Zəngilan nə vaxtdan Qafan olub?

Ötən dəfə Zəngilan rayonuna məxsus Ağbənd kəndi Qafan rayonuna məxsus Spitakaşen kimi təqdim edən saytlarımızı tənqid edərək bu informasiyaların mənbəyinin Marqarita Simonyanın «Sputniki» olduğunu da qeyd etmişdik.

Amma deyəsən dəyirman öz işindədir, çax-çax baş aparır. Saytlarımız 1991-ci il SSRİ sərhədlərinin bərpasını hələ də Qafan torpağı, Zəngəzurun azad edilməsi və s. kimi boşboğazlıqlarından qalmırlar. Tarixən Zəngəzur Qarabağ torpağıdır və onu udmaq üçün ruslar Qarabağı bu cür parçalayaraq Zəngəzur, Dağ Qarabağ və Aran Qarabağ kimi bölgünü ortaya atıb. Zəngəzurun işğalından sonra hədəf iki bölgü üzrə olan torpaqlarımızdı. 1923-cü ildə itirdiyimiz Qarabağı Zəngəzur hissəsinin hüquqi sənədi dağlmış SSRİ imperiyasının bir qərarıdır. Bunun uğrunda mübarizə apara bilərik. Amma bu gün tam əksini görməkdəyik. Az qala Zəngilan və Qubadlının sərhəd ərazilərini Ermənistan torpaqları kimi təqdim edir və hay-küy qoparırıq.

İnformasiyaya diqqət edin: «Ermənistan mediasında Azərbaycan sərhədçilərinin Qafan aeroportu yaxınlığında videosu yayılıb. Video dron ilə çəkilib. Yayılan görüntülərdə hərbçilərimizin meşədə kabab bişirdiyi görünür.»

Amma demirik ki, 27 illik işğaldan istifadə edən ermənilər fürsətdən yararlanaraq öz qondarma sərhədlərini ölkəmizin içərilərinə doğru çəkiblər. Qəhrəman ordumuz hər qarış uğrunda savaş verir. Ucuz sensasiya gəzən «itdən düşmüş» jurnalistikamız isə Simonyana xidmətini davam etdirir. Bilin ki, sizlərin bu ucuz sensasiyanıza ordumuzun və Azərbaycan əsgərinin qətiyyən ehtiyacı yoxdur. Sadəcə faktları təhrif etməyin. Bu yetər.

Ərazidəki teleqüllə Azərbaycanın ərazisində tikilibmiş. GPS vasitəsi ilə Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsi zamanı bu teleqüllənin Azərbaycanın ərazisinə düşdüyü məlum olub. Ermənilər teleqüllənin üstündəki antenanı çıxarıb aparıblar. Sonradan məlum olub ki, antena Vicacell, Ucom mobil operatorlarının imiş. Mobil əlaqə kəsilməsiylə, aləm bir-birinə dəyib.

Doğrudan görəsən bizim bu saytlar kimə işləyirlər? Sabah ermənilər bu yazıları əldə bayraq edib deməyəcəklər ki, baxın özləri də yazıb, Azərbaycan «Qafan torpaqlarını qəsb edib». Vallahi içimizdə hələ də ermənidən çox ermənilik edənlər, erməniyə dayı deyənlər öz işlərindədir…

Elnur Səlim

Bu xəbəri paylaşın: