Bu günlərdə əlimizə düşən QHT-lərin cəbhəyə yardımla və əlaqə ilə bağlı dərc edilmiş bir siyahıya yetərincə güldük. Siyahıda 44 günlük Vətən müharibəsində «45 gün» əsgərlərimizlə, həm döyüşdə, həm səngərdə, həm də arxada qoyub gəldikləri ilə birgə olan 68 minlik veteran üzvü olan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin adının olmamasını bu adamların saxta vətənpərvərliyi, daha sonra qısqanclığı və ən nəhayət yeni qrant sevdalarından qeyri bir şey olmadığını gördük.
AVMVİB təşkilat olaraq şöbələrlə birgə böyük bir nazirliyin görə bilməyəcəyi bir işə savaşdan öncə başlamışdı. Təkcə AVMVİB Zəngilan rayon şöbəsinin sədri Azad Musayevin təşkilatçılığı ilə cəbhəyə daşınan təkər və şpalları o siyahıda adı olan bir tək bir cütlük üzvü olan birliklərin bəziləri 1 aya sayıb qurtara bilməzlər. 44 gün cəbhədə olan Xocavənd, Füzuli, Göygöl və Goranboy rayonlarının təkcə birinin etdiyini bu natamam siyahı ellikcə etməyib. Biz susduqca yenə özünü reklam kompaniyası tüğyan etməkdədir və veteranlar haqlı olaraq öz narazılıqlarını bildirirlər. Nə isə Yevlaxadək yolunuz var…

Amma bu gün təkcə AVMVİB Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədovun və rayon şöbəsinin gördüyü işlərin bir qismini video şəklində diqqətinizə çatdırırıq. Tam halında qalan işlərin də videosu hazırlanır. Biz bu işləri uğrunda canımızı əsirgəmədiyimiz Vətənimiz üçün etmişik. Reklam üçün deyil. Yaxud da siyahıya «nəmər» yazdırmaq üçün də deyil…

Əgər bu siyahıdakılar, AVMVİB sədrinin müavini İslam Səfərov və AVMVİB Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynovun 44 gün ərzində gecəni-gündüzə qataraq nələr etdiklərini bilsəydilər, mütləq öz adlarının üzərindən xətt çəkərdilər…
Biz savaşda savaşçı, səngərdə əsgər və arxada şəhidlərimizə qardaş olmağa çalışdıq. Bacardıq deyə bilərik.
Bu gün sizlər ortada olmasanız da biz hələ də əsgərlərimizləyik, qazilərimizləyik və şəhid ailələrinin yanındayıq. Bizim bildiyimiz ”Vətən” ürəkdə başlayıb ”ŞƏHADƏTLƏ” bitər!
AVMVİB Mətbuat Xidməti
