Mən sevənlər öldülər, elə məni sevənlər də…

Mən bəri taydayam, sən o taydasan,
Arada sıldırım bir dərə qaldı.
Bu gecə son gecəm, əcəl göz tökür,
Həkimin dərmanı səhərə qaldı.

(Elbəyi)

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi sədrinin hüquqi və sosial məsələlər üzrə müavini, AVMVİB Polis Veteranları şöbəsinin sədri Abbas Hüseynov 59 yaşında bizlərə vida etdi. Amansız ölüm bir həftə ərzində 4-cü müharibə veteranımızı bizlərdən ayırdı.

Abbas Hüseynov bir savaşçıydı. Böyük bir davanın adamıydı. Bu davanın adı Turan idi. Adam var bir evdən gedər. Adam var bir kənddən, bir şəhərdən gedər. Adam var ki, bir eldən gedər. Abbas Hüseynov isə bir eldən gedənlərdəndir.

Hadisələrin ilk günlərindən 1990-cı ildə Bakdakı iş yerini Ağdərə Daxili İşlər şöbəsinə dəyişən bir vətənpərvər idi. Azərbaycanlılar yaşayan kəndlərin müdafiəsində, baxımsızlıqdan, kimsəsizlikdən əziyyət çəkən xalqın yanına yollanmışdı, Abbas müəllim. Hərdən deyirdi ki, mənə erməni milis rəisi bu davranışlara görə 11 töhmət vermişdi, geri dönəndə isə bizimkilər də 4 töhmət verib məni işdən çıxarmışdılar. Sonra məhkəmə yoluyla öz işinə bərpa olunmuşdu. Bu gün də Ağdərə rayonu sakinləri onun haqqında ən xoş sözləri deyir və onlarla insan xəstə olduğu günlərdə onun səhhətiylə maraqlanırdılar. Bir gün dedi ki, o camaatla görüşmək istəyirəm. Bərdəyə getdi və 20-dən çox ailəyə yardım etdi. Dedi ki, onların çoxlarının evlərində olmuşam. Bunu mənəvi borc kimi bir də edəcəyəm. Sən demə halallaşmağa gedibmiş. Öz biliyi və bacarığıyla yüksək mövqelərə layiq olan Abbas müəllim, 20 il mayor rütbəsi daşımış bir müharibə veteranıydı…

Böyük sabahlara ümidliydi. Böyük Turan yolunun yolçusuydu. Millətimizin daha gözəl və daha ləyaqətli yaşamını istəyirdi. Bir az çılğın, bir az üsyankar şəkildə. Amma ruhən çox sakit idi. Hərdən dəniz kimi coşar və elə dəniz kimi də dalğa-dalğa sakitləşərdi. Heç nə olmamış kimi yoluna davam edərdi, bu böyük yolun yolçusu. Amma bu gün, nə gözlədiyi sabahlar gəldi, nə də yaşadığı dünənlər bitdi. O, sadəcə bizləri tərk etdi. Əlvida demədən, əl yelləmədən, harasa çıxıb getdi…

Vətən müharibəsi başlayandan bəlkə də gecələri də oyaq qalırdı. Cəbhəyə bir əsgər olaraq can atırdı. Nazirliklərə, hərbi komisarlığa və hətta peşəkar istintaqçı kimi prokrorluğa da müraciət etmişdi. Qarabağda «əlvida» demədiyi silaha qovuşmaq və düşmənə qarşı haqq davamızda öndə olmaq istəyirdi. Hər yerdən «yox» cavabı alınca hirslənərdi. «Niyə bizlərin təcrübəsindən istifadə etmirlər?» sualına cavab axtarırdı. Bəlkə də getsəydi, bu Vətən qarşısında tarixin bir qəhrəmanlıq səhifəsini yazacaqdı. İnanıram ki, qorxmaz və cəsur qardaşım öz döyüşkən ruhuyla elə o dağlarda qalacaqdı. Əsgərimizin yazdığı bu Böyük Zəfərin sevincini doyunca yaşamağa, bu düşməndən də fürsətcil olan virus imkan vermədi. Nə yaxşı ki, Vətən torpaqlarının düşməndən azad edilməsini gördü. İki dəfə cəbhə bölgəsində olduq. Gənc əsgərlərimizə baxaraq dedi ki, bunların yerinə biz döyüşməliydik. Biz içimizdəki və qarşımızdakı düşmənləri daha yaxşı tanıyırıq. Bu əsgərlər çox gəncdirlər. Onlara ölümü yaraşdırmıram…

Abbas Hüseynov Vətən tarixini bilən və daim öyrənməyə çalışan bir vətənpərvər idi. Türk millətinin möhtəşəmliyini bilən və təbliğ edən fikir adamıydı. Deyərdi ki, elə bir televiziyamız yoxdu ki, çıxıb maarifçiliklə məşğul olasan. Millət öz tarixini və gizlədilmiş kimliyini bilməlidir. Adam çarəsiz qalardı. Nə edəsən? Haqlıydı. Xəyallarımız vardı. Arzularımız vardı, amma bunlara yetmək üçün bağlı qapılarımız da vardı. Aça bilmədik o qapıları. Aşa bilmədiyimiz dağlarımız vardı. Aşa bilmədik o dağları…

Tanıdığın bir yaxın adamı itirəndə dünyanın boş qaldığını düşünürsən. Abbas Hüseynovla son illər hər gün telefonla da olsa danışmışıq. İndi boşalmış bu dünyada onun haqqında yazmaq əzabı çəkirəm. Ondan bir daha zəng gəlməyəcək. Ən son danışıqda çox yorğun bir səslə danışdığımız qulaqlarımdadır. Sanki o səs deyirdi ki, yorğunam, çox yorğunam. Susub ağlamaq, ölüb dincəlmək istəyirəm. Sadəcə özümü aldadıb, Abbasın bu döyüşdən də qalib çıxacağını düşünürdüm. Sən demə, Fələk saydığını sayıbmış. Mən tanıdığım Abbas ölümlə də savaşdı. Həyatı savaşlar içində keçmiş köhnə döyüşçü qardaşım bir sərsəri düşmən mərmisinə tuş gəlmiş əsgər kimi tək vuruşdu, bu «düşmənlə». Onun bu halını görmək istəmədim.

Hər bir veteranımızı qeyb edəndə yadıma bu rəvayət düşür. İstər İslama qarşı, istərsə də İslam yolunda qatıldığı bütün savaşları qalibiyyətlə başa vurmuş İslam sərkərdəsi Xalid bin Valid xəstə yatağında belə bir dua etmişdi və demişdi ki, «Ya Rəbbim! Sənin qarşında bu halımdan utanıram. Yüzlərlə döyüş keçirdim. Minlərlə döyüşçünü qollarım üzərində şəhadətə yolçu etdim. Amma özüm bu yataqda xəstəliklə savaşıram». Döyüşçünün ən yaralı yeri yataqda ölümlə baş-başa qalması halıdır. Mən sevdiyim bir dostumun bu halını görmək istəmədim. Göz açanda məni soruşduğunu dedilər. Sən elə qəlbimizdə gördüyüm son görüntülərlə daim yaşayacaqsan, qardaş.

Bu savaş, hamı kimi döyüşçünün də tək başına girdiyi son savaşdı. Bir savaş ki, köməyə kimsə yetə bilməz. Yetə bilmədik, qardaş! Məkanın cənnət olsun. Hər kəsin gedəcəyi bir yoldasa, yolun açıq olsun. Səni, biz döyüşçülər, bu Vətən üçün döyüşüb, candan keçənlərin sırasında sanırıq. Bu yeri kimsə əlimizdən ala bilməz. Çünki bizim bildiyimiz ”Vətən” ürəkdə başlayıb ”ŞƏHADƏTLƏ” bitər!

Tanrıya əmanət ol! Başın sağ olsun, Vətən!
Allah rəhmət eləsin!

Xaqani Ədəboğlu

*************

BAŞSAĞLIĞI: Allah rəhmət eləsin!

AVMVİB Rəhbərliyi və Fedai.az kollektivi AVMVİB  sədrinin hüquqi və sosial məsələlər üzrə müavini, AVMVİB Polis Veteranları şöbəsinin sədri Abbas Hüseynovun vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə mərhumun yaxınlarına, həyat yoldaşı Sürəyya xanıma, oğlu Səbuhi Hüseynova başsağlığı verirlər.

Allah rəhmət eləsin!

Məkanı cənnət olsun!

Bu xəbəri paylaşın: