Şəhidlər ölməzlər, əbədiyyətə qovuşarlar…

Uzun müddət yaralı və komada olan əsgərimiz şəhid oldu

Bu gün Siyəzən igid şəhidi Saatmirzə Feyruz oğlu Əzimovu son mənzilə yola salıb.

23 yaşlı Siyəzən şəhər sakini Saatmirzə Əzimov bir neçə il əvvəl hərbi xidmətini başa vursa da, Vətənin dar günündə biganə qalmayıb.

Sentyabrın 27-də Vətən müharibəsi başlayanda Siyəzəndən cəbhəyə könüllü getmək istəyənlərin sırasında Saatmirzə öndə olub, təkid edərək könüllü vuruşlara qatılıb. Qarabağda gedən döyüşlərdə ağır yaralanan 23 yaşlı gəncin hətta bir müddət əvvəl şəhid olması xəbəri yayılıb. Amma yaralı olan Saatmirzə Əzimov uzun müddət hospitalda komada olub. Həkimlərin səyinə baxmayaraq onu həyata qaytarmaq mümkün olmayıb.

Saatmirzə Əzimov ailənin tək oğlu olub, indi ailənin azyaşlı bir qızı qalıb.

Dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri, Siyəzən İH və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon sakinləri iştirak edib.

Şəhid Saatmirzə Əzimov Siyəzən şəhər qəbristanlığında dəfn olunub.

Ruhu şad olsun!

*****

Biləsuvarda şəhid hərbçimiz dəfn edildi

Biləsuvar rayonunun Zəhmətabad kəndində şəhidimizlə vida mərasimi keçirilib.

Daha sonra Gündüz Abdullayev doğulduğu kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində rayon rəsmiləri, kənd sakinləri və şəhidin yaxınları iştirak ediblər. Şəhidin tabutuna bükülmüş üçrəngli Azərbaycan Bayrağı mərhumun yaxınlarına təqdim edilib.

Qeyd edək ki, Gündüz Abdullayev 1999-cu ildə Biləsuvar rayonunun Zəhmətabad kəndində anadan olub. Mərhum müddətdən artıq xidmət edən hərbi qulluqçu olub.(Report)

Allah rəhmət eləsin!

*****

Cəlilabadda şəhid əsgər dəfn edildi

Cəlilabad rayonunda şəhid əsgər torpağa tapşırılıb.

«Report»un Muğan bürosu xəbər verir ki, rayonun Alar kənd sakini Hüseyinli Əkbər Azər oğlu ilə yaşadığı evində vida mərasimi keçirilib.

Daha sonra şəhid kənd qəbiristanlığında torpağa tapşırılıb.

Tabutuna bükülmüş üçrəngli Azərbaycan bayrağı şəhidin yaxınlarına təqdim edilib. Dəfn mərasimində rayon rəsmiləri, kənd sakinləri və şəhidin yaxınları iştirak edib.

Qeyd edək ki, şəhid əsgər bir müddət idi itkin düşmüşdü.

Məkanı cənnət olsun!

Bu xəbəri paylaşın: