Vətən müharibəsi kimsədən yan keçmədi. 2783 şəhid 10 milyon qəlbi yaraladı. Vətənimizin azadlığı üçün candan keçən bu adsız qəhrəmanlardan biri də mənim sinif yoldaşım şəhid Rüfət Eyvazlıdır. Anasının və ailəsinin tək güvənc yeri.
Səfərbərliklə döyüşlərə qatılmışdı və xain düşmənin mərmisi onu Füzuli bölgəsində haqladı. 26 illik ömrü və çoxlu arzuları vardı. Anasının və bacısının tək ümid yeriydi, Rüfət. İndi bir millətin and və güvənc yerinə çevrilib. Məzarı I Zabrat qəbristanlığındadır. Tariximizin şanlı səhifəsini yazan şanlı bir əsgər kimi uyuyur. Onlar ölmədilər. Şəhidlər ölməzlər. Şəhidlər Vətən kimi əbədi yaşarlar. Vətənlə qoşalaşar, əkizləşərlər.
Şəhid Rüfət Eyvazlı cəsarətli döyüşçü kimi ön cərgələrdə olub. Yağı düşmənin birinci istehkam xəttinin darmadağın edilməsi əməliyyatlarında iştirak edib.Ondan geridə qalan şirin xatirələr və bir də azadlığına qovuşmuş Vətən torpaqlarıdır.
Rüfət Eyvazlı kimi igidlərin qanıyla Vətən olmuş Azərbaycan torpaqlarıdır. Bir Rüfət Eyvazlı vardı. Ailəcanlı, vətənpərvər və yurd sevdalı. O, canı kimi sevdiyi Vətən yolunda öz canını fəda etdi. Arxada gözləri yaşlı ana və bacı buraxdı. O, bizlərin rahatlığı üçün həyatından keçən bir qəhrəman kimi bayraqlı bir tabutda geri döndü. Qısa, amma çox şərəfli bir ömür yaşadı. Hər kəsə örnək bir ömür yaşadı, şəhid Rüfət!
Bu gün ucalan Böyük Zəfər bayrağı kölgəsində ağlayan və qəlbi yanıq analar var. Ağlayan buludlar kiriyər şəhid anası kiriməz. Utanıram şəhidim, utanıram, yeməkdən, içməkdən, sənin anan ağlarkən gülməkdən utanıram! Sanma ki, unutduq Sizləri. Sən Vətən üçün, bizim üçün şəhid olurkən, səni görməyənlərdən utanıram.
Şəhidlər ölməz deyirlər, Məlahət Ana! Rüfət indi hər birimizin qardaşı və bizlər də sizin oğullarınızıq. Şəhidlər unudulanda ölər deyiblər. Şəhid Rüfəti unutmayacağıq. Onu tanıyanlar əsla onu unutmazlar. O, bir millətin qürur və heysiyyətini xilas etmiş bir Ordunun əsgəridir. Onlar bu Vətənin şanlı qəhrəmanlarıdır. Bu Vətən durduqca Rüfətlər ölməzlər!
Türkay Xaqan
Şəhid Rüfət Eyvazlının sinif yoldaşı



