
Elbariz Məmmədli
KEÇƏCƏK
Qürurla açılır, Bakıda səhər,
Həsrət aralıqdan donub, keçəcək.
İgidlər şəhərin baş meydanından,
Cəngavərlər kimi qonub, keçəcək.
Göylər söküləcək, haray səsindən,
Səsi asılacaq, Yer kürəsindən,
Millət son hünərin təntənəsindən,
Şəhid balasını anıb, keçəcək.
Bir an dayanacaq, Şuşanın qarı,
«Farağat»- alacaq Laçın dağları,
Qoşa türk bayrağı ucalıqları,
Əbədi məskəni sanıb, keçəcək.
Necə qürurludu, necə ərənlər,
Vətən qədri bilən, qədirbilənlər,
Yağıdan qənimət götürülənlər,
Millətin zəhmindən yanıb, keçəcək.
Tanrı göndərəcək, mələklərini,
Xəzər oxudacaq küləklərini,
Bu dünya haqq olan diləklərimi,
Üzü sabahlara tanıb, keçəcək.
Halıyıq, zamanın xeyir- şərindən,
Yetər, oynadığı yer, məhvərindən,
Düşmən biz olanın həndəvərindən,
Daha niyyətini danıb, keçəcək.

DAHA YOLU GORA DÜŞÜB, İTLƏRİN
Son ZƏFƏRin səsi elə çıxıb ki,
Çuxasına birə düşüb itlərin.
Sağlı- sollu dimdikləri sallanıb,
Niyyətləri yerə düşüb, itlərin.
Qaçırdılar, bir hiylənin yazına,
On illərdi, oynamışıq nazına,
Vartanların yuxusuna qızınan,
Arzuları qara düşüb itlərin.
Göz böyüyüb, bu çağımı görüncə,
Şuşadakı çırağımı görüncə,
Qoşa-qoşa bayrağımı görüncə,
Hamısına yara düşüb itlərin.
Araz dedik, daban üstə qalxdılar,
Göycə dedik, gözlərini sıxdılar,
Bu Vətəni parçalayıb, tıxdılar,
Gör, güzarı hara düşüb, itlərin.
Nə olsun ki, əsarətin taxtı var,
Tiranların bir çağlayan vaxtı var,
Bu millətin Tanrı verən baxtı var,
Daha yolu gora düşüb, itlərin.
Donuz dedik, qəzəbindən qızardı,
Ayı dedik, üstümüzə bozardı,
Sanksiyadı, hər sözünə söz ardı,
Ağ günləri qara düşüb itlərin.
Birisi var, əsir alıb ruhumu,
Yasaqlayıb düşüncəmi, OXUmu,
Şallaqlayıb, dara çəkib yuxumu,
İndi zülmü tora düşüb, itlərin.
Üstümüzə gəlmişdilər, hay ilə,
Soxularaq sırasına say ilə,
Bu ZƏFƏRdən aldıqları «pay» ilə,
Yuxuları qora düşüb , itlərin.

AY VƏTƏN
Zəfərinə gör kimlərdi, daş atan,
Yaxın bilib can dediyin, ay Vətən.
Sinən üstə Araz boyda dərd əkən,
Dostluğu ümman dediyin, ay Vətən.
*****
Almadınmı, bu pislikdən dərsini?
Hər addımda tutdu haqqın tərsini,
Böhtan üçün növbələdi kürsünü,
Adına filan dediyin, ay Vətən.
*****
Görürsənmi, xəyanətdə birdilər,
Qarabağda neçə cildə girdilər,
Bütövlüyü adına çox gördülər,
Şükrmüş, İvan dediyin, ay Vətən.
*****
Dar günündə erməniyə dost olub,
Qanı axan kədərindən məst olub,
Hər niyyətdə varlığına qəsd olub,
Bu ruhu rəvan dediyin, ay Vətən.
*****
Yavaş-yavaş durulacaq havalar,
Sahibinə qayıdacaq, yuvalar,
Zəfərinlə sovuşacaq davalar,
Bitəcək bu, qan dediyin, ay Vətən.

YAXŞI TANIMADIQ, BU CAVANLARI…
Bəzən düz duymadıq bəzən yanıldıq,
Ayıra bilmədik, ağı qaradan.
Biz, bu cavanları yanlış tanıdıq,
Bizi bağışlasın , ulu Yaradan.
Vətən ki, çağırdı, şirə döndülər,
Yenilməz hünərdən dünya danışdı.
Elə məqamlarda pirə döndülər,
Bu torpaq heç , bunu yaşamamışdı.
Yağının keçilməz istehkamını,
İldırımlar kimi, yarıb keçdilər.
Qara niyyətlərın qanlı camını,
Sındırıb keçdilər, qırıb keçdilər.
Şuşanı namərdin murdar əlindən,
Dırnaqla aldılar, dişlə aldılar.
Dağ boyda bir dərdi atıb belindən,
Tanrının verdiyi güclə, aldılar.
Şəhid qardaşını yada vermədi,
Köksündə daşıdı yaralı əsgər.
Belə doğmalığı tarix görmədi,
Savaşsız üşüdü, yaralı əsgər.
Yağı duyammadı bu, nə həmlədi,
Hələ də suallar önündə qalıb.
Başqa planetdən gəliblər, deyə,
Bütün yer üzünə hay- haray salıb.
Harın balalar tək, naz görməmişdi,
Kasıb böyümüşdü bizim igidlər,
İçində sevgini qalalaşdırıb,
Vətən böyütmüşdü, bizim igidlər.
Gör necə oğullar qurban getdilər,
Hər şəhid məzarı eşq qalasıdı.
Gələn zamanlara, gələn çağlara,
Bir bayraq, bir şəhid ucalasıdı.
Biz, biz olammadıq, haralardasa,
Verdik əlimizdən, sabahımızı.
Bu qeyrər kişilər, can bahasına,
Yudular gör, neçə günahımızı.
Yaxşı tanımadıq bu, cavanları,
Onlardı , torpağın qeyrəti, varı.
Şəhid balaların ruhuna qurban,
Gərək bağışlasın, biz qocaları.

