Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə daha 35 fərdi ev təqdim edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin mənzillə təminat proqramı çərçivəsində daha yeddi rayonda 35 fərdi yaşayış evi (o cümlədən, Qəbələdə 10, Şəkidə səkkiz, Daşkəsəndə altı, Lerikdə beş, Kürdəmirdə dörd, Oğuzda bir, Gədəbəydə bir) bu kateqoriyadan olan vətəndaşlara təqdim edilib.  

Qəbələ rayonunda evlərin təqdim edilməsi tədbirində Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, Qəbələ rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev iştirak ediblər. 

Tədbirdə qeyd edilib ki, dövlət başçısının tapşırığına əsasən, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda — azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti sahiblərinə təqdim edilib. 

Tarixi zəfərimizlə başa çatan 44 günlük müharibədən sonra Prezident, Ali Baş Komandan İlham Əliyev haqq savaşımızda yaralanmış hərbçilərə öz hörmətini ifadə etmək üçün onlarla görüşüb.

Görüşdə Ali Baş Komandanımızın verdiyi tapşırığa uyğun olaraq, Nazirlik tarixi Qələbəmizlə başa çatan Vətən müharibəsində şəhid olmuş insanların yaxınlarına dəstəyin göstərilməsi, həmçinin, onlara mənzillərin, evlərin verilməsi üçün müvafiq işləri yerinə yetirəcək.

Ümumilikdə ötən dövrdə 8353 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verilib. 

Bu xəbəri paylaşın: