verilməsinin qarşısını almaq;

— mübahisələri tənzimləmək və təxribatların qarşısını almaq;

— nümayəndə heyətlərinin qorunmasını təmin etmək;

— mülki əhaliyə kömək etmək.

Rusiya sülhməramlıları cəmi 1960 canlı qüvvə və heç bir ağır zirehli texnika olmadan gəlir, üstəlik, 5 ilin tamam olmasına 6 ay qalmış tərəflərdən biri onların getməsini arzulayacağı təqdirdə, Rusiya sülhməramlıları çıxıb getmək öhdəliyi götürür. Lakin bu bağlanmış sazişdə konkret göstərilmir. Rusiyanın Azərbaycanda qalıcı olması yol verilməzdir və buna razılaşmaq olmaz. Xalqımız Rusiyanın Azərbaycanda varlığını istəmir və buna qarşı çıxacağı indidən görünür. Rusiya bu faciələrin «memarıdır» və o Ermənistanla şərik hərbi cinayətlərin iştirakçısıdır. Biz fəaliyyətimizi bu istiqamətdə genişləndirməliyik. Əsgərimizin qanı bahasına qazandığı qələbini ruslara «yem» etməməliyik. Bölgəyə sülhməramlı ruslar gələr. gəlməz Dumanın deputatı Tolstoy bizə «xox» gəldi. Rus əsgərinin başından bir tük əskik olarsa…Bu rus şovinistinə bildirim ki, buraya, ya keçəl rus göndərin, ya da başlarında tükləri sayıb notarial qaydada təsdiqləməmiş göndərməyin.

Ordumuz bu aspektə qazandığı qələbə assimetrik olaraq ruslara qismət oldumu? Bunu untmaq olmaz ki, dünyanın ən güvənilməz, ən xəyanətkar dövləti olan Rusiyanın bölgədəki iştirakını məhdudlaşdırmaq lazımdır. Əsas diqqət bu istiqamətə yönəldilməlidir. Qısacası, Azərbaycan xalqı rus barmağı olan heç bir anlaşmaya etibar edə bilməz.


Bu müddəalar pozulduğu an, onların Azərbaycandan çıxarılması bizim səlahiyyətimizdədir. Müharibənin bu mərhələsi regionda hegemon güc sayılan bir dövlətin neytrallaşdırılması istiqamətində atılan doğru bir addım olduğunu hər kəsin anlaması gərəkdir. Prezident son xalqa müraciətində də bəzi məsələləri nə vaxtsa özünün açıqlayacağına, bəzilərini isə tarixçilərin yazacağına işarə vurmaqla, əslində heç nəyin görünən kimi olmadığını dedi.


Bu gün bəziləri tələsik Mariya Zaxarovaya istinadla Türkiyənin proseslərdən uzaq qalmasını tirajlayırlar. Həm də üç tərəfli sənəddə Türkiyənin adının olmamasını əsas gətirirlər. Bu sənəddə Rusiya ATƏT Minsk Qrupunun sədri kimi imza atıb. Türkiyə həmsədr olmadığından bu sənəddə adı keçmir. Lakin Ermənistanın Rusiya və KTMT ilə bağladığı əməkdaşlıq sazişinin analoji variantı Türkiyə ilə Azərbaycan arasında bağlanıb. 


Maşa sevərlərə bildirim ki, H. Akar S. Şoyqu ilə telefonla danışıb razılaşma əldə etdikdən sonra, R.T. Ərdoğan V. Putinlə telefon danışığında (10.11.2020) qeyd edib ki, Türkiyə də Ermənistanın işğalından azad edilmiş torpaqlarda Azərbaycan tərəfindən müəyyən ediləcək ərazidə yaradılacaq Ortaq Mərkəz vasitəsilə Rusiya ilə birlikdə atəşkəs üçün müşahidə və nəzarət fəaliyyəti icra edəcək. Türkiyə lideri bu baxımdan Rusiya tərəfinin üzərinə böyük məsuliyyət düşdüyünü vurğulayıb.

Həmçinin, Prezident İ. Əliyev noyabrın 10-da Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlunu, milli müdafiə naziri Hulusi Akarı və Milli Kəşfiyyat İdarəsinin rəisi Hakan Fidanı qəbul edərkən bildirdi ki, biz bunu hər zaman istəyirdik ki, Türkiyə və Rusiya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində bərabər səviyyədə rol alsınlar və bu gün biz buna nail olduq. Bu mərkəzin gələcək fəaliyyəti ilə əlaqədar bu gün sizinlə də danışacağıq və rusiyalı həmkarlarımızla danışacağıq ki, qısa müddət ərzində bu mərkəz yaradılsın. Yəni Rusiyanın sülməramlıları Zaxarovun istəyinə baxmayaraq türklərin nəzarətində olacaq.

Amma bizim hərşeyşünaslar, nədənsə iki prezidentin dediyinə deyil, Kalantaryan-Lavrovun Maşa adlı sözçüsünə inanmağa üstünlük verməkdədirlər. Sizcə niyə?

Digər nüanslara diqqət edək. Əsas baza prinsiplərində Dağlıq Qarabağın statusu məsələsi də vardı, lakin aydın görünür ki, əldə edilmiş razılaşmaya əsasən, Dağlıq Qarabağ birmənalı şəkildə Azərbaycanın tərkib hissəsi olaraq qalacaq, heç bir status verilməyəcək. Bu, Ermənistan üçün böyük itki, Azərbaycan üçün isə olduqca böyük bir qələbədir. Ermənilərin Azərbaycan pasportları alması ilə bölgədə əhalinin real sayı qeydə alınacaq və miqrantlar ölkəmizdən çıxarılacaq. Qondarma respublikanın 25 illiyi günlərində Xocalı qatillərindən olan Zori Balayan demişdi: «Biz yanlışa yol verdik. 50 minlik bir şəhərdə bu gün 18 min nəfər qalıb». Bir çox demoqrafik məlumatlarda işğal ərazilərində 86-90 min nəfər yaşadığı bildirilib. Rəsmi statistikada bu say Xankəndində 49848 nəfər göstərilir və bu rəqəm bölgədə xidmətdə olan qanunsuz hərbi birləşmələrdə xidmət edən ermənistanlı əsgər və zabitlərin sayı ilə birgə göstərilən bir rəqəmdir. Yəni bu rəqəmdən 25 min çıxılmalıdır. Əhalinin sayına diqqət edək (2014)

Ermənilər


Xankəndi — 49848
Xocavənd (Martuni) — 23104
Əsgəran — 16952
Ağoğlan (Hadrut) — 11980
Şuşa — 4305
Ağdərə (Mardakert) — 18921


Cəmi: 125111 nəfər- 25000=100111nəfər.

Qeyd: Ümumi siahıda isə regionda 144 min erməni olduğunu yazırlar. Bura Laçın, Kəlbəcər, Zəngilan və Qubadlıya yerləşdirdikləri erməni miqrantları və bölgədə sərvətlərimizi talayan şirkət işçilərini də əlavə edirlər.

Azərbaycanlılar

Xankəndi — 17 000
Xocalı — 27500
Şuşa — 34200
Xocavənd — 12216
Ağdərə — 14800


Cəmi: 105716

Təkcə əhalinin təbəəlik alması, yəni pasport rejimi ermənilərin referendiumla bağlı hay-küylərini də sonlandırmış olacaq. Əslində Qarabağda ermənilərin sayı heç zaman 100 min nəfərdən çox olmayıb və bu faktı Zöhrab Mnasakanyanın qaçqınlarla bağlı verdiyi informasiya da sübut edir. O, bildirmişdi ki, Qarabağdan 90 min nəfər qaçıb. Bir faktı da qeyd edim ki, Azərbaycan tərəfi sülhməramlıların yerləşdirilməsini və boşaldılmasını yeni inzibati bölgüyə əsasən aparmağı təklif etməlidir.

İmzalanmış sənədin daha bir müddəasına əsasən Qazax rayonunun işğal edilmiş kəndlərinin azad edilməlidir. Unudulmuş bir problemin danışıqlar masasına qoyularaq həll edilməsi daha bir uğur sayılmalıdır. 

30 illik blokadadan Naxçıvanın xilas edilməsi növbəti uğur sayılmalıdır. Bu bütün Türk dünyası üçün vacib bir qərardır.

Bütün bu müddəalar üçün 27 il danışıqlar apardıq. 3 böyük imperiyanın həll edə bilmədiyi və illərcə bizə həlli olmayan problem kimi sırınan bu problemi Azərbaycan əsgəri süngüsü və mərmisiylə, Ali Baş Komandan isə qətiyyətli əmriylə həll edib. Bu gün razılaşmada Azərbaycan diqtə edən statusda iştirak edir. Milli heysiyyətimizi zədələyən məğlubiyyət sindromu sındırılıb. Bəs sizin qələbə dediyiniz nədir?

Erməni həyasızlığı dünyanı bizə qarşı qaldırmışdı ki, güya etnik təmizləmə ilə məşğuluq. Dünyanın «ədalət»indən xəbəriniz yoxdurmu? On minlərlə evi və 67 məscidi dağıdan ermənidən heç nə soruşmayan bu dünya, bizdən kilsəyə dəyən mərminin hesabını soruşanda niyə dinmirdiniz? Bu möhtəşəm qələbəni, erməni həyasızlığını məğlubiyyətə düçar edən Böyük Zəfəri öz cılız və düşük ağlınızla cılızlaşdırmayın. Ordu nə qədər lazım idisə getdi. Komandan da nə qədər mümkün idisə, onu etdi. Bu dünya bir şəhid anasının bir damla göz yaşına dəyməz, amma düşmən şox zalim və xəstə təxəyyülə malikdir. Cılız və qorxaq xalqdır. Belə düşmən təhlükəli olur.

Biz isə müzəffər xalqıq. Biz qalib gəldik. Mümkünlüyünü dandıqları bir işi bacardıq. Bunu süngüsüylə və mərmisiylə Tarix yazan Azərbaycanın şanlı ordusu və onun Komandanı etdi…

Danışmağı bacarmırsınızsa, barı susun. Sadəcə susun…

Bu xəbəri paylaşın: